Banner

Bakının dərinləşən tıxac problemi: Çıxış yolu varmı? - FOTO

Gündəm 24 İyul 2023 13:09 Oxunub 794
Bakının dərinləşən tıxac problemi:  Çıxış yolu varmı?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı küçələrinin daimi problemi olan tıxaclar dözülməz həddə çatıb. Maşınların sayı isə gündən-günə daha da artır. Maraqlıdır, əhalinin ictimai nəqliyyatdan istifadəyə üstünlük verməməsinin səbəbi avtobusların bərbad iş rejimi ilə bağlıdır, yoxsa başqa səbəblər mövcuddur? 

Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirdi ki, problem avtobusların sayının az olması ilə bağlıdır:

"Tıxac artıq həyat tərzinə çevrilib. İnsanlar tıxacı nəzərə alaraq plan qurub, vaxtı ona görə ayarlayırlar. Bir çox ölkələrdə yaşanan bu problem artıq Azərbaycanda da qabarıq şəkildə özünü göstərir, xüsusən də Bakıda. Bundan çıxış yolu isə ictimai nəqliyyatı inkişaf etdirməkdir. Avtobusların qrafiki tez-tez dəyişir, bu, narahatlıq yaradır, eyni marşrut üzrə say azalır və s. problemlər ortaya çıxır, ona görə də vətəndaşlar şəxsi avtomobilə üstünlük verirlər. Şəxsi avtomobil ala bilməyənlər isə taksi xidmətindən istifadə edirlər. Nəticədə yollarda nəqliyyat axını sürətləndirir və sıxlıq yaranır. Şəxsi avtomobillərtin də intensiv olaraq bəlli saatlarda hərəkəti qaçınılmazdır. Taksı daha çox hərəkət edir. Çünki ondan sadəcə sürücü özü istifadə etmir, gündəlik ən azından 15-25 arası gediş edir. Şəxsi avtomobil isə biraz şükürlüdür. Gün ərzində deyək ki, maksimum 5 gediş edir. Evdən çıxmaq, iş yerinə çatmaq, iş yerindən çıxmaq, evə çatmaq və ya bir dəfə haradasa dayana bilər, restorana gedə bilər. Biz bunu 5-7 arası götürə bilərik. Bu baxımdan vətəndaşa ictimai nəqliyyatdan istifadə imkanı versək, bu daha səmərəli olar". 

Ekspert bildirib ki, bu gün vətəndaşın şəxsi maşına üstünlük verməsinin səbəbi ictimai nəqliyyatdan istifadə imkanlarının məhdud olmasından irəli gəlir:

"Məsələn, bu gün Bakı şəhərinə minimum 2500-dən çox avtobus lazımdır, amma xəttə 1700, hətta bəzən 1500 avtobus çıxır. Yəni, 1000 avtobus çatmır. Bu 1000 avtobus minimum 50 sərnişini bir nöqtədən digər istiqamətə daşıyırsa, 2-yə vuranda 100 sərnişin edir. Gün ərzində 10 dövrə edəndə 1000 adam daşımış olur. Bu sayı da 1000 avtobusa vuranda görün neçə milyon sərnişin əziyyət çəkir. Sərnişin bir nöqtədə düşür, digərinə minir, metroya düşür, ordan çıxır digər avtobusa minir və s. bunların hamısı hərəkətdir. Bir sərnişin gün ərzində 5-6, hətta ola bilsin ki, 8 dəfə avtobusa minir. Bunun hamısı saya təsir göstərir. Bu imkanları yaradanda, sərnişin də biləcək ki, ictimai nəqliyyatdan səmərəli istifadə edərək rahat şəkildə Mərdəkandan çıxıb Lökbatana gedə bilər. Məsələn, təşkil etmək olar ki, Mərkəkandan çıxan sərnişin gəlsin Koroğlu metrosuna, sonra isə metroya ilə getsin Lökbatana. Biz bunu təşkil edə bilərik, amma etmirik. Bakı şəhərində ancaq mərkəzi küçələrə metro stansiyaları çəkirlər. Hələ indi-indi kənarlara çıxmağa başlayıblar və son illərdə "Avtovağzal”, "Azadlıq”, "Nəsimi”, "Dərnəgül” kimi yeni stansiyalar çəkilib". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh