Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
Azərbaycanda son 20 ildə kənd təsərrüfatının inkişafı üçün külli miqdarda investisiya qoyuluşu edilsə də bu gün bu istiqamətdə hələ də xeyli çatışmazlıqların olduğu ortadadır. Mütəxəssislər bunun bir çox səbəbləri olduğunu bildirir və belə vəziyyətdə dünyanın kənd təsərrüfatı siyasəti ilə bağlı öndər ölkələrindən nümunələr götürməyin vacibliyini vurğulayırlar.
Avtosfer.az xəbər verir ki, ölkəmizdə bir sıra istehlak kateqoriyası üzrə müəyyən ərzaq məhsullarını öz daxili istehsalımız hesabına ödəməklə bağlı bəzi çətinliklər mövcuddur. Məsələn, mal və toyuq əti, qoyun piyi, kartof və s. kimi məhsullarla əhalinin tam təminatı üçün dövlət hər il milyonlarla manatı xarici ölkələrə yatırmalı olur. Mütəxəssislər bunun əsas səbəbi kimi bölgələrdəki əksər torpaqların boş qalması, münbitləşməməsini göstərir.
Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, problemin kökü ölkədə bu sahəni inkişaf etdirəcəyimiz, sistemi qura biləcəyimiz mütəxəssislərin olmamasından qaynaqlanır:
“Bu istiqamətdə barmaqla sayılacaq qədər mütəxəssis var. Onların da bəziləri qoca və ahıl yaşdadır. Gənc kadrların yetişdirilməsi ilə bağlı hansısa cəhdlər yoxdur. Həmin mütəxəssislərin fikirlərinə, təklif etdikləri həllərə diqqət yetirilmir. Azərbaycanda suvarma suyunun düzgün idarə edilməsi ilə bağlı ciddi problemlər var. Bu sistem ölkəmizdə, ümumiyyətlə, düzgün qurulmayıb. Ölkə ərazisinin suvarma suyu ilə bağlı təminatı 24 saatı əhatə etməli, əkin və örüş sahələrinin münbitliyinin qorunması üçün təminatın davamlılığına diqqət edilməlidir. Ölkəmizdə toxumçuluğun inkişafı istiqamətində də konkret və ciddi addımlar atılmır. Ümumiyyətlə, bir məhsulun əldə edilməsi üçün gərəkli olan gübrə növlərinin, demək olar ki, hamısı xaricdən gətirilir, ölkəmizdə istehsal olunmur. Bu da istehsal xərclərinin artmasına, məhsulların bahalaşmasına səbəb olur. Vətəndaş əlində olan imkanlardan yararlanaraq yığdığı məhsulu bazara çıxarmaq üçün əlindəki malın bir hissəsini anbarlarda saxlamağa məcbur qalır. Bu anbarlar isə bəzi işbazların əlindədir və onlar anbarın saxlanma qiymətlərini yüksək tutmağa davam edirlər. Sonrakı mərhələdə vətəndaşların birbaşa bazara çıxışı təmin edilmədiyi, iri sahibkarlar tərəfindən bu sahədə də qanunsuz əməllərin, ucuz qiymətə alıb ölkə bazarını bahalı malla təmin etməsi sadə vətəndaşın daha az qazanması ilə nəticələnir. Bu da öz növbəsində insanlarımızın getdikcə kənd təsərrüfatından uzaqlaşmasına, son nəticədə isə torpağını, həyətindəki mal-qarasını da satıb paytaxta üz tutmasına gətirib çıxarır”.
Torpaqların münbitləşdirilməsi prosesi ilə bağlı addımların atılmamasına gəlincə, Vahid Məhərrəmli deyib ki, əslində dünya təcrübəsində bunun çox asan üsulu var:
“Uzun tarixdən bəri hətta Çinin özündə boş və şoranlaşan torpaqların münbitləşdirilməsi ciddi problemlərə səbəb olurdu. Bununla bağlı aparılan araşdırmalar göstərdi ki, torpağın eyni vaxtda yuyulması və münbitləşməsi üçün ən asan üsul dəmyə torpaqlarıdır. Belə torpaqlarda çəltik əkilməsi həmin torpaqların uzunmüddətli dövr ərzində münbitləşməyinə gətirib çıxarır. Dövlət tərəfindən çəltikçiliyin inkişafı ilə bağlı dövlət proqramı qəbul edilsə də bu sahə ölkəmizdə son illərdə ciddi şəkildə geriləyib. Bir çox hallarda torpaq sahələrinin belə iri şirkətlər tərəfindən mənimsənilməsi, sadə vətəndaşlara icarəyə verilməməsi bölgələrdə ərazilərin boş qalması, getdikcə bahalaşması ilə nəticələnir. Ötənil Azərbaycana 70 min ton düyü idxal olunub, lakin ölkəmizdə bu sahə inkişaf etdirilsə, həmin ixrac məhsulu üçün xərclənəcək vəsait də dövlət büdcəsində qalmış olardı”.
Ekspert sonda vurğulayıb ki, yaxın dövrdə torpaqların təyinatı, ümumilikdə kənd təsərrüfatı ilə bağlı qaydalarda dəyişiklik ediləcəyi gözlənilir
Səfər