Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən sammiti çərçivəsində liderlərin ikitərəfli görüşləri diqqət çəkib. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan, İran Prezidenti Məsud Pezeşkian, Rusiya Prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi ilə təmasları regional proseslər baxımından mühüm hesab olunur.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Bişkəkdə keçirilən görüşləri şərh edərək, İlham Əliyevin keçirdiyi görüşlərin Azərbaycan və region üçün əhəmiyyətli mesajlar verdiyini bildirib.
Politoloqun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyanın Bişkəkdə ilk dəfə görüş keçirməsi iki ölkə arasında sülh prosesinin davam etdirilməsi baxımından diqqətçəkən hadisədir. Görüşdən sonra yayılan bəyanatda Azərbaycan və Ermənistan münasibətlərinin pozitiv istiqamətləri ön plana çıxarılıb, dialoqun davam etdirilməsinin və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Elxan Şahinoğlu İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşünü də mühüm təmaslardan biri kimi qiymətləndirib. O qeyd edib ki, regionda mürəkkəb geosiyasi vəziyyətin davam etdiyi bir vaxtda Azərbaycan və İran prezidentlərinin əməkdaşlıq məsələlərini müzakirə etməsi mühüm mesajdır.
Politoloq bildirib ki, Azərbaycan Prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bir daha ifadə edib, İran Prezidenti isə Azərbaycanın mövqeyinə və dəstəyinə görə məmnunluğunu dilə gətirib.
“Prezidentlər arasında sıx və səmimi dialoqun olması müsbət haldır. Bununla yanaşı, İrandakı mühafizəkar qüvvələrin də Azərbaycana münasibətdə siyasətlərini korrektə etmələri vacibdir.”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Politoloq İlham Əliyevin Bişkəkdə Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü görüşünə də diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri fonunda bu cür təmaslar xüsusi maraq doğurur.
Elxan Şahinoğlu Rusiyada anti-Azərbaycan mövqeyi sərgiləyən qüvvələrin fəaliyyətinin də münasibətlərə mənfi təsir etdiyini bildirib. Bu cür halların qarşısının alınması və iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qorunması vacibdir.
İlham Əliyevin Hindistanın baş naziri Narendra Modi ilə görüşü də diqqət çəkib. Politoloq qeyd edib ki, Hindistan Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafında, eyni zamanda Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarından istifadədə maraqlıdır.
Elxan Şahinoğlu turizm məsələsinə də toxunub. Son dövrdə turizm sahəsində müəyyən geriləmə müşahidə olunsa da, bu istiqamətin inkişafı Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 20 avqust 2026-cı ildə turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramını təsdiqləməsi də bu sahənin inkişafına yönəlmiş addımlardan biri kimi qiymətləndirilə bilər.
Politoloq hesab edir ki, Bişkəkdə keçirilən görüşlər Azərbaycanın Ermənistan, İran, Rusiya və Hindistanla münasibətləri, eləcə də nəqliyyat, enerji, ticarət və regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO










