Bir neçə yüksəkrütbəli zabit korrupsiyaya görə məhkəmə qarşısına çıxarılıb
Fransa ordusunun yüksəkrütbəli zabitləri xarici əməliyyatlar üçün bir neçə logistik müqavilənin verilməsində bir şirkətə üstünlük verdiklərinə görə korrupsiyada iştirak etməkdə və ona göz yummaqda şübhəli bilinirlər.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, 3 general, 6 yüksəkrütbəli zabit və hava yük daşımaları şirkətinin 2 rəhbər işçisi dövlət satınalmaları zamanı tərəfdarlıq şübhəsi ilə Paris Cinayət Məhkəməsinin hakimi qarşısına çıxarılıblar. Bu istintaq işində korrupsiya, qeyri-qanuni faiz götürmə, korporativ aktivlərdən sui-istifadə və ya hətta peşə sirrinin pozulması kimi məsələlərlə bütün hərbi hava nəqliyyatı sisteminin işini iflic etdiyi aşkarlanıb.
2000-ci illərdə Fransa ordusunun hələ Airbus A 400M kimi daşıma təyyarələri olmadığından Əfqanıstana yerləşmə kimi ən ağır əməliyyatlar üçün silahlı qüvvələr özəl nəqliyyat şirkətlərindən istifadə ediblər.
Qeyd edilir ki, belə daşımalar üçün Silahlı Qüvvələr Nazirliyinin tender çağırışlarını qazanan “International Chartering Systems (ICS) Ile-de-France” şirkəti yük və materialların daşınmasında Ukrayna və ya Rusiya şirkətlərinin təyyarələrindən istifadə olunmasında vasitəçi rolu oynayıb. Auditorlar Məhkəməsinin hesablamalarına əsasən, 2011-ci ildən 2015-ci ilədək İCS şirkəti Silahlı Qüvvələr Nazirliyi ilə birlikdə qoşunların və texnikanın daşınması üçün 175 milyon avro məbləğində müqavilə bağlayıb. Bütün korrupsiya şübhələri məhz bu şirkət və onun bu müqavilələri verən hərbçilərlə əlaqələri ətrafında yaranıb. “ICS şirkəti sistematik olaraq seçilib, hətta bəzən Fransa ordusunun yüzlərlə saatlıq nəqliyyat uçuşunu əvvəlcədən satın aldığı NATO-nun səlahiyyətində olan Salis şirkətindən yan keçərək əhəmiyyətli dərəcədə əlavə 16 milyon avro xərclərə səbəb olub”, - deyə Milli Maliyyə Prokurorluğu (PNF) bildirib.
Silahlı Qüvvələr Nazirliyi PNF-yə təqdim etdiyi rəydə həmin dövrdə onların müvafiq xidmətlərinə ağır olan təzyiqləri nəzərə almağı xahiş edib. Bildirib ki, həmin dövrdəki əməliyyatlar və çatdırılma dəstəyi mərkəzinin qərargah rəisi (CSOA) polkovnik Filip Rivsdən başqa digər əsgərlərin heç biri müşahidə edilən faktlardan, xüsusən də gözyumma faktlarından şəxsən faydalanmayıb. Bildirilir ki, xüsusən passiv korrupsiya və qeyri-qanuni faiz götürmə kimi ən ciddi ittihamlar polkovnik Rivsin üzərinə düşür. İki il ərzində tenderlərdə ICS-yə üstünlük verməyə çalışdıqdan və tez-tez uğur qazandıqdan sonra polkovnik Rives bu şirkət tərəfindən direktor müavini vəzifəsinə işə götürülüb.