Sürücülərin işi lap asanlaşdı
Sürücülər yol-hərəkət qaydalarını pozulmasına görə cərimələri bəzi hallarda banka ödəyərkən müəyyən anlaşılmaz vəziyyətlə üzləşir, vaxt itkisinə yol verirlər. Belə ki, onlar banka cərimə ödəməyə gedərkən adları kompyuterdə çıxmır və yol-hərəkət qaydalarının pozulmasına görə cərimələri banka ödəyə bilmirlər. Səbəb isə cərimə ilə bağlı bildirişin Baş Dövlət Yol Polisi (BDYP) tərəfindən elektron sistemə daxil edilməməsidir. Bunun üçün nəqliyyat sahibləri yenidən BDYP-ə baş vurmalıdırlar. Ümumiyyətlə, sürücüyə yazılan protokol neçə saat sonra sistemə daxil olur? Sürücü protokol yazıldıqdan sonra hansı müddətdə cəriməsini ödəyə bilər? Yarana biləcək anlaşılmaz halların, problemlərin aradan qaldırılması üçün hansı işlər görülür və çıxış yolu nədən ibarətdir?
Anspress bu məsələlərə aydınlıq gətirmək üçün araşdırma aparıb.
Hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, bu məsələdə üç variant mövcuddur. Keçən il mayın 27-dən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunub. Həmin dəyişiklik bu məsələni yeni variantda həllini ortaya qoyur.
Birincisi, Mərkəzi Məlumat Xidməti (MMX), yəni elektron qaydada qeydiyyata alma və elektron protokol tərtibetmə mexanizmi var. Yol hərəkət pozuntusu qeydə alınanda sürücünün və polis əməkdaşının xəbəri olmadan avtomatik elektron qaydada protokol tərtib olunur və elektron imza ilə təsdiqlənir. İki gün müddətində həmin protokol kağızda çap olunub vətəndaşa göndərilməli, çatdırılmalıdır. Buna riayət edilməsə, protokol iki gündən sonra poçta təhvil verilməlidir. Poçt isə onu bir həftədən 10 günədək vətəndaşın ünvanına çatdırmalıdır.
Onun sözlərinə görə, protokol vətəndaşa çatdırıldıqdan 10 gün sonra həmin protokol barədə avtomatik qərar qəbul olunmalıdır və və sistemə daxil edilməlidir ki, sürücü gedib cəriməsini ödəsin. Ümumiyyətlə, bütün prosedurlara ideal şəkildə riayət edildikdən sonra elektron protokolla tətbiq edilən cərimə protokol yazıldıqdan 22 gün sonra ödəniş sistemində, yəni kompyuterdə görünəcək. Ona görə də vətəndaşlar dərhal narahat olmasınlar.
İkincisi, tutaq ki, polis yolda qayda pozuntusu aşkarladı, avtomobili saxladı və sürücüyə protokol yazdı. Sürücü qayda pozuntusunu etiraf edirsə, buna etiraz etmirsə, protokol yazmağa ehtiyac qalmır və dərhal hadisə yerində qərar çıxarılır. Həmin qərar avtomatik olaraq kompyuter vasitəsilə sistemə daxil edilməlidir. Əgər polis əməkdaşının avtomobilində kompyuter, rabitə sistemi yoxdursa, həmin polis əməkdaşı iş növbəsinin sonunda mütləq həmin qərarı kompyuter sisteminə daxil etməlidir.
Üçüncüsü, elə hallar olur ki, polis sürücünü saxlayır, sürücü isə onunla razılaşmır. Belə olan halda protokol yazılır, surəti vətəndaşa təqdim olunur. Həmçinin ona bildiriş verilir ki, bu məsələyə 10 gün ərzində baxılacaq. On gündən sonra protokol yazan əməkdaşın rəisi həmin məsələyə baxır, qərar qəbul edir. Bu, qərarın nəticəsi dərhal sistemə daxil olunmalı və 2 gün ərzində vətəndaşa göndərilməlidir.
Onun sözlərinə görə, qəbul ounan yeni qanunlar vaxtında, lazımi qaydad icra olunsa, cərimələri yerində posterminallara ödəmək mümkündür. Əgər, bu yoxdusa, çıxarılan qərar sistemə daxil olan kimi sürücüyə ödəmək imkanı yaradılmalıdır. Bütün bunlar qanunda nəzərdə tutulur. Lakin təəssüf ki, praktikada bəzən problemlər yaşanır.
Ə.Hüseynov təklif edib ki, ən optimal variant isə “AsanÖdəniş” sisteminin tətbiqidir: "Qayda pozuntusu haqqında qərar qəbul olunan kimi surəti həm vətəndaşa, həm də “AsanXidmətə” göndərilməlidir. “AsanÖdəniş” sistemi qurulmalıdır və hər bir sürücünün elektron kabineti olmalıdır. Sürücüyə aid hər bir məlumat orada toplanmalıdır. Hər bir məlumat SMS şəkllində sürücüyə göndərilməlidir ki, o, elektron kabinetinə baxsın. Bu, çox optimal variantdır."
Ekspert bir məsələyə də toxunub ki, xüsusi texniki vasitələr olan yerdə polis əməkdaşının sürücünün arxasınca düşməsinə, onu qovmasına ehtiyac yoxdur. Son yeniliklərdən biri budur ki, əgər qayda pozuntusu xüsusi texniki qurğularla qeydə alınıbsa, DYP əməkdaşı onu saxlamamlıdır.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin mətuata bildirdiyi kimi, belə gecikmə halları yaranarsa, sürücülər birbaşa BDYPİ-yə müraciət etməlidirlər və problem fərdi qaydada araşdırılıb, hansı səbəbdən baş verdiyi müəyyənləşdirilir.
Protokol qeydiyyatdan keçməyəndə bankda sürücülərin cəriməsinin olub-olmaması görünmür. Tərtib edilmiş protokollarla bağlı qərar çıxmayanda cəriməni ödəmək mümkün deyil. Qərar çıxmayanda cərimə məbləği elektron sistemdə görünmür və sürücü gedib onu ödəyə bilmir. O, cəriməni yalnız qərar çıxdıqdan sonra ödəyə bilər.
Ümumiyyətlə, protokol tərtib edildikdən 1 gün ərzində məlumat Mərkəzi İnformasiya Sisteminə ötürülməlidir. Bunu qanunvericilik tələb edir. İndi vaxt itirib harasa getməmək üçün cərimələri plastik kartlarla yerində ödəyə bilərlər. Bunun üçün sürücülərin yol inspektorlarında olan POS-terminallara kart vasitəsilə ödəniş etməsi kifayətdir. Bundan əlavə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” Bakının ictimai yerlərində ödəniş terminallarını quraşdırmağa başlayıb. Hazırda vətəndaşlar terminallar vasitəsilə yol-hərəkət qaydalarının (YHQ) pozulmasına görə cəriməni ödəyə bilərlər. Qurğu nağd vəsaitlərin qəbulu üçün slotlarla təchiz edilib. Cəriməni ödəmək üçün protokolun nömrəsi və avtomobil sahibinin şəxsiyyət vəsiqəsinin məlumatları lazımdır.
Həmçinin, vətəndaşlar hazırda bank kartlarından istifadə etməklə "ASAN Ödəniş" (asanpay.az) portalının köməkliyi ilə ödənişlər həyat keçirə bilərlər.
Xatırladaq ki, “Yol hərəkəti qaydaları haqqında” Qanunun 85 və 85-1-ci maddələrinə əsasən, Yol polisinin qəbul etdiyi bütün qərarlar, protokollar 24 saat ərzində informasiya mərkəzinə yerləşdirilməlidir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən sonra 2011-ci il iyulun 1-dən etibarən yol hərəkət qaydaları pozuntusuna görə cərimələrin ödənişi elektron sistemlə həyata keçirilir. Cəriməni vaxtından əvvəl ödəyənlərə 10 faizlik güzəşt nəzərdə tutulub.