Reklam

Nəqliyyat ekspertindən DEPUTATLARA ÇAĞIRIŞ: Qanuna səs verəndə detallarına baxın! - VİDEO

Gündəm 15 Oktyabr 2024 10:15 Oxunub 3830
Nəqliyyat ekspertindən DEPUTATLARA ÇAĞIRIŞ:  Qanuna səs verəndə detallarına baxın! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

On gün əvvəl parlamentin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı layihə müzakirə edilib.

Belə ki, qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına görə 30 manat məbləğində cərimə edilir.

 

Təklif olunan layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200  manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə ediləcək.

Avtosfer.az xəbər verir ki, cərimələrin artırılması sosial şəbəkələrin Azərbaycan seqmentində bir tərəfdən alıqışlansa da, digər tərəfdən tənqid edilib. Buna səbəb olaraq, ölkənin magistral yollarında, həmçinin prospektlər və küçələrdə sürücülərin zibili ata biləcəyi konteyner və qutuların sayı olduqca az olması göstərilir. Magistral yollarda isə ümumiyyətlə yox dərəcəsindədir.

Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı saytımıza müsahibəsində deyib ki, sivil cəmiyyətlərdə vətəndaş başa düşür ki, çatışmayan məsələlərin həlli üçün müraciət etmək onların ən təbii hüququdur:

“Azərbaycanda vətəndaşlar öz hüquqlarını bilmirlər. Elə bilirlər ki, qurumdan əraziyə zibil qutusunu təşkil etməyi tələb etmək böyük qəbahətdir. Vətəndaş başa düşməlidir ki, belə məsələlər bu qurumların vəzifə borcudur. İcra hakimiyyətlərini dövlət məhz buna görə maliyyələşdirir. Bir də bizim vətəndaşlar belə məsələləri ictimailəşdirməyə qorxur. Əhalinin özü həm də gərək ictimai məsuliyyətini dərk edə. Küçəyə zibil atmağa vərdiş edən adam zibil qutusu qoyulsa da, qoyulmasa da o zibili yerə atacaq mütləq. Doğrudur, hazırda anormal vəziyyət müzakirə edilir, zibil qutusu yoxdur, amma yerə siqaret kötüyü, zibil atmağın cəriməsi artırılır. Vətəndaşlar ictimai məsuliyyətini dərk edərək qurumlardan şərait yaratmağı tələb etməlidirlər”.

 

Bir neçə gün əvvəl Gürcüstanda səfərdə olan nəqliyyat eksperti Elməddin Muradlı bu ölkənin bir regionundan başqasına səyahət edərkən yollardakı vəziyyəti çəkib. Videoda Azərbaycandakı magistral yollarla Gürcüstanın regionlararası yollarını müqayisə edən ekspert bildirib ki, azı 500-1000 metrdən bir yolun kənarına yaxın əraziyə zibil konteynerləri yerləşdirilib:

“Bir avtomobil sürücüsü maşında nəsə yeyirsə, su içirsə və aldıqlarının zibilini atmaq istəyirsə, yol kənarında konteyner, zibil qutusu tapmırsa, təbii ki, o zibili yolun qırağında bir yerə tullayacaq. Bütün sürücülərin düşünəsi eyni deyil ki, qabiliyyəti çata, zibili maşında saxlaya, yaxında hansısa məkana çatanda oradakı zibil qutusuna atsın. Gürcüstanda zibil qutularının bu cür qısa məsafələrlə yerləşdirilməsi mədəniyyət göstəricisidir. Əvvəlcə şəraiti yaradır, sonra isə əməl etməyənləri cərimələyir. Yoxsa ki, şəraiti yaratmadan, vətəndaşı cərimələmək, bu doğru yanaşma deyil. Hörmətli deputatlar, qanuna səs verəndə detallarına da baxın. Görün bir nəyi necə edirsiz”.

Elməddin Muradlının şərh etdiyi həmin videonu sizə təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh