Pakistanın vasitəçiliyi nəticə vermədi: ABŞ–İran xəttində gərginlik artır – POLİTOLOQ

Politoloq Elxan Şahinoğlu ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində Pakistanın vasitəçilik təşəbbüslərinin hələlik real nəticə vermədiyini bildirib.
Avtosfer.az xəbər verir ki, politoloqun sözlərinə görə, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bir neçə gün əvvəl Vaşinqton və Tehran arasında diplomatik təmasların davam etdiyini açıqlasa da, tərəflər arasında ciddi irəliləyiş müşahidə olunmur.

Elxan Şahinoğlu qeyd edib ki, ABŞ və İran qarşılıqlı şəkildə bir-birlərinin təkliflərini rədd etməyə davam edirlər. Onun sözlərinə görə, İslamabad tərəflər arasında dialoqun qorunmasına və yazışmaların davam etdirilməsinə çalışsa da, ilk görüşdən sonra ikinci görüşün baş tutmaması prosesin dalana dirəndiyini göstərir.
Politoloq bildirib ki, Pakistanın vasitəçilik təşəbbüsü xüsusilə Çin üçün əhəmiyyət daşıyır. O vurğulayıb ki, Pekin və İslamabad arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və Çin “Hörmüz boğazı” ətrafında yaranmış gərginliyin qısa müddətdə aradan qalxmasında maraqlıdır.
Ekspertin fikrincə, ABŞ Prezidenti Donald Trump ilə Çin lideri Xi Jinping arasında Pekində keçirilən görüş zamanı da bu məsələ əsas müzakirə mövzularından biri olub. Elxan Şahinoğlu hesab edir ki, Vaşinqton da Hörmüz boğazında tanker daşımalarının təhlükəsiz və sərbəst şəkildə bərpasında maraqlıdır. Lakin bunun üçün ABŞ və İran arasında müəyyən razılaşmanın əldə olunması vacibdir.
Politoloq əlavə edib ki, Çin hələlik Tehrana ciddi təzyiq göstərmək niyyətində deyil və bu səbəbdən Vaşinqtonla Pekinin İran məsələsində mövqeləri tam üst-üstə düşmür.
Elxan Şahinoğlu ABŞ daxilində də Pakistanın vasitəçiliyinə skeptik yanaşan qüvvələrin olduğunu bildirib. Onun sözlərinə görə, respublikaçı senator Lindsey Graham Pakistanın vasitəçi roluna etimad etmədiyini açıq şəkildə bəyan edib. Senator Pakistanı İrana yaxın davranmaqda ittiham edib və İranın hərbi obyektlərinin qorunması üçün İran təyyarələrinin Pakistan bazalarında yerləşdirilməsi ilə bağlı yayılan məlumatların ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Politoloqun sözlərinə görə, Vaşinqtonda belə bir fikir də formalaşıb ki, İranın Pakistana təqdim etdiyi bəzi tələblər ABŞ tərəfinə daha yumşaq formada ötürülüb. Bu isə Ağ Evdə müəyyən müddət Tehran administrasiyasının kompromisə hazır olduğu görüntüsünü yaratsa da, sonrakı proseslər İranın əsas mövqeyindən geri çəkilmədiyini göstərib.
Elxan Şahinoğlu hesab edir ki, mövcud şəraitdə Pakistanın vasitəçilik təşəbbüslərinin uğur qazanması çətin görünür və tərəflər arasında etimad böhranı diplomatik prosesin əsas maneəsi olaraq qalır.
Eltac Zülfüqaroğlu
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












