Banner

“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından MÜRACİƏT

Gündəm 20 Noyabr 2026 12:11
“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından MÜRACİƏT
WhatsApp kanalımıza abunə olun

Həbsdə olan “JOY Tour” şirkətinin təsisçisi Rəşad İlyasovun yaxınları onun həbsdə saxlanılması ilə bağlı yenidən şikayətçirdilər. 

Avtosfer.az xəbər verir ki, iş adamının anası Tamam Həsənova oğlunun vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib.

“Oğlumun barəsində seçilmiş, bizim qanunsuz və əsassız hesab etdiyimiz həbs qətimkan tədbiri hələ də davam edir. Rəşad 15 noyabr 2026-cı ildən quru aclıq aksiyasına başlayıb. Bir ana kimi övladımın hazırkı vəziyyətindən çox narahatam. Quru aclıq onun sağlamlığına ciddi və geridönməz zərər vura bilər. Aidiyyəti qurumlardan məsələni ciddi nəzarətə götürmələrini təkidlə tələb edirəm.

Faktiki olaraq ibtidai istintaq başa çatıb, ittiham aktı tərtib olunub və iş məhkəməyə göndərilib. Rəşadın bundan sonra istintaqın gedişinə müdaxilə etmək, sübutlara təsir göstərmək imkanı yoxdur. O, cəmiyyət üçün də heç bir təhlükə daşımır. Belə olan halda onun həbsdə saxlanılması hansı konkret zərurətlə əsaslandırılır? İstintaq artıq yekunlaşıbsa, həbsin davam etdirilməsi üçün hansı real risk qalıb?”

T.Həsənova iddia edib ki, ittiham aktında Rəşadın təqsirini sübut edən konkret fakt göstərilməyib: “Hansı zərərçəkmiş pulunu Rəşada verib? Hansı vəsait onun şəxsi hesabına daxil olub? Hansı konkret məbləği mənimsədiyi sübuta yetirilib? Əgər bunlar göstərilməyibsə, günahsız hesab etdiyimiz bir şəxsin həbsdə saxlanılması hansı meyarlara əsaslanır?

Əgər qanun qarşısında hər kəs bərabərdirsə və bu bizim Konstitusiya ilə qorunan haqqımızdırsa, eyni cinayət işi üzrə niyə fərqli yanaşma var? Rəşad və Nərmin Fətullayeva barəsində əməlin bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı ittiham irəli sürülübsə, niyə bu şəxslərdən biri azadlıqdadır, oğlum isə həbsdədir və haqq səsini çatdırmaq üçün sağlamlığını təhlükəyə ataraq quru aclıq aksiyasına başlamağa məcbur qalıb?

Niyə Nərmin Fətullayevanın hüquqları 40-a yaxın zərərçəkmişin və həbsdə saxlanılan həmtəsisçinin hüquqlarından daha üstün tutulur? Biz heç kimin qanunsuz həbsini istəmirik. Sadəcə eyni hüquqi meyarların hər kəsə eyni qaydada tətbiq olunmasını istəyirik. Əgər fərqli yanaşmanın hüquqi əsası varsa, bu, cəmiyyətə və zərərçəkmişlərə aydın şəkildə izah edilməlidir”.

Şikayətçi məsələ ilə bağlı dövlət qurumlarına müraciət etdiyini deyib: “Dövlətimizin qanunları var. Mən bir ana kimi soruşuram: əgər oğlumun konkret təqsiri sübuta yetirilməyibsə, onun azadlıq hüququ niyə hələ də məhdudlaşdırılır? Əgər eyni iş üzrə digər təqsirləndirilən şəxs azadlıqdadırsa, oğluma qarşı tətbiq edilən ən ağır qətimkan tədbirinin hüquqi və faktiki əsası nədir?”

“Mən Baş Prokurorluqdan, məhkəmə orqanlarından, Ombudsmandan və digər aidiyyəti dövlət qurumlarından bu məsələni təcili nəzarətə götürmələrini, Rəşadın səhhətinin qorunmasını və onun barəsində seçilmiş həbs qətimkan tədbirinə yenidən obyektiv hüquqi qiymət verilməsini tələb edirəm.

Oğlumun başına bir iş gəlsə, buna kim cavab verəcək? Mən heç kimdən güzəşt istəmirəm. Mən yalnız qanunun hamıya bərabər tətbiq olunmasını və oğlumun hüquqlarının qorunmasını istəyirəm”, – Tamam Həsənova bildirib.

Qeyd edək ki, R.İlyasov və N.Fətullayeva barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir./qafqazinfo

Oxunub : 66
ŞƏRH YAZ
Ad

E-mail

Şərh