Surət Hüseynov İstanbulda vəfat etdi - YENİLƏNİB

Keçmiş baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Bu barədə APA-ya yaxınları bildirib.
Əldə olunan məlumata görə, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.
***
14:18
“Hələ dəqiq bilinmir, nə baş verib”.
Bu sözləri “Qaynarinfo”ya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.
Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir:
“Onun reanimasiyada olduğu bildirilir. Hələ ki oraya gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər, komaya düşüb”.
Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.
“Vallah, bilinmir, qəfil olub, deyəsən. Bir oraya gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, - Surət Hüseynovun kürəkəni söyləyib.
14:21
Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilir ki, Surət Hüseynov Moldovadan İstanbula gedən təyyarədə dünyasını dəyişib. O, təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. O, Azərbaycan Respublikasının baş naziri (1993-1994), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989-1991), baş nazirin müavini (1993), Azərbaycan Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri, polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994) olub.
Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.
Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
Unikal













