“Range Rover”ini icarəyə verən şəxsin başına iş gəldi - 10 SS 014 polis idarəsində SAXLANILIR

Bakıda vətəndaş özünə məxsus “Range Rover” markalı avtomobilini şirkət vasitəsilə icarəyə verib. Onun maşınını kirayələyən şəxs isə dələduzluğa görə həbs edilib. Vətəndaş iki ildir həmin maşını istintaqın ona geri qaytarmamasından şikayətçidir. Əzim Həsənov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, özünə məxsus “Range Rover” minik markalı, 10-SS-014 dövlət qeydiyyat nişanlı avtomobilini “VİP CARS” MMC vasitəsilə Hüseynov Mətləb Nüsrəddin oğluna icarəyə verib. 2019-cu ilin aprelində Mətləb Hüseynov dələduzluğa görə, yəni MİDA-da satılan evlərin alınmasına kömək etmək adı ilə vətəndaşların pullarını mənimsəməkdə ittiham edilərək həbs edilib.
Ə.Həsənov qeyd edir ki, cinayət işinin istintaqını aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Fəxri Babazadə M.Hüseynovun icarə əsasında idarə etdiyi avtomobilin üzərinə həbs qoyub. Şİkayətçi hazırda həmin şəxsin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığını, işin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına verildiyini bildirir. Vətəndaşın sözlərinə görə, uzun müddətdir ona məxsus olan maşın özünə qaytarılmır və bununla bağlı Nərimanov rayon Məhkəməsinə də müraciət edib.
Prosesdə iştirak edən xüsusilə mühüm işlər üzrə baş müstəntiq Fəxri Babazadə izahatında bildirib ki, təqsirləndirilən Mətləb Hüseynovun cinayət işinin istintaqı ilə əlaqədar həmin avtomobil maddi sübut kimi tanınıb və idarənin həyətində saxlanılır: “Mətləb Hüseynov ifadə verərkən avtomobili Əzim Həsənovdan aldığını və buna görə ona 90 min manat ödədiyini deyib. Mətləb Hüseynov dələduzluq etmiş dəstənin rəhbəridir və 72 epizod üzrə ona ittiham irəli sürülüb. Mətləb Hüseynovun ifadəsini əsas götürərək hesab edirik ki, avtomobil ona məxsusdur. Buna görə də maşının Əzim Həsənova qaytarılmasından imtina edilib”.
Məhkəmə hesab edib ki, avtomobil rəsmi sənədlər üzrə Əzim Həsənova məxsusdur və maşını idarə etmək üçün verilən etibarnamə onun Mətləb Hüseynovun əmlakı olması üçün əsas ola bilməz: “Əzim Həsənov yalnız avtomobili idarə etmək hüququ verən etibarnamə verib, 2021-ci il aprelin 6-da həmin etibarnaməni ləğv edib. Mətləb Hüseynovun avtomobili alması barədə ifadəsinə əsaslanaraq maşına dair Əzim Həsənovla arasında alqı-satqı müqaviləsinin olması əsassız mülahizə olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Hər kəsin mülkiyyət hüququ var və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyət hüququndan məhrum edilə bilməz”.
Hakim Tural Ələkbərov müstəntiqin bu hərəkətinin qanunsuz sayılması, avtomobilin mülkiyyətçi Əzim Həsənova qaytarılması barədə qərar çıxarıb. Qeyd edilib ki, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılıb.
Əzim Həsənov bildirir ki, müstəntiqdən DİN-ə şikayət edib: “Sonra Fəxri Babazadə şifahi qaydada mənə dedi ki, ondan şikayət etdiyimə görə heç vaxt maşınımı mənə qaytarmayacaq”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin nəqliyyat vasitəsi maddi sübut kimi hesab olunduğundan, yəni Mətləb Hüseynovun cinayət yolu ilə əldə etdiyinə dair əsaslı şübhələr olduğundan M.Hüseynov barəsində məhkəmə hökmü çıxana qədər müvəqqəti olaraq saxlanılmasına qərar verilib: “Həmçinin, Mətləb Hüseynov barəsində istintaq prosesi artıq yekunlaşıb və iş məhkəməyə göndərilib. Onun barəsində məhkəmə qərarı verilərkən həmin avtomobilin cinayət yolu ilə əldə olunub-olunmadığı məsələsinə aydınlıq gətiriləcək.
Fəxri Babazadə haqda deyilən fikirlər isə tamamilə əsassızdır, istintaq prosesinin gedişinə təzyiq kimi qiymətləndirilir”.













