Bakıda sürət saatda 340 kilometrə çatacaq

Avtoxəbər 22 Noyabr 2015 00:48 Oxunub 2063
Bakıda sürət saatda 340 kilometrə çatacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nigar Arpadarai: "Əsas tikinti işlərinə gələn il başlayacağıq"

“Azərbaycan son illərdə böyük miqyaslı tədbirlərə ev sahibliyi edib. Avropa Oyunlarını çox uğurlu keçirib, öz imzamızı atdıq. Ondan sonra yeni bir mərhələyə qədəm qoyduq. Bu da "Formula-1 "yarışını keçirməkdir”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. 2015-ci ilə Avropa Oyunlarının möhtəşəm təşkilatçılığı ilə damğasını vuran Azərbaycan 2016-cı ildə daha bir nəhəng yarışa ev sahibliyi edəcək. Dünyanın ən yaxşı pilotlarının qatılacağı "Formula-1" yarışının mərhələlərindən biri Bakıda keçiriləcək. N. Arpadarai bildirib ki, tamaşaçı marağına görə futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra üçüncü pillədə qərarlaşan "Formula-1" yarışlarının paytaxtımızda startını böyük qürur hissi ilə gözləyirlər: “Ümid edirik ki, Azərbaycanda da bu yarış çox möhtəşəm keçiriləcək. Bu işə tam məsuliyyətlə yanaşırıq və tərəfimizdən lazımı tədbirlər görülür. Bizim trasın layihəsi Hermen Tilke bürosu tərəfindən hazırlanıb və artıq Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunub. Əsas tikinti işlərinə gələn il başlayacağıq. Əlbəttə, işlər çoxdur. Marşalların, könüllülərin cəlb olunması da vacib amillərdəndir”.

Şöbə rəhbərinin sözlərinə görə, Bakıda baş tutacaq yarış iyul üçün nəzərdə tutulsa da, sonradan iyun ayına keçirilməsinə qərar verilib: “Yeni mövsümün əsas təqvimi dekabrda təsdiqlənəcəyindən tarixin dəyişdirilə biləcəyindən məlumatlı və buna hazır idik. Lakin işimiz bir qədər sıxlaşdı. Tikinti işləri, əməliyyatlarla bağlı bir sıra məsələlər var ki, daha sürətlə getməlidir”.

Bəhreyn Motoidman Federasiyası ilə saziş imzalayan BŞHƏK digər promouterlərlə də işbirliyi qurmağı planlaşdırır. N. Arpadarai bildirib ki, yarış Bakıda ilk dəfə keçiriləcəyindən digər ölkələrin təcrübəsi Azərbaycan üçün çox önəmlidir: “Biz gələn həftə Abu-Dabidə olacaq yarışı da canlı izləyib, lazımı təcrübəni öyrənəcəyik. Bəhreyn Motoidman Federasiyası bizə məhz marşalların təlimində, onların komandamıza cəlb olunması işində kömək edəcəklər”.

Bakıda keçiriləcək "Formula-1" yarışları şəhər trasında keçiriləcəyindən BŞHƏK eynitipli traslara üstünlük verən Sinqapur və Monakonun Əməliyyat Komitəsi ilə daha sıx əməkdaşlıq edəcək. N. Arpadarai bildirib ki, Sinqapurun təcrübəsini daha yaxşı öyrəniblər: “Hətta bu şəhərdə olacaq yarışdan 1 ay öncə oraya yollanmışdıq. Tikinti, təbliğat və digər işlərin necə getdiyini yerindəcə öyrəndik, təlimlərə qatıldıq. Biz məhz Sinqapur modelini Bakıda tətbiq etməyə çalışacağıq”.

Şöbə rəhbəri Bakı trasının əlavə üstünlüklərindən də danışıb. Belə ki, bolidlər Hökumət evinin qarşısından start götürərək saat əqrəbinin əksi istiqamətində irəliləyəcək və İçərişəhərin ətrafı boyunca dövr edəcəklər. Bakı bulvarı ilə hərəkət edərək yenidən finiş xəttinə - Hökumət evinə yaxınlaşacaqlar. Bu da yarışları izləyən fanatların paytaxtımızın 3 simasını görə bilməsi deməkdir.

N. Arpadarai Rusiyadan sonra postsovet ölkələri arasında ikinci olaraq Azərbaycanın ev sahibliyi edəcəyi mərhələnin özəlliyinə görə digərlərindən fərqlənəcəyinə inam ifadə edib: “Sürətinə görə şəhər trasları arasında birinci, ümumi traslar arasında isə İtaliyanın Monsa trasından sonra ikinci olacağıq. Biz bolidlərin Bakıda saatda 340 km-ə qədər sürət artıra biləcəyini gözləyirik. İçərişəhər ətrafında olan hissə hərəkət üçün kifayət qədər çətindir. Enişlər və yoxuşlar var. Fikrimcə, bu konfiqurasiya çox gözəl qurulub”.

O, Əməliyyat Komitəsinə cəlb olunacaq marşal və könüllülərin də sayını açıqlayıb. Şöbə rəhbəri qeyd edib ki, bu say ümumilikdə 5 min olacaq ki, onlardan da 4 minini könüllülər təşkil edəcək. BŞHƏK rəsmisi yarışın yayım məsələlərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla 21 ölkədə keçiriləcək mərhələlərin yayım danışıqlarını yerli federasiyalar deyil, "Formula-1" rəhbərliyi özü aparır: “Azərbaycan kanallarının da yayım hüququnu alması mümkündür. Ancaq bu mərhələdə biz iştirak etmədiyimizdən dəqiq nə isə söyləyə bilməyəcəm”.

"Formula-1" kəndi haqda da məlumat verən N. Arpadarai bildirib ki, əsas məqsədlərdən biri də yarışın çox əyləncəli proqramlarla zəngin olmasıdır: “Çünki bileti alacaq insanlar tək "Formula-1" yarışını izləməyəcəklər. Onlar 3 gün ərzində - səhərdən axşamadək bu kənddə olacaq əyləncələrdən də yararlana biləcəklər. Burada konsertlər də nəzərdə tutulub. Çalışacağıq ki, insanlarımız üçün, Azərbaycana gələcək qonaqlar üçün bu proses festival xarakterli olsun”.

Şöbə rəhbəri iyunun 19-21-də baş tutacaq yarış zamanı nəqliyyatın axınının tənzimlənməsi üçün atacaqları addımları da açıqlayıb. Onun sözlərinə görə, 187 ölkədə 500 milyondan çox azarkeşin izlədiyi "Formula-1"in Bakı mərhələsi çərçivəsində şəhər sakinlərinin narahatlıqlarını minimuma endirməyi planlaşdırırlar: “Təbii ki, yolların bağlanması baxımından insanlar üçün müvəqqəti narahatlıqlar olacaq. Bəli, həmin həftə ərzində çox güman ki, mərkəzi küçələrdə yollar məhdudlaşdırılacaq. Biz indidən başlayaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlarla işləyirik, planlarımızı qururuq. Bəzi marşrutların istiqamətləri də dəyişdiriləcək. Biz bununla bağlı NİİM-lə birgə hamını vaxtından əvvəl xəbərdar edəcəyik ki. Amma bütün bu çətinlikləri minimuma endirməyə çalışacağıq. Əsas işlər - tribunaların quraşdırılması, təhlükəsizlik maneələrinin qoyulması gələn il aparılacaq".

"Formula-1" yarışı ilə əlaqədar Bakının hansı küçələrində asfalt örtüyünün yenidən dəyişdiriləcəyi və qənbər daşlar olan hissəsinin necə qorunacağı da dəqiqləşib. N. Arpadarai bildirib ki, xarici mütəxəssislərin də köməkliyi ilə aparılacaq bu işlər çox keyfiyyətlə görüləcək: “6 kilometr olan Bakı Şəhər Həlqəsi boyunca bütün ərazidə yeni asfalt qatı salınacaq. Bu, "Formula-1" standartların uyğun olan asfalt qatıdır və son dərəcə keyfiyyətlidir. Artıq orada aidiyyəti olan qurumlar müəyyən işlərə start veriblər. Məsələn, kanalizasiya işləri, hansısa boruların dəyişdirilməsi ilə bağlı işlər gedir. Çünki bu asfalt qatı qoyulduqdan sonra orada hansısa problemin çıxmamalıdır. Qənbər daşlarına gəlincə, bizim üçün çox önəmlidir ki, onlar olduğu kimi qalsınlar. Bu səbəbdən də onların üzərinə xüsusi bir örtük qatı qoyulacaq və həmin qatın üzərindən asfalt qatı salınacaq. Yarış bitdikdən sonra isə bütün bunlar yığışdırılacaq, həmin hissə tam zədələnməmiş qalacaq”.

Beynəlxalq Avtomobil Federasiyası ilə 10 illik müqavilə imzalayan Azərbaycan Avtomobil Federasiyası növbəti illərdə yarışın Bakıdan kənarda, stasionar trasda təşkil etmək fikrində deyil. N. Arpadarai bildirib ki, hazırda belə bir plan yoxdur və yarışın mərkəzdə gerçəkləməsi şəhərimizi regional bir mərkəz kimi göstərməyə hesablanıb.

BŞHƏK ölkəmizə gələcək turistlərin və yarışı izləyəcək insanlarının sayının təxminən 30-40 min olacağını gözləyir. N. Arpadarai bildirib ki, azarkeşlər üçün 19 min 500 oturacaq quraşdırılacaq, 20 min tamaşaçı isə yarışı ayaq üstə üzləyə biləcək. “Düşündük ki, təhlükəsizlik baxımından da bu say Bakının qəbul edəcəyi bir saydır”. 

"Formula-1"in yeni mövsümünün təqvimi elan olunduqdan sonra Bakı mərhələsinin biletləri satışa çıxarılacaq. N. Arpadarai bunun təxminən dekabrın ilk 2 həftəsinə təsadüf edəcəyini deyib.

Dünyanın bütün məşhur pilotlarının yarışda iştirak üçün Bakıya gələcəyini deyən şöbə rəhbəri hansısa məşhur simanın kənarda qalacağına inanmadığını söyləyib. Nigar Arpadarai qeyd edib ki, ilk “üçlük”də qərarlaşacaq pilotlara veriləcək kuboklar hazırda dizayn mərhələsindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh