Reklam

Azərbaycanda cinayətlərdən 87,8 faizinin üstü açılıb - Avropada vəziyyət necədir? - VİDEO

Hadisə 4 Sentyabr 2024 22:57 Oxunub 386
Azərbaycanda cinayətlərdən 87,8 faizinin üstü açılıb - Avropada vəziyyət necədir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa ölkələrində həyat səviyyəsi nə qədər yüksək olsa da, insanları addımbaşı narahat edən hallar da kifayət qədərdir. Bunların başında isə həmin ölkələrdə durmadan artan, yerli sakinləri və əcnəbiləri gərginlikdə saxlayan xırda talama halları və soyğunçuluq cinayətləri durur. İnsanların rahatlığını pozan və həyat keyfiyyətinə birbaşa təsir edən bu cinayətlərin üstünün açılma faizinin aşağı olması, dövlət qurumlarının ciddi reaksiya verməməsi isə vəziyyəti daha da ağırlaşdırır.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İngiltərə və Uelsdə son illərdə telefon talanması (soyğunçuluq və oğurluq) cinayətlərinin sayı kəskin artıb. Belə ki, hökumətin 2022-ci ilin yekunlarına dair hesabat göstəricilərinə görə, Londonda hər 6 dəqiqədən bir telefon oğurluğu halı qeydə alınıb. İl ərzində Londonda telefon oğurluğu ilə bağlı 91 000 belə müraciət qeydə alınıb. Bu da hər gün 248 qarətin olması deməkdir. Bu telefonların isə cəmi 2 faizini sahiblərinə qaytarmaq mümkün olub.

2023-cü ildə isə cinayət əməli kimi qeydə alınmış 78 min hadisənin yalnız 0,8 faizlik hissəsində təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülüb. Bu isə 99 faizə yaxın hallarda cinayət törətmiş şəxslərin məsuliyyətdən kənar qalması deməkdir. Eyni zamanda, London polisi şübhəli şəxsi tapmadığından araşdırmaların təqribən 82 faizi daha sonradan bağlanıb.

BBC-nin araşdırmasında qeyd edilib ki, qarət halları ilə mübarizə tədbirləri ölkə üzrə ciddi zorakılıq riskləri yüksək olan ərazilərdə mütəmadi olaraq patrul xidmətinin həyata keçirilməsi proqramına daxil ediləcək. Bununla yanaşı, Britaniyada telefon şirkətlərinin nümayəndələri telefon oğurluğu ilə mübarizə tədbirlərini müzakirə etmək üçün ölkənin Daxili İşlər Nazirliyinə çağırılacaq.

Böyük Britaniyanın polis və cinayətlər üzrə naziri Diana Conson bildirib ki, istehsalçılar oğurlanan istənilən telefonun birdəfəlik söndürülməsini təmin etməlidirlər. Bununla da oğurlanan telefonun sonradan satılmasının qarşısını almaq mümkündür. Eyni zamanda, polis rəislərinə telefonların kimlər tərəfindən oğurlandığı və bu telefonların daha sonradan taleyinin necə olduğu barədə daha çox məlumat toplamaq göstərişi veriləcək. Bildirilir ki, həm Böyük Britaniyada, həm də digər xarici ölkələrdə ikinci əl telefonlara tələbatın artması telefon oğurluğunun hallarının artmasına əsas səbəb olduğu ehtimal edilir.

Statistik məlumatlar, eləcə də bir çox beynəlxalq təşkilatların məlumatları göstərir ki, soyğunçuluq və oğurluq cinayətləri ilə bağlı vəziyyət Azərbaycanda nəinki Avropa ölkələrindən, demək olar, bütün dünya üzrə ən yaxşılardandır.

Törədilmiş cinayət əməllərinin dərhal açılmasının təmin edilməsi, polisin apardığı araşdırmaların nəticəsində əməli törətmiş şəxslərə ittihamın elan edilməsi bu kimi hadisələrin sayını minimuma endirib. Bir sıra Avropa ölkələrinin indi düşündüyü və tətbiq etməyə çalışdığı texniki imkanlar sayəsində, eləcə də polisin ayıq-sayıq xidməti və vətəndaşların rahatlığına hədəflənmiş iş prinsipi mülkiyyət əleyhinə olan cinayətlərin hər il azalmasına gətirib çıxarıb.

Statistikaya nəzər saldıqda məlum olur ki, ölkədə 2023-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36 811 cinayət qeydə alınıb, onlardan 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. İl ərzində xuliqanlıq cinayətlərinin 96,3, mülkiyyət əleyhinə olanların 79,6, o cümlədən soyğunçuluqların 98,1, quldurluqların və hədə-qorxu ilə tələb etmələrin 97,5, avtonəqliyyat vasitəsini qaçırmaların isə 97,2 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri isə 3,6 faiz yaxşılaşaraq 84,5 faizə yüksəlib.

Göründüyü kimi, Londonda 1 faiz təşkil edən xırda talamaların açılması ölkəmizdə 84,5 faiz nisbətindədir. Bu da ölkəmizin, eləcə də paytaxt Bakının nə qədər təhlükəsiz şəhər olduğunu göstərir. Paytaxtımızda qonaq olan bütün turistlər də ilk olaraq buradakı təhlükəsizliyin təmin edilməsini xüsusi vurğulayırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh