Qaydanı başqaları pozdu, qəzaya onlar düşdü – İki ağır qəzadan REAL VİDEO

Bakıda başqa sürücülərin səhvi ucbatından baş verən iki yol qəzasının görüntüləri Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» xidmətinin kameralarında qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, hər iki qəzaya başqa sürücülər səbəb olub. Lakin onlar qəzadan sonra sakitcə aradan çıxıblar. Birinci qəza aeroport yolunda baş verib. Videodan da göründüyü kimi, «Hyundai» markalı avtomobilin sürücüsü qəflətən sükanı sağa çəkir. Bu zaman onun yanı ilə hərəkət edən «İnfiniti»nin sürücüsü də sükanı qaçırdır və idarəetməni itirir. Yanındakı maşını vuran «İnfiniti» yol kənarındakı avtobus dayanacağına girir. Hər iki maşın dayanacaqda dayanmış başqa bir avtomobili də vurub əzir.
Qəzaya səbəb olan «Hyundai»ın sürücüsü isə heç olmayıbmış kimi hadisə yerini tərk edir.
Digər yol qəzasında da səbəbkar «Hyundai»ın sürücüsüdür. Göründüyü kimi, o, 7-ci zolaqdan birinci zolağa manevr edir. Bu zaman təhlükəsizlik qaydalarına əməl etmir və digər nəqliyyat vasitələrinin yoluna çıxır. «Hyundai»la toqquşmamaq üçün sukanı sağa qaçıran qara rəngli avtomobilin sürücüsü digər avtomobilə toqquşaraq yol kənarındakı maneəyə çırpılır. Onların qəzaya düşməsinə səbəb olan «Hyundai» isə sakitcə aradan çıxır.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da hər iki qəzaya münasibət bildirib: «Bu videoda əks olunan hər iki qəzaya diqqətlə baxdım. Onların hər ikisi eyni mexanizmlə baş verir: intizamsız sürücü qəza şəraiti yaradaraq aradan çıxır, həmin şəraitdə digər sürücülər bir-biri ilə toqquşurlar. Bu qəzaların əsas səbəbkarı şübhəsiz ki, qəza şəraiti yaradıb aradan çıxan intizamsız sürücülərdir. Amma onların hər ikisinə diqqətlə baxanda qəzaya düşənlərin də kobud səhvlərini görməmək mümkün deyil. Özü də bu videolar sürücülərimiz arasında geniş yayılmış çox təhlükəli bir qanunauyğunluğu da ortaya qoyur. Qanunauyğunluq isə qəza şəraitinə düşən sürücünün ilk olaraq tormozu deyil, sükanı yada salmasıdır. Bu, ikinci qəzada daha aydın görünür. Qəzaya düşən qara rəngli taksinin sürücüsü qabaqdakı maneəni, yəni köndələninə gedən avtomobili görəndə sadəcə xəfif tormoz etsəydi, qəza baş verməzdi, amma həmin taksidəki “Şumaxer” tormozu yadına da salmadan sükanı fırladır və belə qəza baş verir. Məhz bu səbəbdən həmin qəzada qəza şəraiti yaradıb aradan çıxan sürücüdən çox, həmin taksinin sürücsü təqsirli sayıla bilər. Düzdür, birinci hadisədə qəza şəraiti qəflətən yaranır. Amma əminəm ki, orada da istiqamətini dəyişərək qəzaya düşən sürücü doğru vərdişə, yəni ilk olaraq tormoza basmaq vərdişinə sahib olsaydı, qəza olmaya bilərdi.
Ümumiyyətlə, sürcülərimizə demək istəyirəm ki, belə nadürüst və intizamsız sürücülər qəza şəraiti yaradanda ilk olaraq avtomobilin əyləcini yada salmaq, daha sonra şərait varsa, sükandan istifadə lazımdir. Yol hərkəti qaydaları da (50-ci maddə) ilk olaraq məhz sürəti azaltmağı, yəni tormozlamanı tələb edir. Özü də bu tələb məcburidir, sükandan istifadə isə şəraitdən və s. asılı olaraq sürücnün ixtiyarına verilir».
Elməddin Muradlı
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır
Kapotu açanda həmin çubuğu niyə görmürük? - Avtomobillərdə bir dövrün sonu











