Bakıda adam öldürüb maşınla qaçanları yol polisləri tutdu - FOTO
Təxminən bir saat bundan əvvəl Bakının Xətai rayonu ərazisində qanlı olay baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, metronun «Əhmədli» stansiyası yaxınlığında Elməddin və Niyaməddin adlı qardaşlar bir nəfərlə davam ediblər. Bu zaman onları ayırmaq üçün araya girən orta yaşlı kişi qardaşların hücumuna məruz qalıb. Onlar həmin kişini bıçaqla vurublar. Adını dəqiqləşdirə bilmədiyimiz həmin şəxsin hadisə yerində öldüyü bildirilir. Elməddin və Niyaməddin qardaşları isə daha bir nəfərə də bıçaqla xəsarət yetirərək iki ayrı-ayrı avtomobilə minərək hadisə yerindən qaçıblar. Bu zaman ətrafda dayanan bir nəfər yaxınlıqda xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 11-ci tağımının əməkdaşlarına yaxınlaşaraq bu avtomaşınların saxlanılmasını və maşında cinayət törədənlərin olması barədə məlumat verib. Bundan sonra yol polisləri hərəkətə keçərək həmin avtomobillərdən birini saxlayıblar. Hazırda «KİA Optima» markalı, 90 NZ 849 dövlət nömrə nişanlı həmin avtomobil və onun sürücüsü Ağayev Niyaməddin Xanhüseyn oğlu Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindədir. İlkin araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxs Niyaməddinin qardaşı Elməddin olub və o, «BMW-X-5» markalı avtomobillə hadisə yerindən qaçıb.
Yol polisləri isə 11-ci tağımın komandiri, polis kapitanı Mərdan Əliyevin rəhbərliyi ilə qrup halında süni tıxac yaradaraq cinayətdə iştirak etmiş Niyaməddin Ağayevi «Nargilə» kafesinin yaxınlığında saxlayaraq bölməyə təhvil veriblər. Hazırda polis əməkdaşları cinayəti törətmiş Elməddin Ağayevin saxlanılması üçün əməliyyata başlayıblar. O özü bölmədə olan qardaşına zəng edərək təslim olacağını bildirib.
***
Bakıda törədilmiş qətlin təfərrüatı məlum olub. APA-nın məlumatına görə, qətlə yetirilən Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti 110 ünvanında yerləşən "Lion" kafesində kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib. Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə zamanı Ələddin Qarayevin oğlunun Bəxtiyar adlı dostu da onun yanında olub. O, ata və oğulun bıçaqlandığını gördükdə özünə məxsus motosikletlə qaçmağa çalışıb. Lakin Elməddin və Niyaməddin Ağayev qardaşları onun təqib ediblər və yolda saxlayaraq, döyüblər. Daha sonra Niyaməddin Ağayev “KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb. O, cinayət aləti sayılan bıçağı da özü ilə aparıb. Lakin dərhal verilən axtarışla avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Elməddin Ağayev isə "Lion" kafesinin sahibinin "BMW X5" markalı avtomobili ilə qaçıb. Həmin avtomobil sonuncu dəfə Naximov küçəsində "Təhlükəsiz Şəhər" kameralarına düşüb, daha sonra isə gözdən yayınıb. Elməddin Ağayevin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən Ələddin Ağayev yaralanan Əmrah Qarayevin toyuna hazırlaşırmış. Toy sentyabrın 30-na təyin olunmuşdu.
Elmin