Əfsanə avtomobillər - FOTO

Avtoxəbər 20 Aprel 2015 20:35 Oxunub 6901
Əfsanə avtomobillər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heydər Əliyev Mərkəzi Azərbaycanda ilk dəfə olaraq, klassik avtomobillər sərgisini təşkil edib

Bu gün ən son yeniliklərə uyğun avtomobillərin istehsal olunmasına baxmayaraq, dövrümüzədək dəbdən düşməyən, keyfiyyətini itirməyən, hətta hazırda istehsal edilməsə belə, yenə də avtomobil həvəskarlarının maraq dairəsində olan klassik avtomobillər var. Məhz bu nüansı nəzərə alaraq, Heydər Əliyev Mərkəzi Azərbaycanda ilk dəfə olaraq, klassik avtomobillər sərgisini təşkil edib.

Avtosfer.az buro247.az-a istinadən verdiyi məlumata görə, avtomobil həvəskarları üçün əsl "cənnət" adlandıra biləcəyimiz bu sərgi nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya etmək, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış ola bilmək üçün əla imkandır. Bu səbəbdən Buro247.az saytı üçün sərgidən xüsusi reportajın hazırlanmasında yaratdıqları şəraitə görə Heydər Əliyev Mərkəzinə dərin təşəkkürümüzü bildiririk.

Sərgi Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın "Classic Remise" və Fransanın Milli Avtomobil (Şlumpf kolleksiyası) muzeylərinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Ekspozisiyada avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. 

Ekspozisiya bir neçə hissədən ibarətdir: faytondan avtomobilədək olan dövr, yolsuzluq avtomobilləri, "Ponton" nəsli, Qanster avtomobilləri, kiçik və yaraşıqlı avtomobillər, idman xarakterli kupelər, lyuks avtomobillər bölmələrində hər dövrün ikonasına çevrilmiş, bir çox dünya filmlərində istifadə olunmuş və tanınmış şəxslərin sevimli avtomobil markalarına qədər bir çox maşınlara rast gəlmək olar. 

 

Nobelin Şəkidə saxlanılan faytonu, dünya kinosundan maşınlar...

 

Sərgi zalına daxil olarkən İsveç və Rusiya mühəndisi, ixtiraçı, Nobel mükafatının təsisçisi Alfred Nobelin böyük qardaşı və iş tərəfdaşı Lüdviq Nobelin Peterburqda təsis etdiyi "Lüdviq Nobel" adlı maşınqayırma zavodunda yığılan və Bakı bulvarında gördüyümüz faytonlardan həm görünüşü, həm də digər keyfiyyətləri ilə fərqlənən faytonu görürük. Dövrün ən rahat minik vasitələrindən biri olan bu fayton Şəki şəhərində qorunub saxlanılıb. Faytonun qabaq çarx oxunun hər iki tərəfində Rusiya imperiyasının dövlət gerbi və "L.Nobel S.Peterburq" sözləri həkk olunub.

 

Sərgidə 1892-ci ilə aid Motor Carriage, 1910-cu il istehsalı olan və "Böyük çarx", "Transatlantik", "Al qızılgül" kimi filmlərdə istifadə edilən Buick Model 14, 1918-ci ildə yaranması ilə ABŞ-da həyat tərzini dəyişmiş Ford Model T, bir zamanlar Amerikada ən çox satılan avtobus Chevrolet Series AA Capitol kimi nadir minik vasitələrinə rast gəlmək olar.

Sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksessuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan video-çarxlar nümayiş olunur.

 

Cadillac - bu şirkətin avtomobillərinin uzun illər boyu prezidentlərin və digər yüksək vəzifəli dövlət adamlarının xidmətində olması ona olan etibarın bariz sübutudur. Sərgidə Ceyms Din, Elizabet Teylor, Rok Hadson kimi aktyorların çəkildiyi "Nəhəng" filmində və 50-ci illərdə "Mən Lüsini sevirəm" teleserialında görünən Cadillac Type V-63 Touring, eləcə də "Frankenşteynin qızı", "Qanqster" kimi ekran əsərlərində çəkilmiş Cadillac Series 62 Couple Deville modellərinə rast gəlmək olar.

 

Yarış maşınları

 

Yarış maşınlarının həvəskarısınızsa, bu sərgidə siz əfsanəvi idman maşınlarını görə biləcəksiniz. Onlardan biri Ford V8 Monoposto (1938) modelidir. Ford V8 "Yol şeytanı", "İzdiham nərələri" kimi Hollivud yarış filmlərində çəkilmiş, 1934-cü ildə Fred Framı Ford 1932 Indy 500 yarışının qalibi etmişdir. Həmin illərdə bir avtomobil üçün bundan yaxşı reklam ola bilməzdi.

 

"Mən xəyallarımdakı idman avtomobillərini tapa bilmədiyim üçün onu özüm yaratdım" - deyən Ferdinand Porşenin yaratdığı əfsanəvi 2 qapılı Porsche 356 (1959) modelini canlı olaraq görmək hər kəsə nəsib olmur. Klassik avtomobillər sərgisində yalnız sənədli filmlərdə, tarixi kadrlarda gördüyümüz və Porsche şirkətinin istehsalı olan "ilklər" də nümayiş olunur.

Porsche-nin ilk idman avtomobili olan Porsche 550 A Spyder 1955-ci ildə məhz avtomobil yarışlarında iştirak etmək üçün yaradılmışdır. Bu maşınla kimlər qələbə qazanmış, kimlərsə həyatını itirmişdir... Əfsanəni öz gözlərinizlə görməyə tələsin.

 

Qaqarinə bağışlanan, Nikulinə satılan maşınlar

 

Ötən əsrin 50-ci illərindən etibarən Rusiyanın Qorki (indiki Nijni Novqorod) şəhərində yerləşən Qorki Avtomobil Zavodunda istehsal olunmağa başlayan və Volqa çayının adını daşıyan maşınlar Sovetlər birliyi ölkələrində böyük populyarlıq qazanmışdı. Sərgidə nümayiş olunan GAZ 21 (1960) və GAZ 24 (1968) maşınlarıyla da bağlı maraqlı faktlar var. Bir çox avtomobil yarışlarında birincilik qazanan, Sovetlər dövründə isə "Milis" maşınları kimi istifadə olunan GAZ 21-in müasir modeli dünyanın ilk kosmonavtı Yuri Qaqarinə birinci kosmik uçuşuna görə hədiyyə edilibmiş.

"Balaca siçan" ləqəbli Fiat Nuova 500, Alfred Hiçkokun "The Birds" filmiylə məşhurlaşan Truimph Spitfire 1500, nadir Ford Mustang, Frank Sinatranın qışqıraraq istədiyi Jaguar E-Type və digər markalı avtomobilləri görmək üçün Heydər Əliyev Mərkəzinə üz tutun. Əminik ki, uzun müddət bu sərgidən aldığınız təəssüratlardan çıxa bilməyəcəksiniz.

Qeyd edək ki, Klassik avtomobillər sərgisi həftənin cümə, şənbə və bazar günləri işləyir.

Sovetlər dövrünü görmüş insanlar "Təcili yardım" kimi istifadə olunan GAZ 22B-i yaxşı xatırlayırlar. Maraqlıdır ki, bu model fərdi istifadəçilərə satılmamışdır. Yalnız bir avtomobil istisna hal kimi görkəmli Sovet aktyoru və sirk meneceri Yuri Nikulinə sirk avadanlıqlarının daşınması üçün satılıb. Bəzi modelləri hətta hava limanlarında təyyarələri yönləndirmək üçün istifadə olunub, tam ötürücülü krossover formasında modeli isə Sovet İttifaqı Kommunist Partiyası MK-ın Baş Katibi olmuş Leonid Brejnev üçün ov nəqliyyat vasitəsi kimi hazırlanıb.

Sovet dövrünün maşınları sırasında diqqətimizi çəkən daha bir nümunə ZAZ 965A modeli oldu. Sınaq-sürüşündən sonra Sovet lideri Nikita Xruşov belə bir nəticəyə gəlmişdi ki, qiyməti münasib olmaq şərtilə bu avtomobil işçi əhali üçün yaxşı hədiyyə ola bilər. Mini-avtomobil bir çox Sovet cizgi filmlərində, eləcə də 1995-ci ildə çəkilmiş "Ceyms Bond - Qızıl göz" filmində görünüb.

 

"Hippi avtobusu", Fransa prezidentinin limuzini

 

Volkswagen T1 Bulli furqonunun bütöv bir avtobus mədəniyyətinin yaranmasına təkan verəcəyini kim güman edə bilərdi? 1964-cü il istehsalı olan bu mikroavtobuslar öz dövründə azadlığın, inqilabın və əlbəttə ki, səyahətin rəmzinə çevrilmişdi. "Bulli" bütöv səyahətçi qruplarını daşıyan ilk minik vasitəsi idi və əsasən, hippilər arasında "Hippi avtobusu" kimi populyarlıq qazanmışdı. 

Ceyms Bond filmlərindən daha bir maşın Citroën Traction Avant-dır. Casus 007-nin "Rusiyadan sevgi ilə" bölümü də daxil olmaqla, Fransa istehsalı olan bu avtomobil bir çox filmlərdə nümayiş etdirilib. Monokok konstruksiyalı maşının dözümlülüyünü nümayiş etdirmək üçün hətta onu yüksəklikdən aşağı atmaqla qəza sınağı da keçirilmişdir. Bu avtomobilin 2 və 4 qapılı, "Familiale" və ya ailə versiyası var, ondan habelə Fransa prezidenti və başqa yüksək vəzifə sahiblərinin istifadə etdiyi müxtəlif növ limuzinlər kimi də istifadə olunmuşdur.

"Balaca siçan" ləqəbli Fiat Nuova 500, Alfred Hiçkokun "The Birds" filmiylə məşhurlaşan Truimph Spitfire 1500, nadir Ford Mustang, Frank Sinatranın qışqıraraq istədiyi Jaguar E-Type və digər markalı avtomobilləri görmək üçün Heydər Əliyev Mərkəzinə üz tutun. Əminik ki, uzun müddət bu sərgidən aldığınız təəssüratlardan çıxa bilməyəcəksiniz.

Qeyd edək ki, Klassik avtomobillər sərgisi həftənin cümə, şənbə və bazar günləri işləyir.

 












 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh