Yol polisi qrup yaradıb Bakıda kütləvi reyd keçirdi - FOTOLAR

Avtoxəbər 6 Sentyabr 2015 09:45 Oxunub 5274
Yol polisi qrup yaradıb Bakıda kütləvi reyd keçirdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş halda saxlanılıb «elə-belə» tutuldum» deyənlər də var, qaçıb gizlənməyə çalışanlar da, yolda «hallı» gəzənlər də…

Dünən gecə satlarında Bakıda yol polisləri kütləvi reyd keçirib. Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşının verdiyi məlumata görə, reydin keçirilməsi üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində yaradılmış qrupa 50-dən çox əməkdaş cəlb olunub. Reyd zamanı avtoxuliqanlıq edən, avtomobili sərxoş halda idarə edən, yol polisinə tabe olmayan 40-dan artıq sürücü barəsində inzibati protokol tərtib olunub. Onların 35 nəfəri sərxoş halda sükan arxasına keçənlərdir. Həmçinin, 2 nəfər avtoxuliqanlıq etdiyi üçün məsuliyyətə cəlb olunub. 1 nəfər isə motosikleti əlavə avadanlıqlar quraşdırmaqla idarə etdiyi üçün saxlanılıb.

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, belə reydlərin keçirilməsi yol qəzalarının, sərxoş sürücülərin və avtoxuliqanlıq edənlərin sayının azalmasına gətirib çıxarır: «Yol qəzalarının təhlilini apararkən görürük ki, qəzalar daha çox gecə vaxtı baş verir. Məhz bu səbəbdən də reydlərin keçirilməsi zərurəti yaranır. İdarə rəhbərliyinin göstərişi əsasında bölmə və şöbə əməkdaşlarından ibarət yaradılmış qrup Bakı şəhəri ərazisində gücləndirilmiş rejimdə xidmət aparır ki, bu da təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Reyd zamanı sərxoş sürücülər, avtoxuliqanlıq edənlər, polisə tabe olmayanlar da aşkarlandı ki, onlara qarşı tərəfimizdən tədbirlər görüldü, qaçıb məsuliyyətdən yayınmağa çalışanların niyyəti həyata keçmədi. Bu tədbirlər davamlı olacaq».

Vaqif Əsədov onu da əlavə edib ki, görülmüş tədbirlərin nəticəsi olaraq ötən dövrlə müqayisədə avqust ayında Bakıda qəzaların sayında 40, ölüm hallarının sayında isə 20 fakt azalma qeydə alınıb.

Qayda pozuntusuna görə saxlanılan sürücülər arasında peşmançılıq hissi keçirənlər olsa da, bəziləri fəxr edirdi. Məsələn, 99 CE 045 dövlət nömrə nişanlı «KİA»-nın sürücüsü yol polisinə tabesizlik göstərib qaçarkən 7-ci mikrorayon ərazisində saxlanılıb. Avtomobili yolun ortasında saxlayan sürücü açarları özünü polis əməkdaşı kimi təqdim edən şəxsə verib və həmin şəxs ərazidən uzaqlaşıb. Sərxoşluq müayinəsinə aparılan sürücünün avtomobilini isə yoldan çıxarmaq üçün əraziyə evakutor çağırılıb. Əməkdaşımızla söhbət edən sürücü gah sərxoş olduğunu etiraf edib, gah da yol polislərinin onu «elə-belə» saxladığını deyib.

Ümumilikdə reyd zamanı müsbət məqamlara da rast gəlindi. Məsələn, gecə yarısı olmasına baxmayaraq, təhlükəsizlik kəmərindən istifadə elənlərin sayı çox idi. Təxminən, 100 sürücüdən 70-i təhlükəsizlik kəmərindən istifadə edir. Avtoxuliqanlıq hallarında kifayət qədər azalma var. Gurultulu səslə motosiklet və avtomobil idarə edənlərə isə az-az rast gəlindi. Svetoforun qırmızı işığından keçmək, təhlükəli manevrlər etmək, şit müsiqi sədaları altında ictimai qaydaları pozanlara artıq demək olar ki, rast gəlinmir. Reyd zamanı yol polisləri də etiraf etdilər ki, son vaxtlar yol hərəkəti qaydalarını pozanların sayında ciddi azalma müşahidə edilir.

Vaqif Əsədov bildirdi ki, bütün bu göstəricilər yol polisinin apardığı məqsədyönlü tədbirlərin və təbliğat işinin nəticəsidir.

Amma başqa qayda pozuntuları ilə bağlı hələ də təbliğata ehtiyac var. Məsələn, mobil telefondan istifadə hallarını hələ də rast gəlinir. İşıq cihazlarından düzgün istifadə etməyənlər də var. Yolun sağ hərəkət hissəsi boş ola-ola sol tərəflə hərəkət edənlərin sayı çoxdur. Bu kateqoriyada xüsusi olaraq xanım sürücüləri qeyd etmək lazımdır. Çünki əməkdaşımız reyd zamanı bu cür hallarla çox rastlaşıb. Bundan əlavə, hələ də bəzi sürücülər yol polisi və təcili yardım avtomobilinin sayrışan işıqlardan və səs siqnallarından istifadə edərək yaxınlaşdığı an onlara yol vermək lazım olduğunu bilmirlər. Hətta, yol polisi maşınlarına qəza şəraiti yaradanlara da rast gəlmək olar. Hansı ki, YPX maşınının sürücüsü sayrışan işıqlardan və səs siqnallarından istifadə etməklə yol istəyir.

Ən ciddi problemlərdən biri də gecə düşən kimi restoranların, otellərin və digər iaşə obyektlərinin qarşısında 2-3 cərgədə bahalı maşınların, taksilərin dayanıb yolu bağlamasıdır. Elə küçələr var ki, orada gecə yarısı gündüz saatlarından daha çox sıxlıq müşahidə olunur…

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh