Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI

Gündəm 28 Avqust 2026 12:00
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
WhatsApp kanalımıza abunə olun

Rusiyada neonasist və digər radikal qrupların Azərbaycan əleyhinə təxribat xarakterli addımları iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda narahatlıq doğurur.

Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu barədə açıqlamasında Rusiyanın dövlət televiziya kanallarında Azərbaycana qarşı səsləndirilən təxribatçı fikirlərin radikal qruplara əlavə stimul verdiyini bildirib.

Rusiyadakı neonasist və oxşar radikal qruplar dövlət televiziyalarında Azərbaycana qarşı səsləndirilən fikirlərdən ruhlanaraq Moskvada Azərbaycan səfirliyinin qonaq evi qarşısında ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdiriblər.

Politoloq qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yaydığı bəyanatda bu cür təxribatların Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etdiyini bildirib.

“Amma məsələ burasındadır ki, Kreml “süni” adlandırdığımız gərginliyin tədricən təbii hala keçməsinə şərait yaratmaqla məşğuldur”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Politoloq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın da azərbaycanlı blogerlərin Rusiyaya qarşı çıxışlarını topladıqlarını və bununla bağlı Bakıya müraciət etdiklərini xatırladıb. Onun sözlərinə görə, Zaxarova azərbaycanlı blogerlərin qərəzli mövqedə olmasından narazılıq ifadə edib.

Elxan Şahinoğlu hesab edir ki, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin Rusiyaya qarşı tənqidi və ya qərəzli çıxışlarını dövlət televiziya kanallarında Azərbaycanı hədələyən, təhqir edən fikirlərlə və səfirliyimizin qarşısında təxribat xarakterli materialların yerləşdirilməsi ilə müqayisə etmək mümkün deyil.

“Rusiyaya qərəzli olmaqla bu ölkənin dövlət televiziya kanallarında Azərbaycanı hədələmək, aşağılamaq və səfirliyimiz qarşısında təxribatçı şəkillər yerləşdirmək müqayisə oluna bilməz”, – politoloq bildirib.

O qeyd edib ki, Azərbaycanın paytaxtında Rusiyanın səfirliyi qarşısında analoji təxribat xarakterli aksiyanın keçirilməsinə hüquq-mühafizə orqanlarının imkan verməsi gözlənilən deyil:

“Rusiyanın Bakıdakı səfirliyi qarşısında bu ölkəyə qarşı təxribatçı şəkillərin yapışdırılmasına polisimiz imkan verməz. Çünki biz gərginliyin tərəfi olmaq istəmirik. Moskvada isə yuxarıdan verilən təlimat əsasında polis təxribatçıları görməzdən gəlib”.

Elxan Şahinoğlu əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın aidiyyəti qurumlarını səfirliyimizin qarşısında baş verən təxribatçı əməllərə hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.

Əsas suallardan biri bundan sonra Rusiyanın aidiyyəti qurumlarının bu çağırışa necə reaksiya verəcəyidir.

“Yenə qulaqardına vuracaqlar. Səfirliyimiz qarşısında təxribata şərait yaradanlar öz əməllərinə hüquqi qiymət verərlərmi?” – deyə politoloq sual edib.

Eltac Zülfüqaroğlu

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh