Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH

Son dövrlər sosial şəbəkələrdə təhqir və söyüşlərin yayılması, saxta hesablar vasitəsilə manipulyativ məlumatların paylaşılması və dezinformasiya halları ciddi müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, xüsusilə fikir azadlığı adı altında şəxslərin təhqir edilməsi, əsassız iddiaların yayılması və ictimai rəyə məqsədli təsir göstərilməsi narahatlıq doğurur. Anonim hesablar vasitəsilə yayılan bu cür paylaşımlar cəmiyyətdə çaşqınlıq yaradır və insanlar arasında qarşıdurmanı gücləndirə bilir. Bu baxımdan sosial şəbəkələrdə söz azadlığının qorunması ilə qanun pozuntularının qarşısının alınması arasında balansın yaradılması, platformaların məsuliyyətinin artırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi məsələsi aktuallaşır. Məsələ Milli Məclisdə də gündəmə gətirilib. Deputat Ceyhun Məmmədov sosial medianın tənzimlənməsi istiqamətində daha ciddi addımların atılmasının vacibliyini vurğulayıb. Bəs bu hallar insanların psixoloji vəziyyətinə, xüsusilə yeniyetmə və gənclərin düşüncə tərzinə necə təsir göstərir?
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Avtosfer.az-a açıqlamasında bildirib ki, bugün Azərbaycan sosial şəbəkələr məkanı biabırçı bir vəziyyətə çatıb:

"İş o yerə çatıb ki, kişi həyat yoldaşının bədənini nümayiş etdirir və pul qazanır. Bu isə dəhşətdir. Bu tendensiyanın qarşısı alınmalıdır. Bu ayıbdır, bizə yaraşmır. Bizim dəyərlərimiz və mədəniyyətimiz var. O dəyərlər olmasa, biz cəmiyyət ola bilmərik. Nəzarət mütləqdir, hüquqi və inzibati nəzarət olmalıdır. Sosial şəbəkələri özbaşına buraxmaq olmaz. Əgər bu hallar davam edərsə sosial şəbəkələr bütün dəyərlərimizi alt-üst eləyəcək. Sosial şəbəkədə anormal hərəkət edən insanların cəmiyyətin psixologiyasının pozulmasına birbaşa təsiri var. Çünki hamı görür, insan nə görürsə, onu da götürür. Gənclər, yeniyetmələr bu səhnələri görürlər və bu hadisələr onlarda pis tendensiya yaradır. Bu hüquqi mexanizm necə tənzimlənməlidir? Bu artıq dövlətin işidir. Amma dərhal müdaxilə olunmalı və bu biyabırçılığın qarşısı alınmalıdır".
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasovun fikrincə isə, sosial şəbəkələrdə təhqirlərin, saxta hesabların və manipulyativ məzmunların qarşısını almaq üçün Azərbaycan dilinin xüsusiyyətlərini tanıyan süni intellekt əsaslı avtomatik moderasiya alqoritmləri və eyni mənbədən idarə olunan saxta hesab şəbəkələrini aşkar edən rəqəmsal izləmə sistemləri tətbiq oluna bilər:

"Qlobal sosial şəbəkələrin kiçik bazarlarda rəsmi nümayəndəlik açmağa maraq göstərmədiyi nəzərə alınaraq, onlarla birbaşa əlaqə yaratmaq üçün xüsusi və sürətli kommunikasiya kanalları qurula bilər. Geniş auditoriyaya malik hesabların rəsmi sənədlər əsasında verifikasiyasının genişləndirilməsi anonimlikdən istifadə edərək qanun pozuntularına yol verilməsi hallarını minimuma endirə bilər. Bu prosesdə söz və ifadə azadlığını qorumaq üçün "qanunsuz kontent" ilə "tənqidi fikir" arasında dəqiq hüquqi sərhəd müəyyən edilməlidir. Nəzarət mexanizmləri ictimai tənqidə deyil, yalnız məhkəmə və qanunvericiliklə konkret müəyyən edilmiş hüquq pozuntularına yönəlməli, alqoritmik xətaların qarşısını almaq üçün isə istifadəçilərə şəffaf şikayət və apellyasiya hüququ təmin olunmalıdır".
Psixoloq Aygül Məlikova qeyd edib ki, son zamanlarda sosial mediada insanların bir-birinə qarşı istifadə etdikləri ifadələr xoşagələn deyil və çox rahat bir şəkildə insanları təhqir edib, istədikləri kimi onların haqqında danışmaq icazəsini özlərində tapırlar:

"İnsanlar bəzən özlərinin edə bilmədikləri və ya reallaşdıra bilmədikləri istəkləri başqalarında gördükdə mənfi reaksiyalar verirlər. Şüuraltında gizli qalan bu istəklər, özlərində çatışmayan xüsusiyyətləri başqalarının tamamladığını gördükdə üzə çıxır. Nəticədə, başqasının uğuru və ya həyatında yaşadığı hər hansı problem bəzi insanlarda qısqanclıq və narazılıq yaradır. Onlar isə bu hissləri sərt və təhqiramiz ifadələrlə ifadə edirlər. İnsanlar öz həyatlarında reallaşdıra bilmədikləri istəkləri başqalarının həyata keçirdiyini gördükdə ciddi narahatlıq keçirirlər. Bu narahatlığı və daxili aqressiyanı həmin şəxslərə yönəldir, hətta bəzən bu davranışlarının doğru olduğunu düşünürlər. Təəssüflər olsun ki, cəmiyyətimizdə belə insanların sayı heç də az deyil və artıq gündən-günə sayı artır. Baxmayaraq ki, bununla bağlı qərarlar, müəyyən cərimələr, məhkəmə prosedurları da var, amma bəzi insanlar başlarını ağrıtmaq istəmirlər və yaxud həmin prosesi tətbiq etmək onlara yorucu gəlir. Bu cür insanların sosial mediada təhqiramiz paylaşımlarının qarşısı alınmalı və ya həmin hesablar bloklanmalıdır. Hər kəsin düşüncə tərzini dəyişməyin mümkün olmadığını anlamalıyıq. Bu davranışlar bizim şəxsiyyətimizlə deyil, qarşı tərəfin şəxsi yanaşması və prinsipləri ilə bağlıdır."
Züleyxa Allahverdiyeva
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD












