Taksi islahatının ilk nəticəsi: Qiymət və gözləmə müddəti artıb, sərnişinlər azalıb
Taksi xidmətləri sahəsində həyata keçirilən islahatların ilkin nəticələri məlum olub.
Avtosfer.az xatırladır ki, ötən ildən başlayaraq taksi xidmətləri sahəsində bir sıra mühüm tənzimləmələr həyata keçirilib. Bura avtomobillər və sürücülərə qarşı tələblər, sərnşin və sifariş datasının toplanması, vergiyə cəlb edilmə, taksi lisenziyalarının alınması və sair məsələlər aiddir.
İslahatlar özəl taksi xidməti göstərən fiziki şəxslərdən tutmuş transmilli şirkətlər və aqreqatorlara qədər bütün bazar iştirakçılarını əhatə edib.
Bu dövrdə aparılan islahatların məğzini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev açıqlayıb.
Onun sözlərinə görə, avtomobilə yaş (yəni istehsal ili) məhdudiyyəti və minimum qiymət artımı tətbiq olunub. Taksi qanunvericiliyi qəbul olunub:
«Buna əsasən, mövcud taksilərə 15 il yaş qadağası, yeni taksilərin yaşı 8 il olmalıdır. Tələb olunan qurğular video kamera, POS terminal, avtomobilə rəng tələbləridir. Qanunvericiliyin mərhələli şəkildə tətbiqinə 2024-cü ilin aprelində başlanılıb. 2024-cü ilin sentyabrından 16 yaşlı taksilərin fəaliyyəti məhdudlaşdırılıb».
Doğrudan da artıq oktyabrın əvvəlindən Bakı şəhərində taksi fəaliyyəti ilə məğul olanlar üçün yeni qadağa qüvvəyə minib. Oktyabrın 9-dan etibarən 2009-2010-cu illərə qədər istehsalı olan avtomoillərin Bakı şəhərində taksi kimi istifadəsinə qadağa qoyulub.
AYNA-dan FED.az-a bildirilib ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz. Qadağanın bugündən tətbiq edilməsinə gəlincə, AYNA-dan bildirilib ki, belə avtomobillərin sahibləri iyulun 1-dək müraciət edə bilərdilər. Həmin tarixə qədər müraciət etməyənlər artıq həmin avtomobillərdən istifadə edə bilməyəcəklər.
Taksi islahatlarının ilkin nəticələri də açıqlanıb və bu nəticələr taksi şirkətləri üçün sərfəli təsir bağışlasa da, sərnişinlər üçün ürəkaçan deyil.
Belə ki, aparılan islahatlardan sonra taksidən istifadə edənlərin sayı kəkin azalıb - 5,25 milyon sərnişin azalması qeydə alınıb. Taksidən imtina edənlərin 50%-i avtobuslara, 20%-i isə metrodan istifadə etməyə keçib. Taksidən istifadə etmək bahalaşıb - orta qiymət 2,2 manat artıb.
Tətbiq edilən sərt qaydalar səbəbindən köhnə avtomobillər taksilərdən yığışdırılıb, taksi avtomobilləri parkı yenilənib. Parkın orta yaşı ötən il 14,6 il olduğu halda, 9 ilə enib. Bu dəyişiklik səbəbindən taksi avtomobillərinin sayı da kəskin azalıb, amma agentlik taksi avtomobillərinin sayının nə qədər azaldığını açıqlamayıb.
İstənilən halda, avtomobillərin azalması nəticəsində taksinin sərnişinə çatma vaxtı 1,2 dəqiqə artıb.
Digər maraqlı nəticə – taksi ilə yaxın məsafələrə səfərlər azalıb. Taksi ilə orta səfər məsafəsi 34% artıb.