Rusiya Ermənistan və Əfqanıstanda hansı məqsədləri güdür? – POLİTOLOQ

Gündəm 12 İyun 2026 11:30
Rusiya Ermənistan və Əfqanıstanda hansı məqsədləri güdür? – POLİTOLOQ
WhatsApp kanalımıza abunə olun

Rusiya Ukraynaya qarşı apardığı müharibə fonunda diqqətini yalnız Şərqi Avropa ilə məhdudlaşdırmır, eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiyada da təsir imkanlarını qorumağa və genişləndirməyə çalışır.

Avtosfer.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Kreml Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə də təsir göstərməyə çalışır. O qeyd edib ki, Rusiyanın son dövrlərdə Ermənistan hakimiyyətinə təzyiqləri artıb.

“Rusiya əlindən gələni edir ki, Ermənistanda keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın partiyası məğlub olsun. Son bir ay ərzində Ermənistan hökumətinə təzyiqlər artıb, kənd təsərrüfatı məhsullarının Rusiyaya girişinə məhdudiyyətlər tətbiq edilib, həmçinin İrəvan qazın qiymətinin artırılması ilə bağlı xəbərdarlıqlarla üzləşib. Buna baxmayaraq, Ermənistanda aparılan sorğular Paşinyanın qələbə qazanacağını göstərir”, – deyə politoloq bildirib.

Rusiyanın Əfqanıstan istiqamətində fəallaşmasına da yönəldib. Onun sözlərinə görə, Moskva Əfqanıstanda hakimiyyətdə olan Taliban ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb.

Sənəd Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub tərəfindən imzalanıb. Məhəmməd Yaqub Talibanın qurucusu Molla Ömərin oğludur.

Son illərə qədər Taliban Rusiyada terror təşkilatı kimi tanınsa da, Moskvanın yanaşması dəyişib. O xatırladıb ki, Rusiyanın Ali Məhkəməsi 2025-ci ildə Talibanın ölkə ərazisində terror təşkilatı kimi qadağan olunması barədə qərarın icrasını dayandırıb.

Elxan Şahinoğlu hesab edir ki, Talibanın Moskva ilə əməkdaşlıqda maraqlı olmasının bir neçə səbəbi var:

“Əldə olunan razılaşmaya əsasən, Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək. Bundan əlavə, Taliban xarici investisiyalara və birgə iqtisadi layihələrə ehtiyac duyur. Pakistan və İrandan milyonlarla əfqanın geri qaytarılması ölkənin sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirib. Digər tərəfdən, Talibanla Pakistan arasında münasibətlər gərgindir və sərhəddə vaxtaşırı silahlı toqquşmalar baş verir. Belə şəraitdə Talibanın yeni tərəfdaşlara ehtiyacı artır”.

Rusiya formal olaraq Əfqanıstan-Pakistan münasibətlərində tərəf tutmasa da, Talibanla hərbi əməkdaşlığın genişlənməsi İslamabadın narahatlığına səbəb olub.

Kremlin Talibanla əməkdaşlığı genişləndirməkdə əsas məqsədlərindən biri Qərb ölkələrinin Əfqanıstandakı mövqelərinin güclənməsinin qarşısını almaqdır. O qeyd edib ki, Moskva eyni zamanda Çinin bölgədə artan təsirini də diqqətlə izləyir.

“Çin Rusiyanın tərəfdaşı sayılsa da, Kreml Pekinin Əfqanıstanda mövqelərinin güclənməsindən narahatdır. Çin Əfqanıstanın zəngin təbii ehtiyatlarından faydalanmağa çalışır. Çin və Rusiya Mərkəzi Asiyada müəyyən məsələlərdə rəqibdirlər. Buna görə də Kreml Əfqanıstan istiqamətində də təşəbbüsü əldən vermək istəmir”, – deyə politoloq vurğulayıb.

Elxan Şahinoğlu əlavə edib ki, Sergey Şoyqu Qərb ölkələrini Əfqanıstanın dondurulmuş aktivlərinin açılmasına və ölkənin bərpasına maliyyə dəstəyi göstərməyə çağırıb. Bununla belə, politoloqun qənaətinə görə, Qərb dövlətlərinin bu çağırışa müsbət reaksiya verməsi hazırkı geosiyasi şəraitdə çətin görünür.

Eltac Zülfüqaroğlu

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh