Banner

Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA

Gündəm 27 Oktyabr 2026 15:18
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda mal əti və ət məhsullarının yerli istehsalında azalma, idxalında isə ciddi artım qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yeni açıqlanan “Azərbaycanın ərzaq balansları – 2026” statistik məcmuəsində məlumat verilib.

Məcmuəyə əsasən, 2025-ci ildə ölkədə 150 min 479 ton mal əti və ət məhsulları istehsal olunub. 2024-cü ildə isə bu rəqəm 152 min 878 ton təşkil edib. Beləliklə, illik istehsal 2 min 399 ton və ya 1,6 faiz azalıb.

Bunun əksinə olaraq, ət idxalında nəzərəçarpacaq artım baş verib. 2024-cü ildə 19 min 937 ton olan idxalın həcmi ötən il 29 min 619 tona çatıb. Bu isə 48,6 faizlik artım deməkdir.

İstehsalın azalması və idxalın artması fonunda Azərbaycanda dana ətinin qiyməti də yüksəlməkdə davam edir. Hazırda Bakıda bir kiloqram dana əti 19 manata, sümüksüz ət isə 23-25 manata təklif olunur. Müqayisə üçün, ötən ilin eyni dövründə dana ətinin kiloqramı 16 manat, iki il əvvəl isə 13-14 manat civarında satılırdı.

Bahalaşmanın səbəbi nədir və nə vaxta kimi davam edəcək?

İqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, son 10 ilin statistikasına baxanda görə bilərik ki, saxlanılan xırdabuynuzlu heyvanların sayında təqribən 20% azalma var, iribuynuzlu heyvanların sayında da bu azalma müşahidə edilir. 5-6%-lik azalma var.

“Əhalinin ət tələbatı 25%-ə qədər artıb, son 10 ildə isə kəsilən ətin həcmi də 25% yüksəlib. Bununla yanaşı, otlaq sahələrinin azalması və heyvan saxlama xərclərinin artması heyvandarlığa marağı azaldıb. Nəticədə yerli istehsal tələbatı ödəməkdə çətinlik çəkir.
Əvvəllər qiymət artımını müəyyən qədər məhdudlaşdıran ucuz idxal da artıq əvvəlki rolunu oynamır. Ukrayna-Rusiya müharibəsi, hər iki ölkədə ət qiymətlərinin yüksəlməsi və logistika xərclərinin artması idxalı bahalaşdırıb. Tələbatın artması, yerli heyvandarlıqda heyvan sayının azalması və ucuz idxal imkanlarının məhdudlaşması ətin bahalaşmasına səbəb olur. Bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyi gözlənilir.
Xəstəliklərin yayılması da ət təklifinə mənfi təsir göstərir. Xüsusilə, dabaq xəstəliyinin miqyası və bazara çıxarılan ətin həcminə təsiri qiymətlərin gələcək dinamikasını müəyyən edən amillərdən biri olacaq. Xəstə heyvanlardan əldə edilən ətin satışa çıxarılmasına qoyulan məhdudiyyətlər təklifi azaldaraq qiymət artımını sürətləndirə bilər”.

Türkan Ülvi

Oxunub : 250
ŞƏRH YAZ
Ad

E-mail

Şərh