Cərimə barədə vaxtında SMS almaq istəyən sürücülərə vacib xəbər - DYP
Bir neçə gün əvvəl məlumat vermişdik ki, artıq «ASAN xidmət»in SMS məlumatlandırma sistemi işə düşüb və sürücülərə törətdikləri xətalar barədə cərimə bildirişləri göndərilir. Amma bu xəbərdən sonra apardığımız araşdırma nəticəsində məlum oldu ki, cərimələr barədə bildirişlər heç də hər sürücüyə gəlmir. Yəni, «ASAN xidmət» bütün sürücülərə qayda pozandan sonra SMS göndərmir. Bununla bağlı Avtosfer.az-ın sualını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirdi ki, əgər sürücülər cərimələrlə bağlı daim vaxtında məlumat almaq istəyirlərsə, o zaman öz mobil telefon nömrələrini, elektron poçt ünvanlarına Dövlət Yol Polisinə bildirməlidirlər. Bunun çox sadə yolu var: «Sürücülərin cərimələrlə bağlı SMS-lə məlumatlandırma sistemi artıq işə düşüb. Amma kütləvi deyil. Çünki sürücülərin əksəriyyəti avtomobili addan-adda keçirəndə və ya yeni avtomobil alıb qeydiyyata saldıranda öz mobil telefon nömrəsini verməyib. Qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra isə yeni maşın alanlar avtomobili qeydiyyata saldıranda elektron poçt ünvanını, mobil telefon nömrəsini dövlət yol polisinə təqdim etməlidir. Ümumilikdə isə sürücünün adı, soyadı, atasının adı və yaşadığı ünvanı əsas götürüb mobil operatorlardan onun mobil telefon nömrəsini ala bilərik. Lakin ola bilər ki, nömrə başqasının adınadır, o nömrəni işlədən isə tamam başqa adamdır. Belə halda məlumatı göndərəcəyik, amma lazım olan adama çatmayacaq, onun bundan xəbəri olmayacaq. Elə olur ki, valideynlər öz adlarına mobil nömrə alıb uşaqlarına verirlər. Biz də həmin şəxsə SMS göndərəndə uşaq açıb baxacaq, ya siləcək, ya da valideynə deyib-deməyəcəyi məlum deyil. Ona görə də, hər bir sürücü təsdiq etməlidir ki, bəli, bu mobil nömrə mənimdir. Bunun üçün ən asan yol odur ki, sürücülər Dövlət Yol Polisinin dyp.gov.az saytına daxil olub orada müvafiq bölmədə - online müraciət bölməsində öz şəxsiyyət vəsiqələrinin nömrəsini yazsınlar. Bu zaman görəcəklər ki, onlara aid olan bütün məlumatlar – ad, soyad, ata adı, yaşayış yeri və sair – çıxdı. Bundan sonra vətəndaş biləcək ki, bəli, hər şey doğrudur və o da yazıb bildirəcək ki, telefon nömrəm budur. Bunu bizə göndərəndən sonra artıq bizim əlimizdə sənəd olur ki, vətəndaş filan sənədləri göndərib, filan nömrəni qeyd edib və biz də buna əsaslanıb cərimə barədə ona SMS göndərmişik. Qoy, sonra sürücü deməsin ki, mənə məlumat gəlməyib, nömrəm işləmir, başqa nömrədəyəm və s. Düzgün nömrə verilibsə, «ASAN xidmət»dən məlumat gələcək. Kim maraqlıdırsa ki, cərimələr barədə vaxtında məlumat alıb vaxtında ödəniş etsin, onlar mobil nömrələrini bildirəcəklər. Marağı olan varsa bizim sayta daxil olub məsələni qısa müddətdə həll edə bilər. Sadəcə mobil nömrəni yazıb bizə göndərmək lazımdır».
Elməddin