Banner

Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH

Gündəm 13 Noyabr 2026 12:18
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
WhatsApp kanalımıza abunə olun

Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlər tarixən dərin qarşılıqlı etimad və əməkdaşlıq təməllərinə dayanır. Xüsusilə enerji sektorunda başlanılan qlobal layihələr – “Əsrin müqaviləsi” və Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması bu tərəfdaşlığın təməl daşını təşkil edib. İmzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə isə ikitərəfli əlaqələri tamamilə yeni müstəviyə qaldıraraq, ənənəvi sahələrlə yanaşı, yaşıl enerji, yüksək texnologiyalar və regional təhlükəsizlik kimi prioritet istiqamətlərdə dərin inteqrasiya üçün güclü zəmin yaradır.

Avtosfer.az xəbər verir ki, bu yeni mərhələ ölkəmizə ilk növbədə texnoloji yeniliklər və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından ciddi üstünlüklər qazandıracaq. Böyük Britaniyanın qabaqcıl yaşıl texnologiya şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində və ümumilikdə ölkə üzrə həyata keçirilən günəş və külək enerjisi layihələrində birbaşa iştirakı sürətlənəcək. Eyni zamanda, iki ölkə arasında akademik mübadilələrin, ikili diplom proqramlarının və informasiya texnologiyaları sahəsində bilik transferinin artması yerli mütəxəssislərin beynəlxalq standartlara uyğun hazırlanmasına və qeyri-neft sektoruna yeni britaniyalı investorların cəlb olunmasına təkan verəcək.

Böyük Britaniyanın Azərbaycanın enerji və nəqliyyat layihələrində iştirakına gəldikdə isə, bu əməkdaşlığın daha da genişlənəcəyi şübhə doğurmur. Onilliklərdir ölkəmizin əsas enerji tərəfdaşı olan BP-nin artıq bərpaolunan enerji layihələrində fəal rol alması bunun bariz nümunəsidir. Bununla yanaşı, regionda nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Orta Dəhlizin strateji əhəmiyyətinin artması fonunda Böyük Britaniyanın aparıcı logistika və maliyyə qurumlarının bu marşrutların modernləşdirilməsinə və infrastruktur layihələrinə investisiya yatırmaqda maraqlı olduğu açıq görünür.

Bu genişlənən tərəfdaşlıq fonunda Azərbaycanın regionun əsas yaşıl enerji və logistika mərkəzinə çevrilməsi prosesində Böyük Britaniya şirkətləri hansı sahədə daha həlledici rol oynaya bilər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi və iqtisadi imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Hesab edirəm ki, bu sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Azərbaycan artıq uzun illərdir ki, Böyük Britaniya ilə xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıq edir. BP şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr bu tərəfdaşlığın konkret nəticələridir. Yeni bəyannamə isə mövcud əməkdaşlığın daha geniş istiqamətləri əhatə etməsinə imkan yaradır.

Böyük Britaniyanın Azərbaycanın enerji sektorunda iştirakının genişlənməsi üçün kifayət qədər böyük potensial mövcuddur. Xüsusilə bərpaolunan enerji, yaşıl enerji texnologiyaları, enerji təhlükəsizliyi və yaşıl maliyyələşmə istiqamətlərində birgə layihələrin həyata keçirilməsi mümkündür. Azərbaycan təkcə neft və qaz ixracatçısı kimi deyil, eyni zamanda gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm rol oynaya biləcək ölkə kimi çıxış edir. Bu baxımdan Britaniya şirkətlərinin yeni enerji layihələrinə cəlb olunması həm investisiya imkanlarını genişləndirə, həm də ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verə bilər”.

Deputat qeyd edib ki, digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərb arasında mühüm tranzit ölkə olması və Orta Dəhlizin inkişafı bu əməkdaşlığı daha da aktuallaşdırır. Böyük Britaniyanın nəqliyyat infrastrukturu, logistika və maliyyələşmə sahəsində təcrübəsindən yararlanmaq ölkəmizin tranzit imkanlarının artırılmasına xidmət edə bilər. Bəyannamədə də Orta Dəhlizin inkişafına, nəqliyyat və infrastruktur layihələrinə dəstək xüsusi olaraq vurğulanır. Bununla yanaşı, sənəddə ticarət, investisiya, təhsil, innovasiya və rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq da nəzərdə tutulur.

Ümumilikdə, bu strateji tərəfdaşlığı yalnız diplomatik münasibətlərin yeni səviyyəyə yüksəlməsi kimi qiymətləndirmək düzgün olmazdı. Əsas məsələ imzalanmış sənəddə əksini tapan razılaşmaların konkret layihələrə və real iqtisadi nəticələrə çevrilməsidir. Düşünürəm ki, Azərbaycan və Böyük Britaniya arasında mövcud siyasi etimad və iqtisadi əlaqələr gələcəkdə daha böyük investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq ölkəmizin iqtisadi dayanıqlılığının gücləndirilməsinə, yeni iş yerlərinin açılmasına və beynəlxalq nəqliyyat-logistika sistemində mövqelərinin möhkəmlənməsinə xidmət edə bilər”.

Politoloq Aytən Qurbanovanın fikrincə isə, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqların qlobal güc mərkəzləri tərəfindən tanınmasının, Azərbaycanın praqmatik və çoxvektorlu xarici siyasətinin növbəti diplomatik uğurudur:

“Uzun illər əsasən karbohidrogen resurslarının istismarı və ixracı üzərində qurulan ikitərəfli münasibətlər bu sənədlə klassik enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq Avrasiyanın nəqliyyat-logistika təhlükəsizliyi, yaşıl enerji keçidi və geoiqtisadi inteqrasiya müstəvisinə transformasiya olunur. Bəyannamədə Orta Dəhlizin inkişafının strateji prioritet kimi təsbit edilməsi isə müasir beynəlxalq münasibətlər sistemində dərinləşən qütbləşmə və qlobal təchizat zəncirlərinin yenidən dizayn edildiyi bir dövrdə Azərbaycanın milli maraqları nöqteyi-nəzərindən müstəsna əhəmiyyət kəsb edir. Belə ki, Şərqi Avropadakı hərbi-siyasi böhran və ənənəvi Şimal marşrutunun sanksiyalar səbəbindən funksionallığını itirməsi Asiya ilə Avropa arasında fasiləsiz və təhlükəsiz ticarət axınının təmin olunmasını qlobal güclər üçün sırf kommersiya deyil, birbaşa iqtisadi təhlükəsizlik məsələsinə çevirib. Belə bir şəraitdə Azərbaycan coğrafi mövqeyini illərdir formalaşdırdığı müasir nəqliyyat-kommunikasiya infrastrukturu ilə birləşdirərək yeganə etibarlı alternativ kimi önə çıxır. Böyük Britaniyanın bu prosesə siyasi və iqtisadi dəstək verməsi təsdiqləyir ki, rəsmi London regionda yaranmış yeni reallıqları və Azərbaycanın Avrasiyanın əsas tranzit-logistika qovşağı rolunu qəbul edir, bu da ölkəmizin müstəqil xarici siyasət xəttinin beynəlxalq legitimliyini daha da möhkəmləndirir”.

Politoloq əlavə edib ki, milli iqtisadi maraqlar nöqteyi-nəzərindən yanaşdıqda, Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın qeyri-neft sektorunun transformasiyası üçün konkret praktiki imkanlar təqdim edir:

“Dünyanın aparıcı maliyyə və sığorta mərkəzlərindən biri olan Londonun kapital bazarlarına çıxış, eləcə də Britaniya maliyyə institutlarının və özəl sektorunun Orta Dəhliz layihələrinə cəlb olunması ölkəmizin infrastruktur yenilənməsinə yeni nəfəs verəcək. Burada əsas hədəf yalnız fiziki daşımaların həcminin artırılması deyil, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin genişləndirilməsi, dəmir yolu şəbəkəsinin rəqəmsallaşdırılması və müasir logistika hablarının yaradılması yolu ilə Azərbaycanı tranzit keçid ölkəsindən yüksək əlavə dəyər yaradan regional ticarət və xidmət mərkəzinə çevirməkdir. Britaniya texnologiyaları və idarəetmə standartlarının tətbiqi bu prosesin institusional keyfiyyətini təmin edəcək əsas amil kimi çıxış edir.

Bəyannamənin digər mühüm strateji ölçüsü Azərbaycanın Türk dünyası və Mərkəzi Asiya ölkələri ilə Qərb arasında birləşdirici körpü funksiyasının güclənməsidir. Qazaxıstan və Özbəkistan kimi resurslarla zəngin dövlətlərin dünya bazarlarına çıxışında Azərbaycanın əvəzsiz rolu ölkəmizin regional inteqrasiya proseslərindəki siyasi və iqtisadi çəkisini artırır. Eyni zamanda, sənəddə enerji və nəqliyyat əməkdaşlığının paralel şəkildə nəzərdən keçirilməsi gələcəyə hesablanmış uzaqgörən yanaşmadır. Azərbaycanın Xəzər dənizindəki nəhəng bərpaolunan enerji potensialı ilə Britaniyanın yaşıl maliyyə və aşağı karbon texnologiyaları sahəsindəki təcrübəsinin sintezi Orta Dəhlizi həm də ekoloji standartlara cavab verən müasir yaşıl nəqliyyat marşrutuna çevirmək imkanı yaradır. Nəticə etibarilə, Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlıq Bəyannaməsi Azərbaycanın öz coğrafi üstünlüklərini uzunmüddətli iqtisadi və siyasi dividendlərə çevirmək strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkəmizin Avrasiyanın yeni geoiqtisadi arxitekturasında söz sahibi olan aparıcı aktor kimi mövqeyini qətiləşdirir”.

Eltac Zülfüqaroğlu

Oxunub : 238
ŞƏRH YAZ
Ad

E-mail

Şərh