Çörəyin içərisindən taxta parçası çıxdı: Zavod cəzalandırıldı

Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb. Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb. O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə, çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. Araşdırmanın nəticəsini öyrənmək üçün Bizim.media Binə çörək zavodu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə yaradıb.
Binə çörək zavodunun hüquqşünası Rəhim Axundov israrla belə halın mümkün olmadığını deyib:
“Bizdə qapalı elektron ələklər var, un ələnir və borular vasitəsilə yoğrulma prosesinə göndərilir. O ələkdə gərək deşik olsun ki, unun içərisindən yad cisim keçə bilsin. Ələyin içərisində elə bir deşik yoxdur. Hətta dəyirmandan gələn kisənin içərisində nəsə varsa, o, orada ilişib qalmalıdır. Əgər bir işçi öyrədilibsə, kimdənsə pul alıbsa, unun içərisinə nəsə atırsa, o yenə də ələkdə ilişib qalacaq, boruya keçməyəcək. Bu, o zaman baş verə bilər ki, ələkdə deşik olsun, kimsə ələkdə süni şəkildə deşik açsın, cırsın və s. Əgər ələk sağlamdırsa, bu necə baş verir?!”
Zavodun hüquqşünasının sözlərinə görə, faktın həqiqiliyini sübut etmək üçün ən azı üç şahid lazımdır:
“Əgər iddia edirlərsə, çörəyi sübut üçün qurudub saxlaya bilərlər. Vətəndaşı dəvət etmişik, o, çörəyi gətirməli, bizə təhvil verməli idi. Buna görə protokol tərtib olunmalı, məsələ aktlaşdırılmalı idi. Mən də sabah çörək alıb, özüm onun içərisinə hansısa formada nəsə qoya bilərəm. Bunun üçün minimum üç nəfər şahid ifadəsi olmalıdır. Məsələnin aktlaşdırılması, araşdırılması üzərində işləyirik”.
AQTA-dan cavab olaraq bildirilib ki, sözügedən zavodda yoxlama aparılıb və bir sıra nöqsanlar aşkarlanıb:
“Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “Binə Çörək Zavodu” MMC-yə məxsus çörək emalı müəssisəsində agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib. Yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib”.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












