BƏƏ-dəki ölkə başçılarının görüşü sülh sazişini sürətləndirə bilər? – POLİTOLOQDAN AÇIQLAMA - FOTO

Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesində beynəlxalq vasitəçilərin rolu, diplomatik platformaların dəyişməsi və regionda geosiyasi maraqların toqquşması fonunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi yeni diplomatik məkana çevrilib. Məhz burada keçirilən son görüş tərəflər arasında birbaşa təmasların intensivləşdiyini göstərir. Son dövrlər Qərb platformalarında baş verən gərginlik fonunda, Azərbaycan və Ermənistanın neytral hesab edilən üçüncü ölkədə görüşməsi, müzakirələrin daha sakit və təzyiqlər olmayan mühitdə aparılması baxımından müsbət qiymətləndirilir.
Görüşdə gündəmdə duran əsas məsələlərdən biri sülh sazişinin hüquqi detalları, sərhədlərin delimitasiyası və regionda kommunikasiyaların açılması olub. Eyni zamanda beynəlxalq aktorların, xüsusilə Avropa İttifaqı və ABŞ-nin bu prosesə yanaşması da nəzərdən keçirilib. Bu isə onu göstərir ki, danışıqların məkanı dəyişsə də, prosesin strateji əhəmiyyəti və nəticələrə olan gözləntilər yüksəkdir.
Bəs Abu Dabidə baş tutan bu görüş sülh prosesinə necə təsir edəcək? Qarşıdakı mərhələlərdə hansı real irəliləyişlər gözlənilir?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, Abu Dabi görüşündən gözləntilər böyükdür:

“Çünki görüş özü qəfil təyin olundu. Bu o deməkdir ki, tərəflərin sülh danışıqlarında irəliləmək istəkləri var. Əsasən də top Paşinyanın meydanındadır. Çünki konstitusiya dəyişikliyi məsələsini həll etməlidir. Minsk qrupundan imtina məsələsini həll etməlidir. Bu olarsa, əlbəttə sülh sazişinin imzalanması da sürətlənər. BƏƏ-nin sülhün imzalanmasında marağı da ondan ibarətdir ki, bu dövlətin həm Azərbaycana, həm də Ermənistana böyük yatırımları var. Yatırımların təhlükəsizliyi baxımından da Cənubi Qafqazda sülh BƏƏ üçün vacib və əhəmiyyətlidir.

Əsas məsələ odur ki, Azərbaycan və Ermənistan artıq vasitəçiyə ehtiyac duymadan, xüsusilə Rusiyaya ehtiyac duymadan danışıqlar aparır və müəyyən nəticələr də var. Komissiyalar sərhədin bir hissəsini müəyyən edib, sülh sazişinin mətni demək olar ki, hazırdır. Təmas xəttində insidentlər yoxdur. Bunlar hamısı məsələnin müsbət tərəfidir. Abu Dabidə sülh sazişi imzalanmasa da bir niyyət ortaya qoyula bilər. Bir niyyət sənədi də ortaya qoyula bilər. Bu da sülh prosesini sürətləndirə bilər”.

Politoloq əlavə olaraq qeyd edib ki, əslində Paşinyan konstitusiya dəyişikliklərini gələn il parlament seçkilərindən sonraya salır, amma, bu, Paşinyanın özü üçün zərərlidir:
“Çünki ona qarşı müxtəlif qüvvələr birləşir. Paşinyan üçün daha vacibdir bu gün Azərbaycan və Türkiyə ilə sülh əldə etsin. Çünki sülh onu bu gərginlikdən də qurtara bilər. Ona görə Abu Dabi görüşündən müsbət nəticənin çıxacağını ehtimal etmək olar”.
Eltac Zülfüqaroğlu
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI













