Paytaxtda zibil qutusu azdır: Yerə zibil atanlar isə cərimələnəcək – MÜTƏXƏSSİS RƏYİ - VİDEO
Ötən həftə bir sıra qanun pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişiklərlə əlaqədar müzakirələr keçirilib. Dəyişiklik ediləcək məsələlər arasında avtomobilin pəncərəsindən çölə zibil atmaq, avtomobil yollarında mal-qara otarmaq, metronu, qatarları, eləcə də küçələri zibilləmək və s. var.
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb.
Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq edilə bilər. Lakin burda bir məsələ gözdən qaçmamalıdır: bölgələri kənara qoysaq (çünki orada vəziyyət paytaxtdakından daha acınacaqlıdır), hələ paytaxt, onun mərkəzi küçələri zibil qutuları ilə kifayət qədər təmin edilməyib.
Məsələ ilə əlaqədar Avtosfer.az-a müsahibə verən memar Elçin Əliyev deyib ki, təəssüf ki, ölkəmizdə belə vacib qanunları hansısa dövlət və beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində qəbul edirlər:
“Əslində, bu cür ölkəmizə çoxdan gərəkən qanunları qəbul etməzdən əvvəl hazırlıq işləri görülməli idi. İctimaiyyətlə müzakirələr aparılmalı, çatışmayan cəhətlər aradan qaldırılmalı idi. Məsələn, bizim şəhərlərimiz, rayonlarımız, buradakı küçələr hazır deyil. Mən özüm küçələrə heç vaxt zibil atmıram və dəfələrlə olub ki, şəhərin mərkəzi küçələrinə gəzintiyə çıxanda zibil qalır əlimdə, zibil qutusu axtarışına çıxıram. Yaxud 3-4 məhəlləyə bir zibil qutusu qoyulur. Bu, təbii ki, düzgün deyil və belə bir qanun qəbul edilməzdən əvvəl gərək bütün çatışmayan tərəflər araşdırılardı, analizlər aparılardı. Küçələrdə zibil qutuları, yaxud zibilin toplanması üçün avadanlıqların, konteynerlərin sayı artırıldıqdan sonra vətəndaşlardan qaydaya riayət etməyi tələb etmək daha düzgün olardı. Bundan əlavə hər bir qanunu qəbul etməzdən əvvəl onunla bağlı əhali arasında maarifləndirmə işləri görülə, media, sosial çarxlar vasitəsilə vətəndaşlara zibili necə atmalı olduqlarını, yerə zibil atmağın nəticəsi nə ola bilər və s. məsələlərdə məlumatlandırmaq lazım idi. Cəmiyyətə gərək əvvəlcədən tərbiyəedici vəsaitlərlə nələrisə aşılayasan, yalnız bundan sonra vətəndaşdan nəsə tələb edəsən. Təəssüf ki, ölkəmizdə bu işlər görülmür, sosial reklam yoxdur, təhsilləndirmə, tərbiyəetmə mövzularda reklam yoxdur və biz birdən-birə insanlarımızı “manatla tərbiyə” etməyə başlayırıq. Bu doğru deyil. Millətimiz çox yaxşıdır, insanlarımız küçələri təmiz saxlamaq mövzusunda avropalıdan, amerikalıdan üstündür. Lakin əvvəlcə gərək bu məsələdə çox ciddi maarifləndirmə işləri aparıla. Dövlət, xüsusən Mədəniyyət Nazirliyi 1-2 il ərzində yalnız bu istiqamətdə işlər görməli, daha sonra qanunlar qəbul etməlidir. Bu qanun qəbul edilir, cərimə artırılır, amma küçədə zibil qutusu yoxdur. Qızım konfet yeyəndə onun kağızını alıb qoyuram cibimə, bir zibil qutusu tapa bilmirəm ki, onu atım”.
Memar sonda onu vurğulayıb ki, qanun qəbul etməzdən əvvəl dövlət tərəfindən respublika ərazisində metal və kiçik həcmli zibil qutularının sayının artırılması, onların vaxtaşırı təmizliyi və digər məsələlərdə kompleks tədbirlər görülməlidir.
Mövzu ilə əlaqədar paytaxtın bir sıra rayon icra hakimiyyətləri ilə ələaqə saxlmağa çalışdıq. Bəziləri zənglərimizə cavab vermədi, bəziləri isə zibil qutularının təminatının təmsil etdikləri qurumun səlahiyyətində olmadığını deyərək məsuliyyəti üzərilərindən atmağa çalışdı. Biz də məcbur olduq ki, şəhərdəki ümumi vəziyyətlə bağılı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentimünasibət öyrənək. Departamendən sorğumuza cavab olaraq bildirildi ki, qurum tərəfindən yalnız məişət tullantılarının konteynerlərinin dislokasiyası işləri aparılır. Sözügedən kiçik həcmli zibil qutularının yerləşdirlməsi rayonlar üzrə mənzil-kommunal təsərrüfatı birlikləri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, qəbul edilən problemlə əlaqədar paytaxt sakinlərindən biri “Sahil bağı”nda çəkiliş aparıb və Mirzə Fətəli Axundov adına Milli Kitabxanın üzbəüzü ilə hərəkət edərkən uzun məsafədə zibil qutularının yoxluğundan şikayətlənib. Vətəndaşın çəkdiyi həmin görüntüləri sizə təqdim edirik:
Səfər