Banner

Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA

Gündəm 14 Sentyabr 2026 21:47
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində diplomatik səyləri davam edir. Xarici ölkələrin diplomatlarının Qarabağa 22-ci səfəri bölgədə aparılan bərpa-quruculuq işləri ilə yanaşı, Azərbaycanın mövqeyinin birbaşa nümayiş etdirilməsi baxımından da diqqət çəkir.

Avtosfer.az xəbər verir ki, səfər zamanı Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın yaydığı bir sıra iddiaları diplomatların diqqətinə çatdıraraq bu məlumatların faktlarla uyğun gəlmədiyini nümayiş etdirib.

Bəs bu səfər Azərbaycana hansı siyasi və diplomatik dividendləri qazandıra bilər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Avtosfer.az-a açıqlamasında bildirib ki, diplomatların Qarabağa, eləcə də Şərqi Zəngəzura mütəmadi səfərlərinin təşkil edilməsi və Azərbaycan həqiqətlərinin onlara təqdim olunması çox vacibdir:

''Eyni zamanda bu səfərlər diplomatlara Qarabağda gedən quruculuq işləri ilə yerində tanış olmaq imkanı verir. Bununla yanaşı, erməni yalanlarının aşkar olunması və bu məsələlərin diplomatların diqqətinə çatdırılması da olduqca əhəmiyyətlidir. Təbii ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin tutarlı faktlarla erməni yalanlarını ifşa etməsi və bu faktları əyani şəkildə diplomatlara təqdim etməsi Azərbaycan həqiqətlərinin, eləcə də Qarabağın tarixi ilə bağlı reallıqların diplomatlara və daha geniş beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan səfər kifayət qədər vacib idi. Eyni zamanda, xarici ölkələrdən birinin tədbirinin Qarabağda keçirilməsi də yeni bir ənənənin başlanğıcı sayıla bilər. Bu, həm Azərbaycan həqiqətlərinin təqdim olunması, həm də Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər və diplomatik nümayəndəliklərlə əməkdaşlığın genişləndirilməsi, Qarabağda müxtəlif tədbirlərin təşkil edilməsi baxımından yeni yanaşmadır. Bütün bunlar bir tərəfdən Azərbaycan həqiqətlərinin, digər tərəfdən isə Qarabağdakı reallıqların beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılması üçün əlavə imkanlar yaradır''.

Milli Məclisin depuatı Azər Badamovun fikrincə isə, diplomatların Qarabağ və Şərqi Zəngəzura 22-ci səfəri Azərbaycanın həm diplomatik, həm də informasiya siyasəti baxımından kifayət qədər mühüm hadisədir:

''Azərbaycanın burada əsas üstünlüyü ondan ibarətdir ki, biz Qarabağla bağlı həqiqətləri yalnız bəyanatlarla çatdırmırıq. Xarici diplomatların azad edilmiş ərazilərə gedərək reallığı öz gözləri ilə görməsinə imkan yaradırıq.

Bu gün Ermənistan müxtəlif beynəlxalq platformalarda Qarabağla bağlı həqiqətə uyğun olmayan iddialar səsləndirir, öz narrativini beynəlxalq ictimaiyyətə qəbul etdirməyə çalışır. Azərbaycan isə bu iddialara sadəcə cavab verməklə kifayətlənmir. Biz diplomatları əraziyə aparırıq və onlara burada hansı işlərin görüldüyünü, şəhər və kəndlərin necə bərpa edildiyini, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına necə qayıtdığını və tarixi-mədəni irsin necə qorunduğunu yerində göstəririk.

Hikmət Hacıyevin səfər zamanı Ermənistanın yaydığı iddiaları diplomatların diqqətinə çatdırması və onların əsassızlığını faktlarla nümayiş etdirməsi də mühüm siyasi mesajdır.

Bu mesaj, xüsusilə Qərb ölkələrinə ondan ibarətdir ki, Qarabağla bağlı qiymətləndirmələr birtərəfli məlumatlara və Ermənistanın təqdim etdiyi narrativlərə əsaslanmamalıdır. Reallığı görmək üçün regiona gəlmək, faktları yerindəcə qiymətləndirmək lazımdır.

Əslində, Azərbaycan Qərbdəki tərəfdaşlarına çox sadə bir mesaj verir: Ermənistanın dediklərini dinləməklə kifayətlənməyin, gəlin və reallığı öz gözlərinizlə görün.

Bu səfərlərin mütəmadi keçirilməsi Azərbaycanın artıq Qarabağ məsələsini münaqişə gündəliyindən çıxararaq sülh, quruculuq, reinteqrasiya və inkişaf gündəliyinə keçdiyini də nümayiş etdirir.

Ona görə də diplomatların bu səfərini Azərbaycanın informasiya və diplomatik mübarizəsində mühüm addım hesab etmək olar. Çünki ən güclü cavab bəzən söz deyil, reallığın özünü göstərməkdir''.

Fatimə

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh