Jaguar Maserati və Bentley ilə rəqabət aparacaq

Avtoxəbər 26 Fevral 2021 14:26 Oxunub 1398
Jaguar Maserati və Bentley ilə rəqabət aparacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu yaxınlarda Jaguar Land Rover şirkətinin rəhbəri Tyeri Bollore hər iki markanın elektrikləşdirilməsini və yeniləməsini nəzərdə tutan yeni inkişaf strategiyasını açıqlayıb. Land Rover nisbətən uğurlu olasa da (2020-ci ildə 312 min avtomobil), və indiki formatda inkişafı davam etdirsə də, satışları 92 minə belə çatmayan Jaguar markasının yenilənməyə böyük ehtiyacı var. Automotive News Europe nəşri bu markanın “yenidən yüklənməsi” planının bəzi detallarını öyrənməyə müvəffəq olub.

Şirkət rəhbərliyi Jaguar markasının bazar mövqeyini kökündən dəyişdirmək niyyətindədir. Mercedes-Benz, BMW və Audi ilə uğursuz rəqabət cəhdlərdən imtina ediləcək, əvəzində Jaguar növbəti səviyyəyə yüksələcək və Maserati, Bentley, hətta Aston Martin markalarının rəqibinə çevriləcəkdir! Başqa sözlə, avtomobillər daha dəbdəbəli və daha bahalı olacaq, bu da satış rəqəmlərinin ardınca qaçmamağa, əksinə, diqqəti pul qazanmağa yönəltməyə imkan verəcəkdir.

Bütün cari Jaguar modelləri standart istehsal dövrünü başa vuracaq, lakin onların birbaşa varisləri olmayacaqdır. Bunun əvəzinə, şirkət Modern Luxury konsepsiyasına uyğun olan yeni model çeşidini hazırlayacaqdır. Qeyd etmək lazımdır ki, Jaguar XJ flaqmanının növbəti nəsli də bu konsepsiyaya sığmayıb: yaradılması tamamlanmaq üzrə olan iri liftbek heç vaxt işıq üzü görməyəcəkdir. Sonradan tarixi XJ indeksi tamamilə fərqli bir modelə veriləcəkdir.

Yeni strategiyaya görə, 2025-ci ilə qədər Jaguar markasının model çeşidi tamamilə elektrikləşdiriləcək, yəni çeşiddə yalnız hibridlər və elektrokarlar qalacaqdır. 2030-cu ildə isə model çeşidi yalnız elektromobillərdən ibarət olacaqdır. Şirkət yeni platformanın yaradılmasına 2,5 milyard funt sterlinq xərcləyəcək və bu platformadan yalnız Jaguar modelləri üçün istifadə edəcəkdir.

Ümumiyyətlə, Land Rover qardaş markasından uzaqlaşma xüsusi ilə vurğulanır. Məsələn, perspektiv Jaguar çeşidində klassik krossoverlər olmayacaqdır: SUV seqmenti Land Rover şirkətinin məsuliyyət dairəsinə keçəcək, Jaguar üçün isə  “alternativ həll” hazırlanacaqdır. Əlbəttə ki, markanın yenidən mövqeləndirilməsi dizayn konsepsiyasında dəyişiklik ilə müşayiət olunacaqdır. Artıq markanın baş dizayneri Cerri MakQorvernin komandası yeni korporativ dizayn üslubu üzərində işləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh