Sürücülər bu hüquqlarından məhrum edildi

Avtoxəbər 11 Dekabr 2015 14:33 Oxunub 2556
Sürücülər bu hüquqlarından məhrum edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda 3 avtomobil dayanacağı ləğv edilib

Son 20 gündə paytaxt ərazisində yüzlərlə avtomobilin park edildiyi 3 avtomobil dayanacağı ləğv edilib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bunlar Moskva prospektində, “Şamaxinka” deyilən ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri, Ziya Bünyadov prospektində, “3-cü mikrorayon bazarı”nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki dayanacaq, sonuncusu isə Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində , yol ötürücüsünün alt hissəsində yerləşən nəqliyyat vasitələrinin saxlandığı dayanacaqdır. Bu parklanma yerləri “Azəryolservis” ASC tərəfindən ləğv edilib.

“Azəryolservis”in mətbuat katibi Anar Nəcəfli parklanma yerlərinin ləğv edilməsi ilə bağlı bildirdi ki, "yol hərəkəti haqqında qanunda tünellərin üzərində, körpülərin altında avtomobillərin park edilməsi və saxlanması qadağandır. 

"Bu həm əhali üçün, həm də yol təsərrüfatına təhlükəli olması ilə bağlıdır. Vətəndaş gətirib körpünün altında avtomobil saxlayırsa, onun içində bomba olub-olmadığına kim nəzarət edəcək? Dünyanın heç bir ölkəsində tunellərin üzərində avtomobillərin saxlanması nəzərdə tutulmayıb, orada avtomobillərin saxlanmasına icazə verilmir".

Maraqlıdır ki, mətbuat katibinin sözlərinə görə “Şamaxinka” deyilən ərazidə avtomobillərin saxlanması qanuni olub və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də həmin əraziyə parkomat qoyulub. Buna görə də həmin parklanma ərazisinin ləğv edilməsi icra hakimiyyəti ilə birgə həyata keçirilib.

"Ancaq “3-cü mikrorayon bazarı”nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki avtomobil saxlanan yer qanunsuz fəaliyyət göstərirdi. Buna görə də, yol infrastrukturuna nəzarət edən qurum kimi bizim ixtiyarımız var ki, həmin parklama yerini ləğv edək".

Anar Nəcəfli avtomobil dayanacaqlarının ləğv edilməsinin şəhərdə tıxacların artmasına və yol kənarlarında avtomobillərin qeyri-qanuni saxlanma hallarının artmasına səbəb olması ilə bağlı suala isə belə cavab verdi: "Bu məsələyə yol polisi nəzarət edir. Bizim səlahiyyətimizdə olan məsələ deyil". 

Hüquqşünas Ərşad Hüseynov isə "Azəryolservis"in bu addımının bir sıra problemlərlə nəticələnəcəyini iddia edir. Onun sözlərinə görə tunelin üstündə parklanma qadağan deyil, qaydalar buna məhdudiyyət qoymur. 

Hüquqşünas deyir ki, "Tunel dəmir-beton konstruksiyaya malikdir və yüksək fiziki təsirlərə (zəlzələ, texnogen qəzalar və s.) hesablanmış olmalıdır. Ortalama çəkisi 1500 kq olan minik avtomobillərinin tünelin üstündə dayanaraq ona zərər vura biləcəyi inandırıcı deyil. Hətta bir neçə yüz avtomobil də təhlükəli deyil, çünki avtomobillər üst-üstə yığılıb ağırlığı bir nöqtəyə salmır, park yerində səpələnərək ağırlığı da tunel boyu paylayırlar. Tunel üstündə minik avtomobili adamın çiyninə çıxan qarışqaya bərabərdir".

Ə.Hüseynov ləğv edilən park yerlərinin geri qaytarılmasının labüd olduğunu deyir: "Bakıda onsuz da park yerləri çatmır, hamı bundan gileylidir. Bu səbəbdən şəhərin hər kvadratmetri səmərəli istifadə olunmalıdır. Belə olan halda şəhərin ən qaynar yerlərində bir neçə yüz avtomobillik park yerlərinin ləğvi doğru deyil, buna ehtiyac yoxdur. Həmin parklanma yerlərini tezliklə bərpa etmək lazımdır" - deyə hüquqşünas bildirdi.

 

Dünya təcrübəsinə baxsaq həqiqətən da yeraltı keçidlərin üzərində avtomobil saxlanması hallarına çox az rast gəlinir. Məsələn Danimarkadaavtomobillərin keçidlərin üzərində saxlanması qadağandır. Hökumət də öz növbəsində tıxacların yaranmaması üçün yeraltı avtomobil dayanacaqları və yerüstü çoxmərtəbəli avtomobil dayanacaqları tikib. Bununla tıxacların qarşısı köklü şəkildə alınıb.

Azərbaycanda isə təhlükəsizlik məqsədi ilə belə bir addımın atılması müsbət haldır. Ancaq bir məsələni unutmamaq lazımdır ki, qanuni parkomatlarda da avtomobillərin içərisində hansısa təhlükəli əşya olduğuna nəzarət edilmir. 

 

Amma dayanacaqların ləğv edilməsi yollarda tıxacların daha da artmasına səbəb olacaq. Çünki parklanma yeri ləğv edildikdə iş yeri həmin ərazilərdə olan insanların öz nəqliyyat vasitəsini harada saxlayacağını düşünmək heç də çətin deyil. Sürücü məcbur olub öz maşınını yol kənarında saxlayacaq. Bu da öz növbəsində geniş olmayan yollarda daha çox tıxacın yaranmasına səbəb olacaq. Buna görə də səlahiyyətli qurumlar dayanacaqları ləğv etməzdən əvvəl həmin avtomobillərin hansı saxlanması problemini həll etməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh