Bakıda qeyri-adi reyd – Ən bahalı maşınlar cərimə meydançasına salındı - FOTO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının ötən şənbə günü paytaxt ərazisində keçirdiyi reyd zamanı maraqlı məqamlar yaşanıb. Hər zaman diqqətçəkən nömrəsi olan bahalı avtomobillərin yol polisi tərəfindən saxlanılmadığını deyənlər bu dəfə bunun tam əksini gördülər. Avtosfer.az-ın məlumatına görə, reyd zamanı avtomobilin səsgücləndirici qurğusuna müdaxilə edən, ödənilməmiş cəriməsi olan, plyonkadan istifadə edən sürücülər saxlanılaraq məsuliyyətə cəlb olunub. Reyd başlayan kimi 007 nömrəli «İnfiniti» saxlanıldı. Buna səbəb isə avtomobilin səsgücləndiricisinə müdaxilə edilməsidir. Sürücü avtomobilin xorultulu səs çığarmadığını, sadəcə görüntü üçün bu cür səsboğucular quraşdırdığını desə də, avtomobil cərimə meydançasına salındı. Daha sonra xorultulu səs çıxaraq 99 – 999 nömrəli «Maserati» saxlanıldı. Bu avtomobilin həm də ödənilməmiş bir neçə cəriməsi olduğu üçün cərimə meydançasına göndərildi.
TT 200 nömrəli «Maserati» isə ödənilməmiş cərimə borclarına görə saxlanılaraq cərimə meydançasına aparıldı. Reyd zamanı 99 – 999 nömrəli «Range Rover» də saxlanıldı və barəsində tədbir görüldü.
Ümumiyyətlə, reyd zamanı saxlanılan bahalı avtomobillərin əksəriyyətində ödənilməmiş cərimələr meydana çıxdı.
Reyd zamanı yol polisinin «saxla» işarəsinə tabe olmayıb qaçanlar da oldu. «Aysu» restoranın qarşısında yol polisləri ilə mübahisə edənləri isə Post-Patrul Xidmətinin əməkdaşları sakitləşdirdi.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, reyd zamanı 2 nəfər yol polisindən qaça bilsə də, onların barəsində raport verilib və saxlanılmaları təmin olunacaq: «Çox təəssüflər olsun ki, sərxoş sürücülərin saxlanılması zamanı ətrafdakı insanlar onlara şərait yaratdılar və hər iki sürücü başqalarının köməyi ilə qaça bildi. Onlardan biri maşınla birlikdə qaçıb, digəri isə maşını yolun ortasında qoyaraq uzaqlaşıb».
Bununla yanaşı, V.Əsədovun verdiyi məlumata görə, reyd zamanı 135 sürücü barəsində inzibati protokol tərtib olunub. 35 avtomobil cərimə meydançasına salınıb. Saxlanılan avtomobillərin 82-si ödənilməmiş cərimələrlə bağlı olub.
Vaqif Əsədov budəfəki reyddə xüsusi olaraq bahalı maşınların saxlanılması sualına da cavab verib. O bildirib ki, yol polisləri qayda pozan insanlara qarşı avtomobilin nömrəsinə və görünüşünə görə yanaşmır: «Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Son vaxtlar apardığımız təbliğatın da başlıca məqsədi budur ki, hər kəs qayda-qanunlara əməl etməlidir. Qayda pozan hər kəs də məsuliyyət daşıyır. Bunun başqa tərəfi ola bilməz. Bu reydin keçirilməsinin başlıca məqsədi o idi ki, insanlar bizə müraciət edib xopultulu səs çıxan maşınların onları narahat etdiyini bildirirlər. Biz də reyd zamanı gördük ki, həqiqətən də bu cür nöqsanlara yol verən sürücülər hələ də var. Onların bir qismi məsuliyyətə cəlb olundu. Digərləri ilə bağlı da tədbirlərimiz davam etdiriləcək».
Elməddin Muradlı