Banner

Tanınmış avtoekspert "BOLT"-un bu fəaliyyətini tənqid etdi - FOTO

Gündəm 12 Aprel 2023 13:20 Oxunub 1034
Tanınmış avtoekspert "BOLT"-un bu fəaliyyətini tənqid etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün xəbərlərdə baxıram ki, Bolt sürücüləri toplanıb, onun ofisinin qarşısında tətil elan edirlər ki, "pul qazana bilmirik." Problemlərdən biri də şirkətlə sürücü arasında münasibətlərin düzgün qurulmamasıdır. Ona görə də sürücülər kartla ödəniş olanda imtina edir, nağd pul istəyir.

Neçə illərdir Uber və Bolt taksi xidmətlərindən istifadə edirəm. Rəqabət nəticəsində qiymətlər müştəri üçün o qədər sərfəli olub ki, taksi istifadəsi şəxsi maşınından çox-çox sərfəlidir. Nə təmir edirsən, nə Parkovka pulu ödəyirsən və yer axtarırsan, nə də sığorta (icbari və kasko), hələ DYP cərimələrini demirəm. Kampaniyalarda və ara vaxtlarda qiymət lap sərfəli olur, pik saatalrında qalxsa da. Qiymətlərin aşağı olması şəxsi avtomobildən istifadəni, ictimai nəqliyyatın yükünü azaldır, çoxlu iş yerlərinin açılmasına səbəb olur. Sürücülər şikayət etsələr də işləri var, pul qazanırlar. Şikayət edənlər olsa da, razı olanlar da az deyil.

Əlbəttə ki, taksi tətbiqləri də bu istifadəni rahat edir. Bilirsən kim gəlir, haradadır, nə vaxt çatacaq və s. Ödəniş də kartla çox rahatdır. Çünki, cibdə xırda əskinazlar saxlamağa ehtiyac qalmır, çünki hər zaman sürücüdə qalıq olmur. Tez düşüb gedirsən, gözləmirsən ki, qalıq verəcək. Çayevoyuda tətbiqdə əlavə etmək olur. Həm də son illərdə ödəniş şəffaflığını artırmaq üçün Vergilər Nazirliyi nağdsız ödənişləri təbliğ edir. Hətta ƏDV geri alda nağdsıza 17.5%, nağda isə cəmi 5% qaytarırlar.

UBER-dən istifadə edəndə tətbiqdə göstərilən məbləğ çıxılır. BOLT-dan istifadədə isə göstərilən məbləğ ilə yanaşı bank 18% ƏDV də götürür. Niyə belə olur? Bu BOLT-un kartdan ödənişin xarici bank tərəfindən edildiyinə görə, qanunvericiliklə xidmətlərə görə ödənişə ƏDV tətbiq edilir. Yəni BOLT-un hesabı xaricdədir. Deməli, həm müştəri 18% itirir, BOLT isə göstərdiyi xidmətlərə görə Azərbaycanda vergi ödəmir, yəqin ki. Bundan müştərilərin xəbəri olduğu üçün xərci azaltmaq üçün nağd ödənişlər edirlər. Bu da nağdsız ödənişlərin sayını azaldır.

Taksidə gedəndə sürücülərlə söhbət edirəm. Kart olanda BOLT sürücülərinin imtina etmələrinin səbəbini soruşuram. Müştəriyə zəng edib, nağd istəmələrinin səbəbi isə onların çoxunun vergi qeydiyyatı olmamasıdır, ona görə öz kart hesablarına pul qəbul edə bilmirlər. Mən də BOLT Driver app yükləyib baxdım kİ, qeydiyyatda VÖEN istəmirlər. Deməli buna görə də göstərilən və alınan pulda 18% fərq yaranır. Niyə müştəri bunu ödəməlidir?

Əgər bir şirkət Azərbaycanda böyük iş qurursa, burada vergi verməlidir. Maraqlıdır ki, illərlə buna fikir verən yoxdur. Halbuki, Gürcüstanda taksilərdə tətbiqdə nağd və nağdsız ödənişlərdə eyni qiymətdir. Yəni bizim hörmətimiz onlardan azdır?! Elə o 18% sürücüyə çayevoy vərərdik də!

Hesab edirəm ki, BOLT yerli hüquqi şəxs yaradıb, bu 18% məsələsini ortadan qaldırmaldır.

 

Ramin Musayev

Avtoekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh