Utilizasiya haqqında dəyişikliklərin məzmunu və başlıca məqamlar - Ərşad Hüseynov YAZIR

Utilizasiya ilə bağlı əsas məqamlarla tanış ola bilərsiniz. Bir az geniş oldu, çünki dəyişiklik özü genişdir. Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı “İstehsalat və məişət tullantıları haqqında” və “Yol hərəkəti haqqında” qanunlara, habelə İXM-ə və Gömrük Məcəlləsinə edilən dəyişikliklər rəsmi təsdiq olundu. Həmin dəyişikliklərin bir qismi (əsasən utilizasiya fondunun yaradılması və utilizasiya haqlarının yığılmasına dair normalar) 1 fevral 2024-cü, digər qismi (utilizasiya prosesinin özü) isə 1 sentyabr 2024-cü ildən qüvvəyə minəcək.
Dəyişikliklərin məzmunu genişdir, lakin başlıca məqamlar bunlardır:
1. Utilizasiya tam könüllü olacaq, heç bir məcburiyyət nəzərdə tutulmur. Ona görə də utilizasiya ilə bağlı avtomobil sahibləri barəsində hər hansı cərimə nəzərdə tutulmur. Utilizasiya ilə bağlı İXM-ə əlavə edilən cərimələr yalnız utilizasiyanı həyata keçirən subyektlərə, bir də yerli istehsal avtomobilləri satan avtosalonlara aiddir.
2. Utilizasiya fondu yaradılır. Həmin fonda daxil olacaq vəsaitlərdən biri də avtomobil sahiblərindən alınan utilizasiya haqqı olacaq. Utilizasiya haqqı istehsal (qanunların layihələrini yazanlar yeni və əcaib bir termin kəşf ediblər: istehsal-buraxılış) ili 4 il və daha artıq olan nəqliyyat vasitələrinə görə ödəniləcək.
3. Utilizasiya haqqının məbləğini və ödənilmə dövriliyini Nazirlər Kabineti müəyyən edəcək (hələ müəyyən edilməyib). Yaşı 4-dən artıq olan nəqliyyat vasitələri ölkəyə gətiriləndə utilizasiya haqqını rəsmiləşdirmə zamanı gömrük orqanı toplayacaq. Ölkədə olan və yaşı 4-dən artıq nəqliyyat vasitələri üçün utilizasiya haqqı isə dövri texniki baxış zamanı toplanacaq.
4. Öz nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə təsdiqedici sənəd (mahiyyətçə vauçer kimi bir sənəd) veriləcək. Həmin sənəddə yerli istehsal olan yeni avtomobil almaq üçün güzəşt məbləği müəyyən ediləcək. Güzəştin məbləğini Nazirlər Kabineti təsdiq etməlidir (hələ təsdiqlənməyib). Kimsə yerli avtomobil almaq istəməsə, ona bu güzəşt əvəzində daha az həcmdə birdəfəlik ödəniş (yəni müəyyən məbləğdə pul) veriləcək. Birdəfəlik ödənişin məbləğini Nazirlər Kabineti təsdiq etməlidir (hələ təsdiqlənməyib).
5. Təsdiqedici sənəd 3 il qüvvədə olacaq (həmin müddət bitənədk istifadə edilməlidir). Bu sənədi başqasına satmaq olacaq. Bir adam bir neçə təsdiqedici sənəd əldə edib onlarda nəzərdə tutulmuş güzəşt məbləğlərini cəmləməklə istifadə edə biləcək.
6. Utilizasiya operatoru “Təmiz şəhər” ASC olacaq. Lakin operator utilizasiya ilə məşğul olmayacaq. Bu işlə bilavasitə utilizatorlar, yəni bunun üçün texniki və başqa imkanı olan hüquqi və fiziki şəxslər məşğul olacaq.
7. Utilizasiyaya verilməli olan avtomobillər üçün heç bir meyar, yəni marka, istehsal ili və s. nəzərdə tutulmur. Belə anlaşılır ki, istənilən şəxs yararsız saydığı avtomobilini utilizasiyaya verə biləcək. Dünyada qəbul edilən yararsızlıq meyarı isə avtomobilin texniki baxışdan keçə bilməməsidir. Lakin heç bir məcburilik nəzərdə tutulmur. Görək bizdə bu necə işləyəcək.
Digər təfərrüatları qanunları diqqətlə oxumaqla öyrənə bilərsiniz.
Yekunda təkrar qeyd edirəm ki, hər şey qaydasında getsə, utilizasiya gələn ilin sentyabrından başlaya bilər.
Ərşad Hüseynov
hüquqşünas













