Banner

Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ

Gündəm 2 Noyabr 2026 18:45
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
WhatsApp kanalımıza abunə olun

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatının Ankaradakı sammitində “Rusiyanı da təşkilata üzv edək” təklifi daha çox şərh edilərkən, onun təşkilatla bağlı söylədiyi iki fikrə də diqqət yetirmək mütləqdir”.

Avtosfer.az xəbər verir ki, bu fikirləri öz sosial media hesabında politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, birinci önəmli məsələ odur ki, Tokayev Türk Dövlətləri Təşkilatının bəzi sahələrdə işlərinin təkrarlandığını müşahidə etdiyini bildirdi.

“Tokayev “bəzi sahələr” dedikdə, hansı sahələri nəzərdə tutduğunu söyləmədi. Həqiqətən təşkilatın müxtəlif hədəfləri haqqında çox danışılsa da, real nəticələr barədə konkret fikir söyləmək çətindir. Türk dövlətləri öz aralarında ikitərəfli əlaqələri xeyli inkişaf etdiriblər, ancaq birlikdə hərəkətdə lənglik var. Məsələn, Ankara türk dövlətləri arasında ortaq İnkişaf Bankının formalaşdırılması təklifini irəli sürüb. Məqsəd - milli valyutalarla ticarətin daha güclü hüquqi və institusional platforma üzərindən həyata keçirməkdir. Digər türk dövlətlərinin Ankaranın təklifinə münasibəti bəlli deyil. Sammitdə iştirak edən türk dövlətlərinin təmsilçilərinin Ankaranın bu təklifinə reaksiyaları bəlli olmadı.

Qazaxıstan Prezidenti sammitdə çıxışında Türk Dövlətləri Təşkilatının hərbi alyansa çevrilməsinin yolverilməz olduğunu da söylədi. Türk Dövlətləri Təşkilatının hərbi bloka çevrilməsi gündəmdə olmadığı halda, Tokayev nədən bununla bağlı həyəcan təbili çalıb? Onun “Rusiya təşkilata üzv olsun” təklifi ilə yanaşı “təşkilat hərbi bloka çevrilməsin” tezisi də Kremli maraqlarına uyğundur. Türk dövlətləri arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunur, birgə hərbi təlimlərin keçirilməsi də mümkündür. Ancaq Türk Dövlətləri Təşkilatının NATO və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına çevrilməsi aktual deyil.  Beləliklə, Ankara sammiti əsasən Qazaxıstan Prezidentinin çıxışındakı qeyri-adi təklifləri ilə yadda qaldı”.

Səfər

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh