Cəriməsi olanlar oxusun; Yol polisi maşınları cərimə meydançasına yığır
Son günlər ödənilməmiş cəriməsi olan sürücülərlə bağlı yol polisi tərəfindən sərt addımlar atılır. Bu məsələ bir neçə gün əvvəl Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən gündəmə gətirilib. Nazir ödənilməmiş cərimələrin yığılması ilə bağlı müvafiq göstərişlər verib.
Bəzi kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərdə bildirilir ki, məmurlar, vəzifəli şəxslər və digər təbəqələrdən olan sürücülər tərəfindən törədilən inzibati xətalara görə yazılan cərimələrin ödənilməyən hissəsi 17 milyon manata yaxındır. Avtosfer.az-ın əməkdaşlarının son günlər paytaxtda apardığı müşahidələrdən məlum olub ki, Dövlət Yol Polisi əməkdaşları ödənilməmiş cəriməsi olan sürücülərə qarşı kütləvi tədbirlərə əl atıblar. Hər gün rayon DYP şöbələrinin həyətində yüzlərlə belə sürücüyə rast gəlmək mümkündür. Bundan əlavə, cərimə meydançaları da ödənilməyən cəriməsi olan sürücülərin maşınları ilə gün ərzində bir neçə dəfə dolub boşalır. DYP əməkdaşları yollarda avtomobillərin nömrəsini bort-komputerdə yoxlayaraq cərimələr barədə məlumatla tanış olduqdan sonra maşınları saxlayırlar. Uzun müddət ödənilməmiş cəriməsi olan nəqliyyat vasitələri cərimə meydançalarına aparılır. Qısa müddətdə cərimənin ödənilməsini təmin edən sürücülər qəbzi təqdim etdikdən sonra maşını cərimə meydançasından çıxara bilirlər.
Avtosfer.az sürücülərə müraciət edərək bildirir ki, mümkün olduqca banklara və DYP şöbələrinə yaxınlaşıb sürücülük vəsiqəsi və ya avtomobilin dövlət qeydiyyat nişanını bildirməklə cərimələr barədə məlumat əldə etsinlər. Ola bilər ki, bəzi cərimələr DYP-nin mərkəzi məlumat sistemində görünmür. Çünki hazırda DYP-nin sistemində müəyyən işlər görülür və belə problemlər yarana bilər. Odur ki, ən yaxşısı hər bir sürücü qeydiyyatda olduğu rayon üzrə DYP şöbəsinə yaxınlaşıb cərimələr barədə məlumat ala bilər. Yəni, işin ən etibarlı tərəfi budur.
Onu da qeyd etmək istəyirik ki, DYP şöbələrində hansısa əməkdaş sizdən cəriməni nağd şəkildə istəyərsə, «pulu verin, özümüz ödəyərik» kimi təkliflər edərsə, bundan qəti şəkildə imtina etmək lazımdır. Çünki qanunvericiliyə görə, cərimələr yalnız bank, poçt, internet və plastik kart vasitəsilə, habelə, DYP əməkdaşlarındakı pos-terminalda ödənilə bilər. Nağd şəkildə verdiyiniz pulu alan şəxs onu ödəməyə də bilər ki, sonradan cərimə sizin üzərinizdə qalacaq və kiməsə pul verdiyinizi sübut edə bilməyəcəksiniz. Odur ki, özünüz tək və ya ailənizlə harasa istirahətə gedərkən, vacib iş üçün yola çıxarkən DYP əməkdaşına yaxalanıb avtomobilinizin cərimə meydançasına salınmasını istəmirsinizsə, cərimələrlə bağlı məlumat almaq üçün DYP şöbələrinə müraciət edin.
Ödənilməmiş cərimə problemi YPX inspekorunun sizə birbaşa yazdığı protokoldan, radar və kamera ilə qeydə alınmış hansısa qayda pozuntusundan yarana bilər. Bəziləri, bilərəkdən ödəmir, bəziləri unudur. O da mümkündür ki, qeydiyyatda olduğunuz ünvanda yaşamırsınız, və ya, yaşayırsınızsa belə, müxtəlif səbəblər ucbatından DYP sizə məktubu çatdıra bilmir.
Bütün bunları dəqiqləşdirmək və aydınlaşdırmaq üçün hərdən imkan daxilində DYP şöbələrinə, lap elə, yollarda xidmət aparan yol polislərinə yaxınlaşmaqla onların köməyi ilə cərimənin olub-olmadığını sistemdə yoxlatdıra bilərsiniz.
Elməddin Muradlı