Restoran və kafelərdə qiymət artımının əsas səbəbləri nədir? – EKSPERT ŞƏRHİ

Gündəm 14 May 2026 13:48
Restoran və kafelərdə qiymət artımının əsas səbəbləri nədir? – EKSPERT ŞƏRHİ
WhatsApp kanalımıza abunə olun

Restoran və kafelərdə müşahidə olunan qiymət artımı həm sahibkarları, həm də vətəndaşları narahat edən məsələlərdən birinə çevrilib. Xüsusilə paytaxtda fəaliyyət göstərən bir çox iaşə obyektində menyu qiymətlərinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə bahalaşdığı müşahidə olunur. 
Avtosfer.az xəbər verir ki, bu artım gündəlik qidalanma xərclərinə təsir etməklə yanaşı, insanların restoran və kafelərə üz tutma tezliyini də azaldır.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Restoranlarda və ümumilikdə iaşə xidmətləri sektorunda müşahidə olunan qiymət artımı iqtisadi proseslərlə birbaşa bağlıdır və bu sahədəki dəyişikliklər inflyasiyanın hesablanmasında nəzərə alınan mühüm göstəricilərdən biri hesab olunur:


“Statistik qurumlar inflyasiyanı müəyyən edərkən əhalinin gündəlik istehlak etdiyi mal və xidmətlərin qiymətlərini izləyirlər. Bu səbəbdən restoran, kafe və digər ictimai iaşə obyektlərindəki qiymət dəyişiklikləri də istehlak səbətinə daxil edilir və ümumi inflyasiya göstəricisinə müəyyən təsir göstərir. Bununla belə, restoran qiymətlərindəki artımı inflyasiyanın əsas göstəricisi kimi təqdim etmək düzgün yanaşma sayılmır. Çünki inflyasiya daha geniş anlayışdır və ərzaq məhsulları, nəqliyyat, kommunal xidmətlər, geyim, səhiyyə, təhsil və digər sahələrdəki qiymət dəyişikliklərini özündə birləşdirir. İaşə xidmətləri isə bu ümumi strukturun yalnız bir hissəsini təşkil edir. Lakin insanların gündəlik xərclərində restoran və kafelərin payı artdıqca, bu sektordakı bahalaşma da daha çox diqqət cəlb edir”. 
Xalid Kərimli əlavə olaraq qeyd edib ki, qiymət artımının səbəbləri isə çoxşaxəlidir:


“Əsas amillərdən biri ərzaq məhsullarının bahalaşmasıdır. Restoran və kafelər istifadə etdikləri məhsulların böyük hissəsini bazardan və ya idxal vasitəsilə əldə etdikləri üçün qida məhsullarında baş verən hər bir qiymət dəyişikliyi birbaşa menyu qiymətlərinə təsir göstərir. Son illərdə ət, süd məhsulları, yağ, tərəvəz, içkilər və digər ərzaq növlərində davamlı bahalaşma müşahidə olunur. Hər il ərzaq məhsullarında orta hesabla 7-8 faiz qiymət artımı qeydə alınır ki, bu da iaşə sektorunun xərclərini əhəmiyyətli dərəcədə yüksəldir. Digər mühüm səbəb əməkhaqlarının artmasıdır. Restoran biznesi xidmət sahəsi olduğuna görə burada insan əməyinin rolu çox böyükdür. Aşpazlar, ofisiantlar, kuryerlər, təmizlik işçiləri və digər əməkdaşların maaşlarının yüksəlməsi sahibkarların ümumi xərclərinə təsir edir”.
İqdisadçının fikrincə, xüsusilə son illərdə minimum əməkhaqqının artırılması və işçi qüvvəsinə tələbin yüksəlməsi nəticəsində əmək bazarında maaş xərcləri daha da artıb:

 


“Sahibkarlar isə bu əlavə xərcləri kompensasiya etmək üçün qiymətləri artırmağa məcbur olduqlarını bildirirlər. Enerji xərclərinin yüksəlməsi də qiymət artımına təsir edən əsas amillər sırasındadır. Restoran və kafelər elektrik enerjisi, qaz və su kimi resurslardan intensiv istifadə edən obyektlərdir. Mətbəx avadanlıqları, soyuducular, havalandırma sistemləri və isitmə-soyutma qurğuları yüksək enerji sərf edir. Enerji tariflərində baş verən artım obyektlərin aylıq xərclərini yüksəldir və nəticədə bu da xidmət qiymətlərində öz əksini tapır. Bundan əlavə, icarə haqlarının artması, logistika və nəqliyyat xərclərinin yüksəlməsi, idxaldan asılılıq və valyuta məzənnəsindəki dəyişikliklər də restoran sektorunda qiymətlərin formalaşmasına təsir göstərən mühüm faktorlar hesab olunur. Xüsusilə paytaxtın mərkəzi hissəsində yerləşən obyektlər yüksək icarə xərcləri ilə üzləşirlər ki, bu da menyu qiymətlərinə birbaşa təsir edir. Bazarda qiymət sabitliyinin qorunması üçün yerli istehsalın genişləndirilməsi, logistika xərclərinin azaldılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması vacibdir. Əks halda, iaşə sektorunda qiymət artımının davam etməsi həm sahibkarlar, həm də istehlakçılar üçün əlavə iqtisadi yük yarada bilər.

Fatimə Dadaşova

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh