Rayon maşınlarını Bakıda cərimələməyə başladılar - RƏİS TAPŞIRIB
Rayon qeydiyyatında olan avtomobillərlə bağlı qadağalar sürücülər arasında narazılıq yaradıb. Rayonlardan Bakıya gələn avtomobillərin müəyyən vaxt ərzində paytaxta buraxılmaması ilə bağlı Nazirlər Kabineti yanında Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarını Dövlət Yol Polisi öz bildiyi kimi icra etməyə başlayıb. Avtosfer.az-a son günlər müraciət edən bir neçə sürücü bildirib ki, Bakıda rayon qeydiyyatında olan avtomobillər yol polisi tərəfindən saxlanılır və onları cərimə ilə hədələyirlər. Hətta iş o yerə çatıb ki, rayon nömrəli maşınları yol polisləri cərimə meydançasına aparırlar. DYP əməkdaşları sürücülərə açıq-aşkar bildirirlər ki, rayon maşınlarının saxlanılması barədə göstərişi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov verib. Son bir həftə ərzində yüzlərlə belə maşın saxlanılaraq DYP-nin cərimə meydançalarına aparılıb. Lakin yol polisinin həmin sürücülərə hansı qanunla və hansı maddə ilə cərimə yazdığı müəmmalı olaraq qalır. Nə «Yol hərəkəti haqqında» qanunda, nə İnzibati Xətalar Məcəlləsində və də Nazirlər Kabineti yanında Yol Hərkəti Təhlükəsizliyi Komissiyasının bununla bağlı hər hansı qərarı var. Rayon maşınları Bakıya gecələr daxil olur, Bakıda yşayanlar arasında da rayon qeydiyyatında olan avtomobil idarə edənlər var. Sürücülər bildirir ki, rayon maşınlarının saxlanılmasına ən çox Binəqədi rayona ərazisində rast gəlinir: «Rayon maşınları ilə Bakıya gələnlər xeyir-şər məclislərinə qatılmaq üçün gecə gəlirlər ki, gündüz öz işlərinin arxasınca gedə bilsinlər. Yol polisi də bizi saxlayıb maşını cərimə meydançasına apırır. Müəyyən məbləğdə «cərimə» aldıqdan sonra axşam maşını buraxırlar. Həm də tələb edirlər ki, rayon nömrəsi ilə olan maşınları ancaq gecələr Bakıda sürmək olar».
Bir daha qeyd edirik ki, nə qanunlarda, nə də Komissiyanın qərarında Bakıda idarə olunan rayon qeydiyyatlı maşınların cərimələnməsi və ya cərimə meydançasına aparılması barədə heç bir göstəriş yoxdur. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də Avtosfer.az-a bir neçə gün əvvəl verdiyi açıqlamada təsdiq edib. O bildirib ki, rayon maşınları ilə bağlı qadağa yalnış həmin avtonəqliyyat vasitələrinin təyin olunmuş vaxtlarda Bakıya buraxılmaması ilə bağlıdır.
Sürücülərin daha bir narazılığı Sumqayıtdan gələn maşınlarla bağlıdır. Bildirilir ki, bir neçə gündür yol polisləri Sumqayıtdan Masazıra, Xırdalana gələn maşınları da postdan buraxmır.
Elməddin