Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?

Bu günlərdə sosial şəbəkədə avtobus sərnişinlərinin kəmər taxmadığı və bu avadanlığın ümumiyyətlə lüzumsuz olduğu barədə söz-söhbətlər yenidən qızışıb. Əslində, kəmərin lüzumsuzluğu ilə bağlı iddialar yeni və təkcə bizim üçün spesifik deyil. Lakin, vətəndaşlarımızın bu məsələyə münasibətdə spesifik fərqləri də yox deyil.
Beynəlxalq qanunvericiliyə görə, tramvay, trolleybus və şəhərdaxili avtobuslarda kəmərdən istifadə tələb olunmur (biz də qanunvericiliyimizdə bu sənədləri rəhbər tuturuq). Sözügedən nəqliyyat vasitələri ləng hərəkət edir, tez-tez dayanır. Ən əsası isə, onların kütləsi ağır olduğu üçün toqquşma zamanı zərbə sərnişinə çatanadək zəifləyir.
Dünyanın bir çox ölkəsində kəmər əleyhdarları var. Hətta Rusiyada onlar qeyri-rəsmi qruplar yaradaraq bu detalın lüzumsuzluğunu “əsaslandırırlar”. Ötən il qəza vaxtı ikiyə bölünən Çİn avtomobilindən 2 sərnişinin salamat çıxması kəmər əleyhidarlarına daha bir “fakt” verib. Halbuki, belə faktlar epizodikdir və kəmərdən imtinaya əsas vermir.
Bir qrup deyir ki, kəmər narahatlıq verir, digəri paltarı korladığını bildirir. Üçüncü qrup qəza anında maşından çıxmağın mümkünsüzlüyünü iddia edir. Şərq ölkələrində isə hər şey qəzavü-qədərlə, qismətlə “əsaslandırılır”. Lakin nə Qərbdəki, nə də Şərqdəki “əsaslandırmaların” heç biri real həyatda təsdiqini tapmır.
Sınaqlar göstərir ki, 90 km/saat sürətlə hərəkət edən avtomobilin salonundakı tava alın şüşəsini sındıra bilər. İnsanın başı alın şüşəsinə dəydikdə isə salamat qalmaq möcüzədir.
Başqa bir qrup isə iddia edir ki, hava yastıqları olan avtomobildə kəmərə nə ehtiyac var! Formal olaraq iddia doğrudur, amma... İş burasındadır ki, kəmər və yastıqlar sinxron işləyir. Hava yastığının açılma sürəti saatda 300 kilometr saatdır. Kəmər sürücünün sifətini yastıqla toqquşmadan və beləcə, ölümdən qoruyur. Nəzərə alaq ki, bəzi maşınlarda qəza zamanı yalnız zərbə alan hissədəki deyil, bütün kəmərlər açılır. Bu halda kəmərsiz sərnişinin vəziyyətini özünüz təsəvvür edin.
2022-ci ildə Rusiyada tok şouda iştirak edən gənclər tanınmış nüfuzlu texnika elmləri doktorunu kəmərin lüzumsuzluğuna inandırmağa çalışırdılar. Texniki və elmi izahın gəncləri inandırmağa yetmədiyini görən alim radikal təklif irəli sürür: “sabah poliqonda avtomobilin aşması zamanı kəmərin sürücü və sərnişini necə qoruduğu test ediləcək. Cəsarətli oğlanlar manekkenləri əvəz edə bilər”. Qəribədir ki, 13 gənc arasında təklifə cəmi 1 nəfər tərəddüdlə razılıq verdi.
Təbii ki, alim belə bir testə icazə verilmədiyindən xəbərsiz deyildi. Lakin, radikal təfəkkürlü insanları susdurmağın başqa variantı da yox idi. Fakt həm də kəmər əleyhdarlarının özlərinin öz dediklərinə inanmadığına sübutdur.
Avropa ölkələrində kəmər taxmamağa görə sürücünü ilk dəfə 30 avrodan 130 avroyadək cərimə gözləyir. Bəzi ölkələrdə təkrar kəmər taxmamağa görə vəsiqədən bal da silinə bilər. Fransada onuncu qayda pozuntusunda 1500 avro cərimə və 3 bal cəza təyin olunur.
Azərbaycanda vəziyyətə gəlincə: ölkəmizdə kəmərin “lüzumsuzluğu” barədə ictimai müzakirə aparanlar yoxdur. Kiminsə, fərdi şəkildə sosial media hesablarında əks iddiaları ortaya qoyması da ictimai təhlükə yaratmır. Yaxud, qara və ya kəməri imitasiya edən xətli paltarlar da artıq işə yaramır. Müasir kameraları bu yolla aldatmaq çətindir.
Ölkəmizdə işin ən pis tərəfi tanınmış şəxslərin (bloger, müğənni və digərləri) bilərəkdən və ya bilməyərəkdən qayda pozuntularını təşviq etməsidir. Təbii ki, heç kim nümayişkaranə formada “qaydanı pozun” demir. Əksinə, bunu əməldə göstərir və pis nümunə olurlar. Bu barədə Avtosfer.az saytında dəfələrlə xəbər yayıldığı üçün təkrara ehtiyac yoxdur.
Şəxsən müşahidə etdiyim ən pis məqam “Allah kərimdir”, “mənə heç nə olmaz”, yaxud “istənilən qəza vəziyyətindən çıxıram” düşüncəsidir. Bu təfəkkür tərzi heç kimə xeyir gətirməyib.
Xatırladaq ki, avtomobil üçün təhlükəsizlik kəməri 1959-cu ildə layihələndirilib. Volvo şirkəti bu ixtiraya açıq patent alıb ki, hər kəs götürüb pulsuz istifadə edə bilsin. Hesablamalar görə, ixtira azı bir milyon nəfərin həyatını xilas edib.
https://avtosfer.az/az/qezalar/cin-avtomobili-qezada-2-yere-bolundu-chery-foto-vi%CC%87deo-274051
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










