Reklam

İnternetin qiymətinin süni qaldırılması ilə bağlı araşdırma hələ davam edir - RƏSMİ   

Gündəm 9 Oktyabr 2024 22:21 Oxunub 552
İnternetin qiymətinin süni qaldırılması ilə bağlı araşdırma hələ davam edir - RƏSMİ   
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bir müddətdir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. 

Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən süni qiymət artımı tətbiq etməklə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.  

Məsələ ilə əlaqədar Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi bildirilib.

Araşdırmanın başlandığı vaxtdan bir gün sonra "Aztelekom" və "Baktelekom" qiymətləri 18 manatdan 25 manatadək yüksəldib. Sözügedən internet şirkətlərinin araşdırma başlamazdan əvvəl qiymətlərlə bağlı səlahiyyət qazanması insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Referans.az sözügedən araşdırmalarla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb. Açıqlamada sözügedən məsələ ilə bağlı araşdırmanın davam etdiyi, nəticələri barədə ictimaiyyətə məlumatın veriləcəyi bildirilib. 

Mövzu ilə bağlı  İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Referans.az -a danışıb. O bildirib ki, minimum internet qiymətlərinin artması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən araşdırmalar aparır. Bəzi internet istifadəçiləri minimum qiymət təklifinin qalxması ilə bağlı olaraq, internetdən imtina etmək istəyir. Belə olan halda, müəyyən narahat məqamlarla qarşılaşanların olduğu deyilir. 

Ekspert bildirir ki, Prezident İlham Əliyevin 27 avqust 2024 tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması ölkə rəhbərinin bu sahəyə olan xüsusi diqqətinin göstəricisidir:

"Eyni zamanda fərmanda göstərilib ki, yaradılan bu qurum, antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu kimi nəzarət və tənzimləmələri həyata keçirən qurum təbii ki, sadəcə internet qiymətləri ilə bağlı məsələlər yox, bir çox geniş diapazona sahib məsələləri həyata keçirmək imkanı olacaqdır. Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur.

Yəqın ki, bir müddət sonra araşdırmaların nəticəsini və veriləcək hüquqi qiyməti görəcəyik".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh