Banner

Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA

Gündəm 9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Əmlak bazarında mənzil qiymətlərinin müəyyənləşdirilməsi zamanı yerləşmə, sahə, təmir vəziyyəti və ərazidəki oxşar mənzillərin qiymətləri əsas amillər hesab olunur. Süni intellekt texnologiyalarının inkişafı bu məlumatların təhlilini avtomatlaşdırmağa və mənzillərin təxmini bazar dəyərini müəyyənləşdirməyə imkan yaradır. Bununla yanaşı, saxta elanlar və qiymət manipulyasiyaları alıcılar üçün risk olaraq qalır.

Avtosfer.az xəbər verir ki, əmlak bazarında süni intellektdən istifadə imkanları, bu texnologiyanın mənzillərin real satış qiymətini müəyyənləşdirməkdə dəqiqliyi və saxta elanlarla mübarizədə rolu müzakirə olunur. Bəs süni intellekt alıcıların daha düzgün qərar verməsinə və dələduzluq riskinin azalmasına nə dərəcədə kömək edə bilər?

Mövzu ilə bağlı İT(İnformasiya texnelogiyaları) mütəxəssisi Fərid Kazımov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər hər zaman real tələb və təklifə uyğun formalaşmır:

"Bir çox hallarda süni qiymət artımının şahidi oluruq. Bu baxımdan, daşınmaz əmlakın qiymətləndirilməsində süni intellektdən istifadə edilməsi maraqlı və faydalı yanaşma ola bilər. Əgər Azərbaycanda daşınmaz əmlak bazarını təhlil edən xüsusi platforma yaradılsa və ona kifayət qədər məlumat daxil edilsə, mənzillərin real bazar qiymətini müəyyənləşdirmək mümkün olar. Əslində, bu istiqamət artıq dünyada inkişaf edən bir tendensiyadır. Böyük Britaniyanın məşhur “Rightmove” daşınmaz əmlak platformasında süni intellekt əsaslı axtarış imkanlarının tətbiqi istiqamətində addımlar atılır. Bu texnologiya istifadəçilərə tələblərinə uyğun mənzilləri daha rahat tapmağa kömək edə bilər. Alıcı ikiotaqlı, metroya yaxın mənzil axtardığını, büdcəsini və digər şərtlərini qeyd edir, süni intellekt isə ona uyğun variantları təklif edir. Eyni yanaşmanı Azərbaycanda da tətbiq etmək mümkündür. Süni intellekt həm alıcılar, həm də satıcılar üçün məsləhətçi rolunu oynaya bilər. Satıcı mənzilinin yerləşdiyi ərazini, otaqların sayını, sahəsini, mərtəbəsini, təmir vəziyyətini və digər xüsusiyyətlərini sistemə daxil edir. Süni intellekt isə oxşar mənzillərin elanlarını təhlil edərək həmin əmlakın təxmini bazar qiymətini müəyyənləşdirir. Oxşar mənzillər 100 min manata təklif olunursa, satıcı öz mənzilinin qiymətini bazardakı rəqabətə uyğun müəyyənləşdirə bilər. Bu texnologiya alıcılar üçün də faydalı ola bilər. 100 min manat büdcəsi olan və metroya yaxın mənzil axtaran şəxs süni intellekt vasitəsilə həmin məbləğə hansı ərazilərdə və hansı xüsusiyyətlərə malik mənzillər ala biləcəyini öyrənə bilər. Beləliklə, alıcı real imkanlarını daha düzgün qiymətləndirər, satıcı isə mənzilinin qiymətini bazar şərtlərinə uyğun müəyyənləşdirmək imkanı əldə edər".

Mütəxəssis qeyd edib ki, Azərbaycanda bəzən mənzillərin qiymətinin həddindən artıq yüksək müəyyənləşdirildiyini görürük:
"Satıcılar şəxsi ehtiyaclarını, xərclərini və mənzilə qoyduqları vəsaiti əsas götürərək qiymət təyin edə bilərlər. Lakin həmin qiymət hər zaman əmlakın real bazar dəyərini əks etdirmir. Süni intellekt bu fərqi göstərən və həm alıcının, həm də satıcının daha əsaslandırılmış qərar verməsinə kömək edən vasitə ola bilər. Digər tərəfdən, süni intellekt əmlak elanlarının qiymət baxımından təhlilində də istifadə edilə bilər. İstifadəçi hər hansı mənzilin elanına baxarkən sistemdəki xüsusi düymə vasitəsilə onun qiymətinin bazara uyğun olub-olmadığını yoxlaya bilər. Süni intellekt oxşar mənzillərin qiymətlərini müqayisə edərək təklif olunan qiymətin bazar göstəricilərindən nə qədər fərqləndiyini göstərə və müqayisə üçün digər elanlara keçidlər təqdim edə bilər. Bununla belə, belə nəticələrin dəqiqliyi sistemə daxil edilən məlumatların keyfiyyətindən və aktuallığından asılı olacaq. Bu cür həllər daşınmaz əmlak elanları yerləşdirilən mövcud platformalara inteqrasiya edilə bilər. Çünki Azərbaycanda artıq əmlak və avtomobil elanları üçün tanınmış platformalar mövcuddur və tamamilə yeni platformanın bazarda möhkəmlənməsi çətin ola bilər”. 
Fərid Kazımov əlavə edib ki, mövcud platformalara süni intellekt əsaslı xidmətlərin əlavə edilməsi isə daha praktik yanaşmadır:
“Bu, həm istifadəçilərə yeni imkanlar yarada, həm də platformalar üçün əlavə gəlir modellərinin formalaşmasına şərait yarada bilər. Eyni texnologiyanı avtomobil bazarında da tətbiq etmək mümkündür. Alqoritmin əsas prinsipi dəyişmədən, sadəcə təhlil edilən məlumatlar avtomobillərin xüsusiyyətlərinə uyğunlaşdırıla bilər. Avtomobilin markası, modeli, buraxılış ili, yürüşü, mühərriki və texniki vəziyyəti nəzərə alınaraq onun təxmini bazar qiyməti müəyyənləşdirilə bilər. Alıcı büdcəsinə uyğun avtomobilləri seçə, satıcı isə avtomobilinin qiymətini bazardakı oxşar təkliflərlə müqayisə edə bilər. Düzgün komanda və texniki infrastruktur olduğu halda, mövcud süni intellekt həlləri əsasında belə bir sistemin ilkin sınaq versiyasını qısa müddətdə hazırlamaq mümkündür. Təxminən iki-üç həftə ərzində ilkin beta versiyasının yaradılması nəzərdən keçirilə bilər. Lakin sistemin etibarlı işləməsi üçün keyfiyyətli məlumat bazası, düzgün alqoritmlər və davamlı təkmilləşdirmə vacibdir. Nəticə etibarilə, süni intellekt daşınmaz əmlak və avtomobil bazarında qiymətlərin təhlili, alıcı və satıcıların məlumatlandırılması, eləcə də daha əsaslandırılmış qərarların verilməsi üçün faydalı köməkçi vasitəyə çevrilə bilər".

Fatimə

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh