DYP və BNA Bakıda parklanmanı necə təşkil etməlidir? - EKSPERT RƏYİ

Gündəm 12 İyul 2020 14:37 Oxunub 2588
DYP və BNA Bakıda parklanmanı necə təşkil etməlidir? - EKSPERT RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 
Sərəncama əsasən Bakı şəhərində dayanma-durma və parklanma qaydalarının təşkili və nəzarət mexanizminin həyata keçirilməsinə həm də Bakı şəhər Dövlət Yol Polisi də cəlb olunacaq. Yəni, sərəncamla bu səlahiyyət Daxili İşlər Nazirliyinə, daha dəqiq desək Dövlət Yol Polisinə həvalə edilib. Bundan sonra yol polisi Bakı Nəqliyyat Agentliyi ilə birgə paytaxt ərazisində dayanma-durma və parklanmaya nəzarət edəcək. 
Qanunvericiliklə müəyyən məsələlər bir az qəliz yazıldığı üçün vətəndaşlar bunu tam qavraya bilmirlər. Ona görə də məsələyə yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı aydınlıq gətirib. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı bu fərmanla dayanma-durma və parklanma qaydalarına nəzarəti BNA ilə DYP birgə həyata keçirəcək. "Sərəncamda bununla bağlı xüsusi olaraq qeyd olunur ki, bir sürücünün eyni inzibati xətaya görə iki qurum tərəfindən cərimə olunması nəzərə alınmalıdır. Elə bir sistem yaradılmalıdır ki, bu cür hallara yol verilməsin. Odur ki, hər iki qurum birgə müzakirələr aparmalı və vahid bir sistem üzərində bu məsələni qurmalıdırlar."
Elmeddin Muradlı yeni qaydalara daha dəqiq açıqlama verib. Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin bütün tələbləri ilə bağlı yol polisi və BNA birgə fəaliyyət göstərəcək. Yalnız iki halda bu səlahiyyət yalnız BNA-da qalır. Bu da sürücünün parklanma yerini ödəniş etmədən tərk etməsi və 24 saatdan artıq parklanma yerində qalmasına görə cərimələrin tətbiqidir. Digər hallarda - qadağan olunmuş yerdə avtomobili park etmək, parklanma qaydasını pozmaq (paralel və perpendikulyar parklanma icazə verilən yerdə düzgün saxlamamaq), avtobus dayanacaqlarında maşın saxlamaq, avtobusu dayanacaqdan kənarda dayandırmaq, əlillər üçün nəzərdə tutulmuş yerdə avtomobillərin park edilməsi hər iki qurum tərəfindən nəzarətdə saxlanılacaq. 
Ekspert bildirib ki, Yol Hərəkəti Haqqında Qanunun 53-cü və 85-ci maddəsinin 10-cu bəndinə də müvafiq dəyişikliklər olunub. "Sürücülər dayanma-durma qaydalarını pozduğu zaman zəruri hallarda avtomobillər evakuasiya edilə bilər. Bu prosesi də hər iki qurum həyata keçirə biləcək."
Elmeddin Muradlı hesab edir ki, dəyişikliklər daha səmərəli işlərin həyata keçirilməsinə hesablanıb. "Ümid edirəm ki, hər iki qurum bu işi səmərəli şəkildə təşkil edə biləcəklər. Burada hansısa qurumun özfəaliyyətindən danışmaq yersizdir. Çünki hər bir qurum dövlətin maraqlarını təmsil edir. Odur ki, hansısa qurum görülən işləri öz adına yazmamalıdır. Ümumilikdə qanunların aliliyi qorumalıdır. Düşünürəm ki, hər iki qurumun fəaliyyəti səmərəli şəkildə təşkil olunacaq. Əvvəlki evakuasiya şousu və xaotik parklanma cərimələri müşahidə olunmayacaq."
Ekspert bu addımı müsbət dəyərləndirib. Bildirilib ki, son vaxtlar bu sahədə ciddi narazılıqlar var. "BNA-nın əməkdaşlarının sayı da o həddə deyil ki, buna tam nəzarət edə bilsinlər. Bəzi hallarda sürücülər BNA əməkdaşlarına fiziki təzyiqlər göstərir, soyuq silahla hücum edirdilər. Amma görünür yenə də polis müdaxiləsi lazımdır. Çünki bəzi sürücülər yalnız "paqon" görəndə özlərini yığışdırır, qaydalara əməl edirlər. Çox təəssüflər olsun ki, biz dəfələrlə bunu müşahidə etmişik. Görünən odur ki, bizim cəmiyyət hələ də polis nəzarəti olmadan idarə oluna bilmir. Xüsusilə də sürücüləri nəzərdə tuturam."
Ekspert hesab edir ki, hər iki qurum parklanma yerlərinin təşkilinə də diqqət ayırsa yaxşı olar. "Çünki Bakıda parklanma yerləri ilə bağlı problem var. Şəkillər, parkinqlər bəzi şirkətlər tərəfindən zəbt olunub. Sürücülər buna görə də əziyyət çəkirlər. Odur ki, vətəndaşları nəzərə almaq və parklanma yerlərinin təşkili də əsas diqqət mərkəzində olmalıdır."

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh