Cərimələrin ödənməsində 50 faizlik güzəşt

Rusiya Federasiyasında sürücülərin qayda pozuntularına görə cərimələri vaxtında ödəmələri üçün maraqlı yenilik tətbiq edilib. Bu il yanvarın 1-dən qüvvəyə minən qanun əslində bir gülləyə iki dovşan vurmağa hesablanıb. Avtosfer.az-ın verdiyi məlumata görə, sürücünü cəriməni vaxtında ödəməyə sövq etmək üçün ona yarıbayarı, yəni 50 faiz güzəşt olunur. Amma sürücü bu güzəştdən cərimənin tətbiqi barədə qərar çıxarıldıqdan sonra ilk 20 gün müddətində istifadə edə bilər. Sürücü 50 faizlik güzəşti qərarı rəsmən aldığı və ya həmin qərarın qüvvəyə mindiyi gündən yox, məhz onun çıxarıldığı gündən sonra 20 gün ərzində əldə edir. Bu isə o deməkdir ki, sürücü həmin qərardan şikayət etsə, 50 faizlik güzəşt imkanını itirəcək, çünki qərarın rəsmən əldə edilməsi, daha sonra ondan şikayət verilməsi, bu şikayətin həll edilməsi və qərar çıxarılması 20 gündən çox vaxt aparır. Başqa sözlə, şikayət edəcəyi təqdirdə 50 faizlik güzəşt imkanını da itirəcəyini düşünən sürücü hətta daxilən razılaşmadığı qərarı da məmnuniyyətlə icra edəcək. Hər halda sonu bəlli olmayan uzun çəkişmədəndirsə, bəri başdan tətbiq olunan cərimənin 50 faizini ödəyərək canını qurtarmaq daha rahatdır.
Rusiya qanunvericiləri belə cəlbedici güzəşti müəyyən edərkən ədalətlilik prinsipini də qorumağa çalışıblar. Ona görə də sürücülərin törətdiyi bəzi kobud və təhlükəli qayda pozuntularına görə məsuliyyətə cəlb edilmə hallarına 50 faizlik güzəşt tətbiq edilə bilməz. Məsələn, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə, sərxoşluğun müayinəsindən boyun qaçırmaya, insanların sağlamlığına yüngül və ya az ağır (RF-də qəza nəticəsində sağlamlığa az ağır zərər dəyməsi cinayət sayılmır) zərər yetirilməsinə səbəb olan qəza törətməyə görə, habelə yolda müəyyən olunmuş sürət rejimini 40 km/saat-dan çox aşmaya, svetoforun qırmızı işığından keçməyə, əks istiqamətli hərəkət zolağı ilə və ya birtərəfli hərəkət olan yolla axına qarşı hərəkət etməyə görə və dövlət qeydiyyatına alınmayan avtomobili idarə etməyə görə il ərzində təkrarən məsuliyyətə cəlb edilən sürücülər bu güzəştdən istifadə edə bilməyəcəklər. Göstərilən hallarda cərimə tam həcmdə ödənilməlidir.
Müqayisə üçün bildirirəm ki, bizim ölkəmizdə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ödənilməsində 10 faizlik güzəşt nəzərdə tutulur. Lakin şimal qonşumuzdan fərqli olaraq bizdə hərəkət iştirakçısı bu güzəştdən cərimənin tətbiqi barədə qərar qanuni qüvvəyə mindikdən sonra ilk 5 iş günü ərzində istifadə edə bilər. Özü də bu güzəşt bütün inzibati xətalara aiddir. Lakin güzəştin qərarın qüvvəyə minməsi ilə bağlı olması sürücülərin müvafiq qərardan şikayət verməsinə təsir etmir. Güzəştin elə də böyük olmaması səbəbindən ölkəmizdə həmin sistem ciddi maraq doğurmur.
Ərşad Hüseynov,
hüquqşünas
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər
Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir








