"Evinin altındakı marketden siqaret almaq üçün taksi çağıran insanlar var" - Nəqliyyat eksperti

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki,yeni qanun layihəsinə əsasən hədəf taksi sifarişini azaltmaqdır. Taksi gedişlərinin əksəriyyəti 1,5-3 km ətrafındadır. Bu məsafəni piyada və ya ictimai nəqliyyatla getmək olar. Ölkədə təxminən 67 min taksi var. Onların ortalama iş saatı 14-16 saatdır. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar. Birmənalı şəkildə taksi qiymətləri qalxacaq. Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi qiymətində fantastik bahalaşma gözlənilmir. Sadəcə bəzi insanlar taksini şəxsi velosipedi hesab edir. Bu kimi halların qarşısı alınacaq:
"Taksi qiymətində fantastik artım gözlənilmir. Çünki reallıqlar ortadadır. İnsanlar elə davranır ki, 5 manata gedəcəyi yolu 10 manata gedəcək. 5 manatlıq yol ola bilər ki, 5.50 manat olsun. Burda şərtlər var ki, qayda-qanuna əməl olunsun. Azərbaycan Avtomobil Nəqliyyatı haqqında qanunda taksi fəaliyyəti ilə bağlı müddəalar ortadadır. Məsələn, şərt budur ki, avtomobil müştərini qəbul etdisə, qiymət avtomatik 1.50 manatdan başlayır. Adamlar var ki, evinden çıxıb 500 metr qabağa aptekdən dərman almağa gedir Ona da taksi sifariş verir. Bu adam 500 metr qabağa getmək üçün 80 qəpiyə taksi sifariş verir ki, dərman alıb həmin taksi ilə də geri qayıtsın. Axı bizim qanunda yazılıb ki, qiymət 1.50 manatdan başlamalıdır. Yeni qanundan sonra bu kimi axmaq insanların sayı azalacaq. Bəzi adamlar taksini şəxsi velosipedi və ya skuteri hesab edir. Evinin altındakı marketden siqaret almaq üçün taksi çağıran insanlar var. Taksi xidmət sahəsidir, burada bir səviyyə olmalıdır. Bəzi insanlar düşünür ki, 2 manata taksi əladır, rahat gəzirəm. Həmin adama sual verirəm ki, bəs taksi sürücüsü insan deyil? O da normal işləyib evinə, balasına çörək aparmaq istəyir. Sən taksidə 2 manata kef et deyə taksi sürücüsü 18 saat işləməlidi? Bəzi insanların fikri küçə yanaşmasıdır. Həmin 2 manata gedən müştərilər sosial şəbəkədə yazırlar ki, taksi sürücüləri niyə dəlidilər, əsəbidilər. 2 manatlıq ucuz xidmət istəyənlər bilməlidir ki, keyfiyyəti də belə olacaq. Normal iş saatını keçəndə hər birimiz bunu qəbul etməyib etiraz edirik ki, 8 saatdan çox niyə işləməliyəm".













