ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI

Dünyada geosiyasi gərginliyin artması təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr və müxtəlif dövlətlər arasında münasibətlərin kəskinləşməsi nüvə silahı ilə bağlı narahatlıqları artırıb. Belə gərginliklər qlobal təhlükəsizlik üçün ciddi risklər yarada bilər. Mümkün münaqişələr zamanı nüvə silahından istifadə ehtimalı da müzakirə məsələsinə çevrilib. Bu isə yalnız müharibədə iştirak edən ölkələr üçün deyil, həm də regiona yaxın dövlətlər üçün müxtəlif təhlükələr yarada bilər. Belə bir vəziyyətdə diqqət yetirilən əsas məsələlərdən biri də mümkün risklərin miqyası və yaxın regionlarda yerləşən ölkələrin hansı təhlükələrlə üzləşə biləcəyidir.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, nüvə silahı ona görə qorxuludur ki, zərbə dalğası, şüalanması, o cümlədən radiasiya minlərlə yox, milyonlarla insanın həyatına son qoya bilər:

“Nüvə silahı adi silahlardan əlbəttə ki, fərqlənir və burada adından da göründüyü kimi atom nüvəsinin parçalanması və sintezi reaksiyası hesabına baş verir. Bu da hədsiz dərəcədə yüksək partlayışa, gücə və çoxsaylı zədələyici amillərə gətirib çıxarır. Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə qarşı ABŞ-nin vaxtilə istifadə etdiyi bu silah bu gün də bəzilərinin əlində həm çəkindirici rol oynayır. Yəni bəzi ölkələr bundan istifadə edir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvünün də bu silahlardan var. Amma bəzi hallarda onlar bu nüvə silahından şantaj məqsədləri üçün istifadə etməyə çalışırlar. Rusiya-Ukrayna müharibəsinin bu 5 ilində biz az qala 55 dəfə, bəlkə də yüzlərlə dəfə Rusiya rəhbərliyi və ABŞ tərəfindən nüvə silahları olduğuna görə təhdidlər eşitdik, indi də ABŞ–İsrail və İran bir-birinə qarşı bu hədələrdən istifadə edirlər. ABŞ-nin də, İsrailin də nüvə silahı var, bu sirr deyil. Amma İranın zənginləşdirilmiş uranı və nüvə texnologiyaları var, lakin nüvə silahının İranda olması ilə bağlı hər hansı bir dəqiq məlumat yoxdur. Nəzəri baxımdan hər şey mümkündür, yəni İrana qarşı ola biləcək zərbələrdən danışmaq olar”.
Ekspertin sözlərinə görə, nüvə silahı Azərbaycan üçün çox böyük təhlükələr yarana bilər:
“Təkcə canlı qüvvə üçün deyil, ümumilikdə ölkə ərazisi üçün risklər mövcuddur. Azərbaycan küləklər ölkəsidir. Külək olacağı təqdirdə həmin radiasiya buludu və ya radiasiya təhlükəsi ölkəmizin böyük bir hissəsini, paytaxt da daxil olmaqla, öz təsiri altına ala bilər. Nüvə silahı adi silahlardan onunla fərqlənir ki, adi silah əgər 10 nəfəri, 100 nəfəri sıradan çıxarırsa, hərbçi və ya mülki fərq etməz, nüvə silahı isə minlərlə, on minlərlə, yüz minlərlə insanın həyatına son qoya bilər. Onun gücü kilotonla ölçülür. Yəni çəkisindən və gücündən asılı olaraq nə qədər insan həyatını itirə bilər, bu artıq silahın növündən və istifadə olunduğu məkandan asılıdır. Ola bilsin ki, elə bir yerdə istifadə olunsun ki, itkilərin sayı o qədər də böyük olmasın. Amma Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərləri təsəvvür etsək, eyni zamanda Tehran, Təbriz, İsfahan və digər böyük şəhərləri nəzərə alsaq, bu, artıq tamam fərqli mənzərə yaradar. Belə olan halda radiasiya buludunun ölkəmizə çatması mümkündür. Yenə də qeyd etmək istəyirəm ki, bizim heç gözləmədiyimiz halda müharibə cənubda getdiyi bir vaxtda biz birdən-birə dronları Naxçıvan istiqamətində gördük. Ona görə bu müharibə qapımızın ağzında getdiyinə görə həmin təhlükə hər an qalır və hər an mövcuddur”.
Nurcan Babək
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO










