Bakı küçələri artıq daha ədalətli bölünür - Tərlan Səfərov
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hərəkətin yenidən təşkili ilə bağlı müxtəlif layihələr həyata keçirilir.
Belə ki, sərnişinlərin mənzil başına daha tez və rahat çata bilməsi üçün xüsusi hərəkət zolaqları təşkil edilir, böyük piyada axını müşahidə edilən ərazilərdə təhlükəsiz piyada zonalarının yaradılması ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılır və piyadalaşdırılır.
Eyni zamanda, yol hərəkətinin təşkili ilə bağlı müxtəlif innovativ yanaşmalardan istifadə olunur, nişanlanma xətləri və yol nişanları quraşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az görülən işlərlə daha ətraflı tanış olmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərovla həmsöhbət olub.
- Tərlan müəllim. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təşkili istiqamətində hansı layihələr həyata keçirilir?
- AYNA Bakı şəhərində dayanıqlı nəqliyyat sisteminin qurulması istiqamətində tədbirlərini davam etdirir. Bu çərçivədə prioritetlərin müəyyən edilməsi, yol hərəkətinin təşkili və təhlükəsizliyi səviyyəsinin artırılması üçün mütəmadi olaraq yeni layihələrin icrası reallaşır. Yol hərəkətinin təşkili istiqamətində hazırlanmış layihələr əsasən bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə, kəsişmələrdə sıxlıqların azaldılması, müntəzəm sərnişindaşımalarda səmərəliliyin artırılmasına hesablanır.
Cari il ərzində Agentlik tərəfindən yol hərəkətinin təşkilinə dair 10-dan çox layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Şuranın qərarı ilə təsdiqlənmiş layihələrdən 3 ədədi üzrə işlər yekunlaşdırılıb. Bunlar Xəlil Rza Ulutürk küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsində geriyədönmə yeri, Xocalı prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində işıqforla nizamlanan yolayrıcının təşkili və Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə edilən dəyişikliklərdir. Həyata keçirilən layihələr əsasən ictimai nəqliyyat xidmətlərində izafi yürüşlərin qarşısının alınmasına, səmərəliliyin və xidmət keyfiyyətinin artırılmasına, yol sahəsində təhlükəsizlik səviyyəsinin artırılmasına və sıxlığın azaldılmasına xidmət edib. Layihələr yekunlaşdıqdan sonra aparılan monitorinqlər hər 3 layihəni uğurlu hesab etməyə imkan verir. Yaxın gələcəkdə Ukrayna dairəsi, Koroğlu Rəhimov küçəsi, Nərimanov heykəlinin ətrafı və digər bir neçə problemli yol sahələrində layihələrin icrası istiqamətində işlərə başlanılması planlaşdırılır.
- Küçə və prospektlərdə yenidənqurma və təmir işləri həyata keçirilərkən əsas diqqət edilən məqamlar nələr olur?
- Agentliyin mütəxəssisləri tərəfindən yenidənqurma və təmir işləri həyata keçirilən bütün küçələrdə nəqliyyat şəraiti və axınlar təhlil olunur, qısa müddət ərzində yeni layihələr hazırlanaraq reallaşdırılır. Əsaslı yenidənqurma işləri aparılmış 8 Noyabr prospektində yolun hərəkət hissəsinin hesabına prospektboyu 20 km-ə yaxın məsafədə velosiped yolları layihələndirilib. Hazırda layihənin icrası istiqamətində işlər davam etdirilir. Təmir işləri aparılan küçələrdə isə nişanlamalar hesabına yolda hərəkət yenidən təşkil edilir, mümkün olan yerlərdə yüksək maliyyə vəsaiti xərclənmədən avtobus və velosiped zolaqları təşkil edilməklə küçənin yol hərəkəti iştirakçıları arasında daha ədalətli şəkildə bölünməsi təmin edilir.
- Yol hərəkətinin təşkilində hansı innovativ həllərdən istifadə olunur?
- Yollarda layihələndirmə işləri aparılarkən daha çox bu gün dünya təcrübəsində tətbiq edilən müasir standartlara istinad edilir. Hərəkət zolaqlarının enini 3 metrə qədər azaltmaqla yolun buraxıcılıq qabiliyyəti artırılır, eyni zamanda, eyni yol sahəsində zolaq sayı saxlanılmaqla əlavə parklanma yerləri, velosiped zolaqları təşkil etməyə imkan verir. Yol nişanlama işləri icra edilərkən boyanın keyfiyyətinə xüsusi önəm verilir. Hazırda AYNA tərəfindən yolların nişanlaması üçün istifadə edilən boyalar daha çox qalıcılığa, yüksək işıqqaytarıcılığa malikdir. Nişanlama işləri zamanı sürücüləri narahat edən məsələlər yenidən təhlil edilir, çatışmazlıqlar aradan qaldırılır, kəsişmələrdə istiqamət göstərən oxlar iki və daha artıq dəfə təkrarlanır. Yol nişanlamalarının effektivliyini artırmaq üçün köhnə boyaların silinməsi üçün ilk dəfə xüsusi avadanlıqdan istifadə edilir. Bu avadanlıq yolda boyaları sürətli və effektiv şəkildə silməyə imkan verir ki, bu da əlavə xərclərə yol verməməyə, işi daha səmərəli təşkil etməyə şərait yaradır. Təmir edilən küçələrdə yeni müasir standartlara uyğun yol nişanları quraşdırılır. Bu cür nişanlar artıq Ə.Rəcəbli və Ü.Hacıbəyov küçələrində tətbiq edilib. Bu nişanlar təkrar emalı rahat olan yüngül materialdan hazırlanır və kənarları bükülmüş şəkildə olur ki, bu da onları daha ekoloji, təmiz və təhlükəsiz edir. Eyni zamanda, nişanlar yüksək işıqqaytarıcılığa malikdirlər. Nişanlar əvvəl quraşdırılan yol nişanları ilə müqayisədə daha kiçikdir ki, bu da küçələrimizdə görüntü kirliliyinin azalmasına imkan verir.
- Xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı da layihələr həyata keçirilir. Avtobus zolaqlarının əhəmiyyəti nələrdir?
- Avtobus zolaqları ictimai nəqliyyat xidmətlərinin yaxşılaşdırılması üçün ən sadə, lakin ən vacib elementlərdən biridir. Bu gün şəhərimizdə artıq 29 küçə üzrə 85 km xüsusi hərəkət zolaqları mövcuddur. Qeyd edim ki, müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla gün ərzində 68 minə yaxın avtobus hərəkət edir, 900 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. Bu gün avtobuslarla 1,2 milyon sərnişinin daşınması həyata keçirilir. Hazırda Zabrat yolu kimi tanıdığımız ərazidə zolaqların təşkili işləri davam etdirilir. Bu zolaqların təşkili avtobusların intervallara uyğun olaraq vaxtında çatmasını təmin etməklə yanaşı, həm də onların istismar xərclərini azaltmağa imkan verir.
- Bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb və piyadalaşdırılıb. Bu layihələr barədə məlumat verərdiniz.
- Agentlik fəaliyyətə başladığı ilk gündən piyadaların rahat və təhlükəsiz hərəkəti prioritet hesab olunur. Bir neçə gün öncə Xaqani bağı ətrafında yerləşən küçələr bağa birləşdirildikdən sonra yeni görkəmdə piyadaların ixtiyarına verildi. Hazırda 28 may metro stansiyasının qarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaq üzrədir. Hər iki tədbir AYNA-nın təklifləri əsasında Nəqliyyatı Əlaqələndirmə Şurasında razılaşdırılıb. Eyni zamanda, artıq 6 aydır ki, həftəsonları və digər qeyri-iş günlərində şəhər mərkəzində yerləşən bir sıra küçələr sakinlər istisna olmaqla digər avtomobillərin hərəkəti üçün bağlanır. Bu dəyişikliklər qeyd edilən ərazilərdə hamı üçün çox gözəl bir mühitin formalaşmasına imkan verməklə yanaşı, ərazinin turizm və biznes potensialının daha da artmasına kömək edir. Yuxarıda sadalanan bütün istiqamətlər üzrə tədbirlərin davam etdirilməsi planlaşdırılır. Məqsəd Bakı şəhərində mobilliyin inkişafı, tıxacların azaldılması, küçələrimizi daha təhlükəsiz, əlçatan və həyat dolu etməklə vətəndaş məmnunluğunun artırılmasıdır.