Banner

Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA

Gündəm 18 Noyabr 2026 15:41
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Qarşıdakı günlərdə ölkə ərazisində yağışlı və soyuq hava şəraitinin hökm sürəcəyi gözlənilir. Belə hava şəraiti şəhər infrastrukturunda, xüsusilə köhnə və istismar müddətini başa vurmuş binalarda müəyyən təhlükələr yarada bilər. Güclü yağış və külək fasadların, dam örtüklərinin zədələnməsinə, konstruksiya elementlərinin qoparaq ətrafa düşməsinə səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, bu cür hava şəraitində binaların texniki vəziyyəti və təhlükəsizliyi məsələsi yenidən aktuallaşır. Bəs Bakı şəhəri yağışlı və soyuq havalara nə dərəcədə hazırdır və mümkün təhlükələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ilk növbədə, hava şəraiti ilə bağlı məlumatların vaxtında və düzgün şəkildə vətəndaşlara çatdırılması vacibdir:


''Nəqliyyat qurumları gözlənilən hava şəraitinə uyğun qabaqlayıcı tədbirlər görməli, zərurət yarandıqda yollarda sürət həddinin azaldılması və təhlükəsizlik tədbirləri ilə bağlı məlumatları əvvəlcədən paylaşmalıdırlar. Hər hansı gecikmə və ya məhdudiyyət yaranacağı təqdirdə bunun da öncədən vətəndaşlara bildirilməsi vacibdir ki, insanlar öz gündəlik işlərini və səfərlərini planlaşdıra bilsinlər. Digər tərəfdən, riskləri minimuma endirmək üçün əvvəlki illərin təcrübəsi və son beş ildə iqlim dəyişikliklərinin təsirləri nəzərə alınmalıdır. Əgər qarşıdakı qış mövsümü əvvəlki illərlə müqayisədə daha sərt keçərsə və ya intensiv yağışlar səbəbindən yolların hərəkət hissəsində problemlər yaranarsa, operativ qərarların verilməsi və məsafədən idarəetmə imkanlarına baxılmalıdır. Sürücülər də hava şəraiti ilə bağlı verilən xəbərdarlıqlara uyğun davranmalı, sürət həddinə və təhlükəsizlik qaydalarına diqqət yetirməlidirlər. Qış aylarında yay təkərləri qış təkərləri ilə əvəzlənməli, dağlıq ərazilərə, eləcə də sürüşmə riski yüksək olan Şamaxı, Qusar, Kəlbəcər və digər istiqamətlərə səfər edənlər daha hazırlıqlı olmalıdırlar. Səfər zəruri olduğu halda sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görülməlidir''.
Ekspert qeyd edib ki, şəhər yollarında subasma riskinə gəldikdə isə dünya təcrübəsindən istifadə etməklə təhlükəli ərazilərlə bağlı vətəndaşlara əvvəlcədən SMS xəbərdarlıqlarının göndərilməsi məqsədəuyğun olardı:
''Bu, həm çayların məcrasından çıxması, həm də intensiv yağışlar nəticəsində müəyyən ərazilərin su altında qalması riskinə aiddir. Belə ərazilərin xəritələşdirilməsi və məlumat bazasının yaradılması vacibdir. Vətəndaşlar da həmin məlumatlara çıxış əldə etməli, hansı ərazilərdə mütəmadi olaraq subasma baş verdiyini bilməli və yağışlı havalarda səfərlərini buna uyğun planlaşdırmalıdırlar.
Dövlət tərəfindən 2026–2035-ci illəri əhatə edən müvafiq dövlət proqramı təsdiq olunub və 2025-ci ilin yayından etibarən bu istiqamətdə aktiv işlərə başlanılıb. Yağış suları və kanalizasiya sistemlərinin yenilənməsi məqsədilə Azərbaycanın tarixində misli görünməmiş həcmdə kollektorların tikintisi eyni vaxtda bir neçə istiqamətdə həyata keçirilir. Səhv etmirəmsə, Abşeron yarımadasında yeddi istiqamətdə kollektorlar inşa olunur. Eyni zamanda kollektorların sonunda təmizləyici qurğuların tikintisi də nəzərdə tutulub.
Burada əsas məqsəd böyük həcmdə yağış suyunu qəbul edə və onu lazımi istiqamətə nəql edə bilən sistemin qurulmasıdır. Hazırda əsas problem suyun böyük həcmdə toplanması, lakin onu ötürəcək müvafiq sistemin yetərli olmamasıdır. Bu problemi həll etmək üçün mikro tunel texnologiyasından istifadə olunur. Yəni açıq qazma üsulundan fərqli olaraq, müəyyən məsafələrlə şaxtalar qazılır və onların arasında mikro tunellər vasitəsilə əlaqə yaradılır. Artıq şəhərin müxtəlif ərazilərində bu istiqamətdə işlər aparılır. Belə layihələrdən biri Əl Oyunları Sarayından Zığa qədər uzanan Sahil kollektorudur. Bundan əlavə, Bilgəh, Nardaran və Pirşağı istiqamətində, Böyükşor gölünün ətrafında, Xırdalanın şimalından Ceyranbatan gölü ərazisi vasitəsilə Müşfiqabad hövzəsinə qədər, həmçinin Xocəsən–Lökbatan istiqamətində kollektorların tikintisi həyata keçirilir. Dərnəgül, Sabunçu, Bakıxanov, Qaraçuxur, Zığ və Hövsan istiqamətlərində də mövcud kollektor sistemlərinin təkmilləşdirilməsi və yeni kollektorların inşası nəzərdə tutulur. Bəzi göllərin təmizlənməsi layihələri çərçivəsində də təmizləyici qurğular tikilir. Bülbülə, Böyükşor və Zığ göllərinin ətrafında, eləcə də Lökbatan istiqamətində yerləşən göllər ərazisində bu işlər həyata keçirilir. Bu layihələr Abşeron yarımadasının ekoloji vəziyyətinə, o cümlədən göllərin təmizliyinə də müsbət təsir göstərəcək. Beləliklə, vahid layihə çərçivəsində uzun illərdir mövcud olan bir neçə problemin həlli mümkün olacaq. Bununla belə, sadaladığım tədbirlərin həyata keçirilməsində müxtəlif qurumların üzərinə düşən vəzifələr var. Bu işlər kompleks şəkildə icra olunarsa, vətəndaşlar yağışlı və soyuq hava şəraitini daha az problemlə keçirə bilərlər. Kollektor və digər infrastruktur layihələri tam başa çatana qədər bəzi ərazilərdə subasma halları yenə də müşahidə oluna bilər. Lakin qabaqlayıcı tədbirlər, düzgün proqnozlaşdırma, məlumatlandırma və maarifləndirmə yolu ilə bu halların təsirini minimuma endirmək mümkündür. Həm aidiyyəti qurumlar, həm də vətəndaşlar üzərlərinə düşən məsuliyyəti yerinə yetirməlidirlər''.

Memar Cahid Həsənovun fikrincə, təbii ki, hazırda hava şəraitinin kəskin dəyişdiyi bir dövrə qədəm qoymuşuq:


''Bakı şəhərində binaların fasadlarının, dam örtüklərinin və digər tikililərin bu hava şəraitinə nə dərəcədə hazır olması ilə bağlı konkret fikir bildirmək çətindir. Lakin müşahidələr göstərir ki, hər il belə hava şəraitində fasadların və dam örtüklərinin zədələnməsi, müxtəlif konstruksiya elementlərinin qoparaq yerə düşməsi halları ilə rastlaşırıq. Bu məsələlərə vaxtında nəzarət olunmalıdır. Xüsusilə binaların tikintisi və təhvil-təslimi zamanı istifadə olunan materialların keyfiyyəti yoxlanılmalıdır. Burada söhbət şəxsin öz evində istifadə etdiyi materialdan getmir. Şəhərin mərkəzində, on minlərlə insanın hər gün hərəkət etdiyi ərazilərdə yerləşən binaların fasadlarında istifadə olunan üzlük materiallarının və konstruksiyaların keyfiyyəti xüsusi əhəmiyyət daşıyır. Buna görə də həmin işlərə ciddi nəzarət edilməlidir. Köhnə binalardan danışırıqsa, Sovet İttifaqı dövründə inşa edilən tikililərin əksəriyyətinin istismar müddəti 50 il nəzərdə tutulub. Artıq bu müddəti aşan kifayət qədər bina var. Hesab edirəm ki, belə binalarla bağlı mərhələli şəkildə qərarlar qəbul edilməli, zəruri hallarda onların sökülərək yerində yeni binaların tikilməsi, yaşıllıq zolaqlarının salınması kimi tədbirlər həyata keçirilməlidir. Köhnə və istismar müddətini başa vurmuş binalarda risklər daha yüksəkdir. Burada təhlükə yalnız yağışlı və küləkli hava ilə məhdudlaşmır. Zəlzələ kimi təbii fəlakətlər də ciddi risk yarada bilər. Hətta heç bir təbii hadisə baş vermədiyi halda belə, istismar müddətini başa vurmuş binaların üzlük materialları zamanla qoparaq insanların üzərinə düşə bilər. Yəni bunun baş verməsi üçün mütləq güclü külək və ya yağış olması vacib deyil. Ona görə də bu binaların texniki vəziyyətinin yoxlanılması və təhlükəli tikililərlə bağlı tədbirlərin sürətləndirilməsi daha məqsədəuyğun olardı''.

Fatimə

Oxunub : 218
ŞƏRH YAZ
Ad

E-mail

Şərh