"Bu həm qazi adına, həm də dövlətə hörmətsizlikdir" - Ərşad Hüseynov

Avqustun 7-dın etibarən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Bakı şəhərinin bir sıra ərazilərində rəsmi ödənişli parklanma yerləri təşkil olunub. Həmin ərazilərdə avtomobillərini park etmiş sürücülər müvafiq tariflərə uyğun olaraq AYNA tərəfindən hazırlanmış xüsusi proqram vasitələ ödənişləri nağdsız şəkildə həyata keçirməlidir.
Lakin ilk gündən etibarən bir sıra çətinliklər meydana çıxıb. Hətta AYNA əməkdaşlarına qarşı təzyiq, təhqir və hücum da olub.
Bu çətinliklərin bir qismi uzun müddət parklama yerlərindən qanunsuz olaraq gəlir mənbəyi kimi istifadə edən işbazların təxribatları nəticəsində meydana gəlib.
Məsələ ilə Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, hələ 2015-ci ildə Yol Hərəkəti Haqqında Qanuna olunan dəyişikliklər Bakı şəhəri və digər bölgələrdə ödənişli parklanma yerlərinin təşkilinin mümkünlüyü təsbit edilib. "Lakin bu müddət ərzində Nazirlər Kabineti tərəfindən ödənişli parklanma yerlərinin təşkili, istifadə qaydaları və ödənişlərin məbləğləri müəyyən edilməmişdi. Ona görə də bəzi işbazlar parklanma yerlərinini "idarə edərək", öz adamlarını ora yerləşdirərək sürücülərdən qeyri-qanuni ödənişlər toplayırdı. Bu vəsaitlər nağd qaydada toplanılır və sürücülərə hər hansı rəsmi qıbz təqdim olunmurdu. Görünür hazırda həmin şəxslər özlərinin qara biznesinin əldən çıxmasının labüd olduğunu görür və bununla barışmaq istəmirlər. Nəticə etibarilə bu cür qananazidd əməllərə əl atırlar."
Ərşad Hüseynov qeyd edib ki, təəssüflər olsun ki, burada bir sıra yalnış addımlar da atılır. "Bunlardan ən xoşagəlməz halı odur ki, bizim hörmətli qazilərimizim adından sui-istifadə olunur. Əminəm ki, həmin qazilərin bəziləri hətta bunun rəsmi olaraq dövlət tərəfindən həyata keçirilən bir xidmət olduğunu bilmirlər. Onların bir çoxu elə düşünür ki, burada bir "xozeyinin" digəri ilə əvəz olunmasıdır. Lakin bu belə deyil."
Hüquqşünas bildirib ki, indiyə qədər bu sahədə ciddi qanunsuzluqlar mövcud idi. "Lakin bundan sonra müvafiq işlə rəsmi dövlət qurumu məşğul olacaq. Bu qurum isə nağdsız ödənişləri qəbul edəcək ki, bu da öz növbəsində dövlət büdcəsinə bağlı olan hesablara köçürüləcək. Ona görə də hər kəs bunu bilməli, qanunlara, dövlətimizə hörmətlə yanaşmalıdır."
Ərşad Hüseynov AYNA əməkdaşlarının döyülməsi faktına da münasibət bildirib. "Bu insanlar Bakıda mədəni parklanma mühiti yaratmaqla məşğuldur. Qazi qardaşlarımız xüsusilə həssas olmalıdır. Onlar imkan verməməlidir ki, kimlərsə onların adından istifadə edərək təxribata çəksinlər. Çünki bu hərəkətlər həm dövlətə, həm cəmiyyətə, həm qanunlara, həm də qazilərin öz adına hörmətsizlikdir. Bəlkə də hücum edilən, döyülənlər arasında elə qazilər də var."
Hüquqşünas son olaraq bu hərəkətlərin arxasında dayananların öz əməllərinin qiymətini almalı olduğuna diqqət çəkib. "Mən şübhə etmirəm ki, polis və müvafiq qurumlar lazımı addımları ataraq həmin şəxslərə öz yerlərini göstərəcəklər."
Orxan Əli













