Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI

Gündəm 12 Avqust 2026 17:24
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
WhatsApp kanalımıza abunə olun

Dünya bazarlarında taxıl, şəkər və bitki yağlarının bahalaşması Azərbaycanda ərzaq qiymətlərinə təsirsiz ötüşməyə bilər. Xarici bazarlardan asılılıq fonunda qlobal qiymət dəyişikliklərinin ölkə daxilində hansı məhsullarda daha çox hiss olunacağı maraq doğurur.
Avtosfer.az xəbər verir ki, dünya bazarındakı qiymət artımlarının Azərbaycanda istehlakçı qiymətlərinə təsiri və mümkün bahalaşmanın qarşısının alınması üçün görülə biləcək tədbirlər diqqət mərkəzindədir. Bəs dünya bazarlarında taxıl, şəkər və bitki yağlarının bahalaşması Azərbaycanda hansı ərzaq məhsullarının qiymətinə daha çox təsir göstərə bilər?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə xarici bazarlardan və idxaldan asılıdır:


"Ölkənin istehlak bazarında istifadə olunan məhsulların təxminən yarısı, bəzi qiymətləndirmələrə görə isə bundan da çoxu birbaşa və ya dolayı şəkildə xarici bazarlarla əlaqəlidir. Bu asılılıq xüsusilə ərzaq, xammal, sənaye məhsulları, avadanlıqlar və müxtəlif istehlak malları üzrə özünü göstərir. Buna görə də dünya bazarlarında baş verən qiymət dəyişiklikləri müəyyən zaman intervalından sonra Azərbaycan daxili bazarında da öz əksini tapa bilir. Xarici bazarlarda qiymətlərin yüksəlməsi Azərbaycan üçün bir neçə istiqamətdə risk yaradır. İlk növbədə, idxal olunan məhsulların maya dəyəri artır. İdxalçı şirkətlər xaricdən məhsulu daha baha qiymətə əldə etdikdə, nəqliyyat, sığorta, gömrük və digər logistika xərcləri də nəzərə alınmaqla, həmin məhsulların daxili bazarda satış qiymətlərini artırmağa məcbur qala bilirlər. Nəticədə xarici bazarda başlayan qiymət artımı Azərbaycan istehlakçısına qədər gəlib çatır və ümumi qiymət səviyyəsinə təsir göstərir. Bu proses yalnız tam hazır məhsulların idxalı ilə məhdudlaşmır. Azərbaycanda istehsal və ya emal edilmiş məhsul kimi təqdim olunan bəzi malların istehsal zəncirinin müəyyən mərhələləri də xarici bazarlardan asılı ola bilər. Məsələn, məhsulun xammalı xaricdən gətirilir, ölkə daxilində yalnız qablaşdırılır və daha sonra daxili bazarda satılır. Belə hallarda məhsul statistik və kommersiya baxımından yerli bazarda hazırlanmış kimi görünsə də, onun qiymətinin formalaşmasında xarici bazarlardakı qiymətlər mühüm rol oynayır. Şəkər kimi məhsullar bu baxımdan nümunə kimi göstərilə bilər: xammal və ya hazır məhsul xaricdən idxal edildikdə, dünya qiymətlərindəki dəyişikliklər daxili satış qiymətlərinə də təsir edə bilər".
İqtisadçı qeyd edib ki, digər mühüm amil enerji və nəqliyyat xərcləridir:
"Dünya bazarlarında yanacaq, xammal və daşınma qiymətlərinin yüksəlməsi yalnız birbaşa idxal olunan məhsulları deyil, daxili istehsal olunan malları da bahalaşdıra bilər. Çünki yerli istehsalçılar məhsulun hazırlanması və bazara çatdırılması zamanı müxtəlif idxal komponentlərindən, texnologiyalardan, ehtiyat hissələrindən və logistika xidmətlərindən istifadə edirlər. Bu xərclərin artması son nəticədə məhsulun maya dəyərinə və satış qiymətinə təsir göstərə bilər. Xarici bazarlardan asılılığın digər tərəfi məzənnə və qlobal iqtisadi proseslərlə bağlıdır. Dünya bazarlarında qiymətlərin artması ilə yanaşı, əsas ticarət tərəfdaşlarının valyutalarında baş verən dəyişikliklər, beynəlxalq daşınma xərcləri, geosiyasi gərginliklər və təchizat zəncirlərində yaranan problemlər də Azərbaycan bazarına təsir göstərə bilər. Xüsusilə idxaldan yüksək dərəcədə asılı olan məhsullar üzrə belə dəyişikliklərin daxili qiymətlərə ötürülməsi daha sürətli baş verir. Bununla belə, xarici qiymət artımının Azərbaycanda inflyasiyaya təsiri avtomatik və eyni miqyasda baş vermir”.
Natiq Cəfərli əlavə olaraq qeyd edib ki, burada daxili tələbin vəziyyəti, yerli istehsalın imkanları, məhsul ehtiyatları, rəqabət mühiti, logistika xərcləri, dövlətin iqtisadi siyasəti və digər amillər də mühüm rol oynayır. Əgər müəyyən məhsul üzrə ölkə daxilində kifayət qədər alternativ istehsal mövcuddursa, xarici qiymət artımının təsiri qismən məhdudlaşdırıla bilər. Əksinə, idxaldan asılılıq yüksəkdirsə və daxili alternativlər zəifdirsə, qiymət artımının istehlakçıya ötürülməsi daha güclü ola bilər. Nəticə etibarilə, dünya bazarlarında baş verən proseslərin Azərbaycan iqtisadiyyatına təsir göstərməsi təbii və müəyyən mənada qaçılmazdır. Lakin bu təsirin miqyasını azaltmaq mümkündür. Bunun əsas yolu iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsalın rəqabət qabiliyyətinin artırılması, idxaldan asılılığın azaldılması və daxili təchizat zəncirlərinin gücləndirilməsidir. Əks halda, qlobal bazarlarda baş verən hər bir ciddi qiymət artımı müəyyən gecikmə ilə Azərbaycan daxili bazarında da inflyasiya təzyiqinin yaranmasına səbəb ola bilər".

Fatimə

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh