Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu, qazandığı tarixi qələbələr və dövlətçilik tarixində oynadığı mühüm rol bir daha diqqət mərkəzinə gəlib.
Avtosfer.az xəbər verir ki, müstəqilliyin ilk illərində qarşılaşdığı çətinliklərə baxmayaraq, Azərbaycan güclü və peşəkar ordu quruculuğu yolu keçərək regionun ən qüdrətli hərbi qüvvələrindən birinə çevrilib. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfər Azərbaycan Ordusunun döyüş qabiliyyətini və xalq-dövlət-ordu birliyini bütün dünyaya nümayiş etdirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqının tarixi göstərib ki, torpaqların itirilməsinə təkcə silahın zəifliyi deyil, siyasi parçalanma, daxili çəkişmələr və vahid rəhbərliyin olmaması da səbəb olub:
"Məhz buna görə 26 İyun Silahlı Qüvvələr Günü güclü dövlət, güclü ordu və xalq birliyinin əhəmiyyətini xatırladan xüsusi tarixdir. 1918-ci ildə əsası qoyulan milli ordu ənənələri sonrakı illərdə inkişaf etdirildi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə orduda vahid komandanlıq bərpa olundu, nizami ordu quruculuğu yeni mərhələyə qədəm qoydu və gələcək uğurların təməli atıldı".
Deputat qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi:
"44 günlük müharibə nəticəsində torpaqlar işğaldan azad edildi, ərazi bütövlüyü bərpa olundu və Azərbaycan qalib dövlət kimi öz siyasi iradəsini ortaya qoydu. Bu gün ordumuz ölkənin təhlükəsizliyinin və suverenliyinin əsas təminatçısıdır".
Hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inkişafını davam etdirir:
"Ordunun əsas vəzifəsi ölkənin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını xarici və daxili təhdidlərdən qorumaq, dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək və döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaqdır. Vətən müharibəsində qazanılan tarixi zəfər Azərbaycan ordusunun düzgün inkişaf yolu keçdiyini sübut etdi. Torpaqlarımızın işğaldan azad olunması ilə ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün Ordumuzun qarşısında duran əsas vəzifələr azad edilmiş ərazilərin, dövlət sərhədlərinin və milli təhlükəsizliyin qorunmasıdır".
Ekspert vurğulayıb ki, müasir geosiyasi şəraitdə müdafiə və təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır:
"Buna görə də Azərbaycan Ordusu müasir texnologiyalarla təchiz olunur, döyüş hazırlığı artırılır və beynəlxalq təcrübə öyrənilir. Ali Baş Komandanın tapşırığına uyğun olaraq Azərbaycan Ordusunda Türkiyə modelinə keçidlə bağlı geniş islahatlar həyata keçirilib və bu proses artıq yekun mərhələyə çatıb. Türkiyə ilə birgə hərbi təlimlər mütəmadi keçirilir, əməkdaşlıq daha da genişlənir. Eyni zamanda hərbi kadr hazırlığına xüsusi diqqət yetirilir. Milli Müdafiə Universiteti və onun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində müasir hərbi təcrübəyə əsaslanan tədris sistemi tətbiq olunur. Döyüş təcrübəsi olan zabitlərin hazırlıq prosesində iştirakı gələcək kadrların peşəkarlığının artırılmasına xidmət edir. Bu gün Azərbaycan Ordusu müasir, peşəkar və daim inkişaf edən bir qüvvədir. Ordumuz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə qadirdir və Azərbaycan xalqının qürur mənbəyi olaraq ölkənin təhlükəsizliyinin etibarlı təminatçısıdır".
Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə isə, şanlı Azərbaycan Ordusunun yaranmasının 108-ci ildönümü tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli ordumuzun əsası qoyuldu:

'Həmin ilin avqustunda Hərbi Nazirlik təsis edildi, qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik qüvvələrindən azad etdi. 1920-ci ildə sovet işğalı nəticəsində Cümhuriyyət süqut etdi, Milli Ordu ləğv olundu, bir çox azərbaycanlı generallar repressiyaya məruz qaldı. Müstəqilliyin bərpasından sonra Ermənistanın hərbi təcavüzü fonunda güclü ordu quruculuğu həyati zərurətə çevrildi. Lakin yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Vahid komandanlıq yaradıldı, hərbi intizam bərpa olundu və 1994-cü ilin Horadiz əməliyyatı Azərbaycan Ordusunun ilk uğurlarından biri kimi tarixə düşdü''.
Deputat müsahibəsində bildirib ki, 1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə 26 İyun Silahlı Qüvvələr Günü elan edildi:
''Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha da gücləndirildi, müasir silahlarla təchiz olundu və peşəkar hərbi qüvvəyə çevrildi. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Naxçıvan əməliyyatı Ordumuzun gücünü nümayiş etdirdi və gələcək Zəfərin müjdəçisi oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandı. 44 gün ərzində işğal altında olan torpaqların böyük hissəsi azad edildi, noyabrın 8-də Şuşa şəhəri işğaldan qurtarıldı. Nəticədə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz geri qaytarıldı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Ordumuzun uğurlarının əsasında Prezident İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi və peşəkar hərbi hazırlıq dayanır. Azərbaycan Ordusu ölkənin təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin əsas təminatçısı olaraq fəaliyyətini davam etdirir''.
Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Qalib Azərbaycan Xalqı!
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fatimə Dadaşova
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq










