Banner

Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA

Gündəm 18 Noyabr 2026 13:11
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Gürcüstandan Azərbaycana avtomobil gətirilməsi uzun müddət alıcılar üçün əlçatan variantlardan biri olub. Avtosfer.az xəbər verir ki, xüsusilə daha münasib qiymətə avtomobil axtaranlar bu bazara üstünlük verirdilər. Lakin avtomobil idxalı ilə bağlı Gürcüstanda tətbiq edilən yeni rüsum dəyişiklikləri bu istiqamətdə alış edənlərin xərclərinə təsir edə bilər. Belə bir dəyişiklik avtomobilin ölkəyə gətirilmə xərcini artırmaqla yanaşı, satış qiymətlərində də özünü göstərə bilər. Azərbaycanda avtomobil bazarında son illər yeni markaların sayının artması və alıcıların seçim imkanlarının genişlənməsi də diqqət çəkir. Bəs yeni rüsum dəyişikliyi yerli avtomobil bazarına nə dərəcədə təsir edəcək? 

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, bu avtomobillərin idxalı zamanı Gürcüstandan birbaşa tranzit ölkə kimi istifadə olunması məsələsi burada nəzərdə tutulmur:

"Həmin avtomobillər Gürcüstanda satılmaq üçün gətirilir, satılır və ya aylarla, hətta illərlə satılmadan qalır. Sonradan isə bu avtomobillər Gürcüstandan üçüncü ölkələrə ixrac olunur və rüsum da məhz həmin ixrac zamanı alınır. Son illər Azərbaycan alıcısı üçün Gürcüstan bazarı aktuallığını itirib, minimum həddə düşüb. Bu o deməkdir ki, bizim bazara böyük bir təsir olmayacaq. Ölkəmizdə utilizasiya prosesi gedir, insanlar köhnə avtomobillərdən maksimum qaçmağa çalışır, yeni avtomobillər alır. Köhnə avtomobillər alanlar isə Amerikadan, Auksiondan alırlar və ya ikinci əl avtomobilləri Yaponiyadan, Koreyadan gətizdirirlər. Gürcüstan bazarı bizim üçün minimum həddə düşüb və bazarda alternativ seçimlər var. Gürcüstan bazarından köhnə ənənəvi üsullarla avtomobil alan 3-5 faiz müştəri üçün də bu qiymət artımı təsirsiz ötüşməyəcək. Onlar ya qiymət artımını nəzərə alaraq avtomobilləri bu qaydada gətirəcəklər, ya da satış məqsədilə gətirdikləri avtomobilləri satarkən üzərinə əlavə qazanc qoyacaqlar. Digər halda isə qazancından müəyyən qədər güzəşt edərək avtomobili əvvəlki qiymətə satacaq və yaranan əlavə xərci öz gəlirləri hesabına kompensasiya edəcəklər. Ölkəmizdə yetərincə Çin markaları var və ucuz qiymətə satılır. 10 il əvvəl olsaydı, bu, tamamilə başqa məsələ olardı. Çünki ötən 10 il ərzində ölkəmizin avtomobil sektorunda xeyli dəyişiklik baş verib. Artıq yerli istehsal və yığım avtomobilləri, o cümlədən müxtəlif Çin və Amerika markaları mövcuddur. İnsanlar da avtomobil alarkən bu markalara üz tuturlar. Auksion vasitəsilə daha ucuz, sağlam, normal avtomobil gətirmək imkanları var. Ona görə də bu qərarın Azərbaycan bazarında hansısa qiymət artımına təsir göstərəcəyini düşünmürəm". 

İqtisadçı Natiq Cəfərlinin fikrincə isə, ticarət tərəfdaşları tərəfdə istənilən rüsum artımı istər-istəməz Azərbaycan bazarında da təsirsiz ötüşmür:

"Əvvəlki aylar və illərlə müqayisədə Azərbaycan avtomobil idxalçıları indi daha çox rüsum ödəməli olacaqlarsa, bu məbləğ hər avtomobil üçün təxminən 170-180 dollar əlavə xərc deməkdir. Bu da Azərbaycan manatı ilə təxminən 300 manat təşkil edir və avtomobil bazarına təsirsiz ötüşməyəcək. Bu bahalı avtomobillərin qiymətində o qədər də hiss olunmayacaq, lakin ucuz avtomobillərdə daha çox özünü göstərəcək. Amma Azərbaycanda avtomobil bazarında da bir durğunluq var. Satışların həcmləri azalır. Ona görə də iş adamları bazarda müştəri tapmaqda çətinlik yaşamamaq üçün rüsum artımından yaranan əlavə xərcləri öz gəlirləri hesabına ödəməyə məcbur olsunlar".

Züleyxa Allahverdiyeva

Oxunub : 92
ŞƏRH YAZ
Ad

E-mail

Şərh