Çirkli və saxta nömrə nişanı: Avropada qanun nə deyir? - FOTO

Avtoxəbər 6 Fevral 2023 13:38 Oxunub 1132
Çirkli və saxta nömrə nişanı:  Avropada qanun nə deyir?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yağışlı havalarda sürücülərimizin daha bir problemi ortaya çıxır: təmiz saxlanmayan nömrə nişanına görə sürücüyə cərimə yazılması narazılıq yaradır. Bəs Avropada vəziyyət necədir?
Avtosfer.az-ın xəbərinə görə, oxunmayan, zədəli və ya təhrif olunmuş nömrə istənilən Avropa ölkəsində inzibati xəta, bəzi hallarda isə cinayət predmetidir. 
Avtomobilləri ilə seçilən Almaniyada çirkli nömrəyə gərə 80 avro cərimə nəzərdə tutulur. Cərimə 3 gün ərzində ödənildikdə müəyyən endirim olduğu halda, gecikməyə görə də sanballı cəza tətbiq edilir. Nömrənin qəsdən korlanması hallarında isə qərarı  məhkəmə verir.
Avropa İttifaqına daxil olmayan İsveçrədə qanun daha sərtdir. Konfederasiyanın qanununa görə, nömrə nişanı həm təmiz saxlanmalı,  həm də standarta uyğun olmalıdır. Qaydaya əməl etməmək 160 frank cərimə ilə cəzalandırılır. Oxunmayan nömrə nişanına görə dəfələrlə  cəzalanan sürücünün vəsiqəsi ləğv edilə bilər. 
Əgər avtomobil başqa ölkəyə məxsusdursa, o zaman avtomobilin nömrə nişanı qeydiyyatda olduğu ölkənin qanunvericiliyinə uyğun olmalıdır.  Bir neçə il əvvəl məhz buna görə bir belçikalı sürücüyə 160 frank cərimə yazmışdılar.
Belçikadan söz düşmüşkən, Krallıqda çirkli nömrəyə görə 125 avro cərimə nəzərdə tutulur. Nömrəni qəsdən korlamaq, saxtalaşdırmaq və digər hallarda sürücülük vəsiqəsi ləğv edilir. Avtomobilin müsadirə edilməsi də mümkündür.  Dəfələrlə çirkli nömrə ilə maşın sürmək isə residivizm sayılır və cərimə  2 000 avroyadək qalxır.

Fransada çirkli nömrəyə görə cəza 135 avro, saxta nömrəyə görə isə 3 750 avro və 5 il həbsdir. Üstəgəl, bu ölkədə başqa avtomobilə məxsus nömrədən istfadəyə görə 7 il həbs və 30 000 avro cərimə nəzərdə tutulur. Paralel olaraq sürücülük vəsiqəsi ləğv edilir, avtomobil müsadirə olunur. 
Lüksemburqda isə sürücü paralel olaraq arxa işıqların da təmizliyini diqqətdə saxlamalıdır. Çirkli nömrənin cəzası 49 avrodursa, görünməyən qabarit və ya tormoz işığının cəriməsi 74 avrodur.  
Azərbaycand vaxtaşırı rastlaşdığımız hallardan biri də nömrə nişanının bamperdən kənara (çox vaxt alın şüşəsinin altına) quraşdırılmasıdır. Avropa ölkələrində bu hərəkət də nömrənin çirkli saxlanması ilə eyni səviyyədə xəta hesab edilir. 
O ki qaldı bamperi olmayan avtomobilin aylarla idarə edilməsinə, buna Avropa qanunvericiliyi ümumiyyətlə icazə vermir. Qəzaya düşən avtomobil müəyyən vaxtadək serivis mərkəzinə çatdırılmalıdır. Yəni, sadə dildə desək, “pulum olanda düzəltdirəcəm” fəlsəfəsini Avropa polisi birmənalı olaraq qəbul etmir.

PS. Avropada maşın necə yuyulur sualına da cavab vermək doğru olardı. Köhnə qitədə maşın yuyulması işini bir qayda olaraq bələdiyyələr təşkil edir. Bələdiyyə öz ərazilərində avtomobil yumaq və təkərə hava vurmaq üçün məntəqələr təşkil edir. Özünəxidmət prinsipi ilə işləyən bu obyektlərdə xidmət ya pulsuz, ya da simvolik olaraq 1 avro təşkil edir. Doğrudur, “pullu moykalar” da var, amma Bakıdakı qədər yox.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh